Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Öz rəhbərinə dəhşətli işgəncələr vermiş nankor sovet cəlladı…

Hətta ən sərt qanunların hökm sürdüyü “Butırka” türməsində saxlanılanlar “lazımi” ifadələri vermədikdə onları Boris Rodosla qorxudublar.

Boris Rodosun adı çəkiləndə göz önünə insan ağlına sığışmayan işgəncələr gəlib. Öz işinin “peşəkarı” olan polkovnik “NKVD”-də ən qansız cəlladlardan biri sayılıb.

Boris Rodos 1905-ci ildə Melitopolda (Ukrayna) anadan olub. İbtidai təhsil aldıqdan sonra meyvə-tərəvəz mağazasında fəhlə işləyib, daha sonra xırda alverlə məşğul olan Boris elə öz böyüdüyü şəhərdə siqaret ticarətinə girişib. SSRİ yarandıqdan sonra qanunsuz ticarətə qarşı mübarizə gücləndiriləndə Boris Rodos Melitopol şəhər istehlak birliyində nəzarətçi vəzifəsinə işə düzəlib.

İşgüzarlığı və çevikliyi ilə fərqlənən Rodos ictimai işlərdə, xüsusilə komsomol və həmkarlar ittifaqı sahəsində də fərqlənib. O, ictimai əsaslarla işlədiyi birliyin komsomol təşkilatının katibi seçilib.

Məhz həmin dövrdə Boris Rodosun ictimai fəaliyyətində ciddi problem yaranıb. İş yoldaşını zorlamağa cəhd edərkən Boris Rodos ifşa olunub. Uzun-uzadı məhkəmə proseslərindən sonra Rodos ağır cəzadan özünü xilas edə bilib, altı aylıq şərti azadlıqdan məhrumetmə cəzası ilə törətdiyi cinayətdən yazasını qurtarıb.

Zorlama hadisəsindən bir il keçdikdən sonra Boris Rodos yenidən fəallaşıb, o, rəsmi olaraq “NKVD” orqanlarına əməkdaş kimi qəbul olunub. Sonralar o da məlum olub ki, Rodos hələ çox gənc yaşlarından bu qurumla gizli əməkdaşlıq edib.

1937-ci ildən Boris Rodos xidmətini Moskvada davam etdirib. O, əvvəlcə “Suxanovka” türməsində, sonra isə “NKVD”-nin istintaq idarəsində işləyib.

Boris Rodos Moskvadakı xidmətinə tarixə “yejovşina” dövrünü yazmış “NKVD” başçısı Nikolay Yejovla başlasa da, o, sonradan tabeliyində işlədiyi Lavrenti Beriyaya daha yaxın olub.

Ona ən ağır işlər tapşırılıb, Beriya şəxsi marağında olan istintaq işlərini məhz Boris Rodosa həvalə edib. Rodos öz iş prinsipi ilə həmkarlarından fərqlənib. Polkovnik o qədər qəddar və amansız olub ki, hətta 5 dəqiqədən sonra güllələnəcək şəxsə olmazın işgəncələr verib.

Boris Rodos işgəncə vermək üçün xüsusi alətlər hazırlatdırıb. Dırnaq çəkmək, ayaq və əl barmaqlarını əzmək, cinsi orqanlara elektrik enerjisi vermək və s. üçün o, məhz bu alətlərdən istifadə edib.

Onun işgəncələri ilə bağlı dəfələrlə İosif Stalinə məktublar göndərilib. Amma bu məktubların da heç bir nəticəsi olmayıb. Həmin şikayət məktublarının birini də “Suxanovka”da saxlanılan, Mərkəzi Komitənin komsomol orqanlarına nəzarət şöbəsinin rəhbəri olmuş Belosludtsev göndərib.

Bu günə kimi də arxivlərdə saxlanılan həmin məktubda bu sətirləri oxumaq olar: “Boris Rodosun qəddarlığını sözlə ifadə etmək mümkün deyil. İstintaq zamanı mən yalnız sürünürdüm. O dərəcədə işgəncələr verilirdi ki, ayaq üstə dayana bilmirdim. O, xüsusi stul hazırlatmışdı. Oturacaq hissənin tən ortasına şaquli vəziyyətdə hamar olmayan armatur bərkidilmişdi. Rodos bir yumruqla məni həmin stulda əyləşdirirdi, armatur arxa dəlikdən mənə keçirdi. Huşumu itirirdim, bir vedrə buz kimi su ilə məni ayıldırdılar və bunu yenidən təkrar edirdilər. Tələb etdikləri, istədikləri ifadələri verdikdən sonra da bu cür işgəncələr davam edirdi...”

Bəli, bu cür xidmətlərinə görə Boris Rodos zaman-zaman ən yüksək dövlət təltiflərinə layiq görülüb, Beriya ilə münasibətləri daha da yaxınlaşıb.

Polkovnik dövrün bir çox tanınmışlarının istintaqını aparıb, yuxarıların etimadını layiqincə “doğruldub”. Siyasi Büronun üzvləri Kosior və Çubar, Ümumittifaq Komsomolunun birinci katibi Kosarev, siyasi xadimlərdən Postışev və Eyxe, onlarla siyasi məhbuslar Rodosun dözülməz işgəncələrinə məruz qalıblar.

Boris Rodos 1936-1938-ci illərdə “NKVD”-yə rəhbərlik edən Nikolay Yejovun da istintaqını aparıb. Polkovnik öz keçmiş “şef”inə fərqli işgəncələr verib. Və elə bu fərqli münasibətə görə də istintaq bitdikdən sonra o, növbəti “Qırmızı Ulduz” ordeninə layiq görülüb.

Boris Rodosun hegemonluğu uzun çəkməyib. Lavrenti Beriyanın həbsindən sonra 5 oktyabr 1953-cü ildə onu da həbs ediblər. 3 il davam edən istintaqdan sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Boris Rodos vətənə xəyanətdə, terrorda, qrup şəkildə antisovet təbliğatda ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

“Butırka” türməsində saxlanılan Boris Rodos əfv olunması üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət ünvanlayıb. Amma həmin müraciətə müsbət cavab ala bilməyib. 20 aprel 1956-cı ildə polkovnikin güllələnməsiylə Hərbi Kollegiyanın hökmü icra olunub.

Məhz həmin ərəfədə Nikita Xruşovun Boris Rodosun haqqında söylədikləri də onun ölüm hökmünün icrasını sürətləndirib: “Boris Rodos, bu əli qana batmış polkovnik öz toyuq düşüncəsi ilə neçə-neçə günahsız insanın həyatına son qoyub. Bu dəhşətdir, mənəvi cəhətdən yarımçıq olan bir insan bizim görkəmli partiya, mədəniyyət və ictimai xadimlərin taleyini həll edib...” (Musavat.com)

Paylaş »
››› Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Sərnişinin Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
Son xəbərlər
Bütün xəbərlər »