Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 yaşlı oğlunu boğub öldürən təriqət üzvü qadın MƏHKƏMƏDƏ
5 yaşlı uşağını boğub öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Nataliya Qulubəyova şahid qismində ifadə verib. O, təqdirləndirilən qadının qayınanası olub.

Gəlini ilə münasibətlərindən danışan Nataliya Qulubəyova deyib ki, əvvəl münasibətləri normal olub: "Əvvəllər bir evdə yaşayırdıq. Amma sonradan onun hərəkətlərində fərqli düşüncələr yarandı. Ayrı yaşamağa başladım. Öz həyatı var idi, öz xarakteri var idi. Ailəmizə gələndə heç bir narazılıq yox idi. Böyük ailə idik. Dostlarımız var idi. Yaxşı yaşayırdıq".

N.Qulubəyova əlavə edib ki, mərhum nəvəsinə öz övladı kimi baxıb.

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib: "Əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə canımı verərəm".

Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.

Məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski qoyaraq onu boğaraq qətlə yetirib.

Son xəbərlər
Bütün xəbərlər »