Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan manatının 27 yaşı tamam olur

Azrbaycan manatının dövriyyəyə buraxılmasından 27 il ötür.

Aərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu

Manatın eskizlərinin müəllifi xalçaçı rəssam Eldar Mikayılzadə idi. Elə bu səbəbdən də manatın üzərindəki elementlər xalça fiqurlarını xatırladırdı.Rəssamın Bizimyol.info saytına verdiyi məlumata görə, o zaman eskizlərin çəkilməsi üçün çox az zaman ayrılıb. Rəssam hətta rəsmlərin bir hissəsini Bakıda çəksə də, qalanını Parisdə oteldə çəkməli olub.

“İlk addım idi. Bundan öncə hansısa nümunə yox idi ki, ona əsaslanaydım. Xalça mənə doğma olduğu üçün xalça elementlərinə kökləndim. Xalça bizim ana dilimizdir.Elə bunu əsas götürdüm”- deyə rəssam bildirib.

Azərbaycanda manatın tarixi

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olub. 1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edildi.

Dizaynların hazırlanmasında və ideyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülüb, Azərbaycanın bütün sahələrdə müstəqilliyi, inkişafı və Avropa ailəsinə inteqrasiyası təzahür edib.

Müasir dövrdə kompyuter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir

Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunub.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »