Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşaxtaranlara şad xəbər - Hökumət köhnə qərarını ləğv etdi

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində vakansiya bankından münasib iş təklifi seçilərək işaxtaranın şəxsi kabinetində yerləşdiriləcək

Nazirlər Kabineti (NK) iyulun 25-də "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni qaydanın təsdiq edilməsi ilə bağlı NK-nın "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında" 2002-ci il 22 yanvar tarixli qərarı ləğv edilib. Bu qayda işaxtaran və işsiz şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və "DOST" mərkəzlərində qeydiyyata alınması qaydasını müəyyən edir.

15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün "Elektron hökumət" və ya "e-sosial" portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Məşğulluq" altsistemində (MAS) Müraciət-Ərizə"ni dolduraraq təsdiq etməlidir. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

Yeni qaydanın tətbiqi ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq işsizlikdən sığorta tətbiq olunur: "O baxımdan iş yerini itirən vətəndaşların qeydiyyatdan keçməsi və həmin sığortadan istifadə etməsinə ehtiyac var. Bu, nəticədə vətəndaşın iş yerini itirdikdən sonra əmək haqqına münasib olaraq dövlət tərəfindən ödəniş almasına və iş tapanadək öz xərclərini bu ödənişlər hesabına təmin etməsinə gətirib çıxarda bilər".

Vüqar Bayramov

"Hər bir vətəndaşın iş yerini itirdikdən, işdən çıxdıqdan sonra qeydiyyatdan keçərək sığortadan istifadə etməsinə ehtiyac var. Çünki işlədiyi müddət dövründə vətəndaş əmək haqqından sığorta ödənişi edir. Cəmi 1 faiz olmaq şərtilə işçi 0,5 faiz, işəgötürən 0,5 faiz işsizlikdən sığorta ödənişi həyata keçirir. O baxımdan çox vacibdir ki, məhz bu imkanlardan istifadə olunsun", - deyə o bildirib.

Ekspert qeyd edib ki, digər tərəfdən, yeni qaydaya əsasən, vətəndaş iş yerini itirdikdən sonra qeydiyyata düşür: "Bu qeydiyyat sistemi imkan verir ki, işsiz şəxs sosial ödənişlərdən istifadə edə bilsin və bu ödənişlərini almaqla öz xərclərini ödəyə bilsin.

Bundan başqa, elektron baza işəgötürənlər üçün açıq olacaq və bu da işini itirmiş vətəndaşın daha qısa zamanda işlə təmin edilməsinə imkan verəcək. Yeni sistemin tətbiq edilməsi vətəndaşların kompensasiya alması, onların yeni iş axtarması və işlə təmin olunması baxımından çox vacibdir. Çünki bu, həm işaxtaran, həm də işəgötürən üçün elektron bir bazadır. Elektron baza işaxtaranın daha qısa zamanda işlə təmin olunmasına imkan yaradacaq".

Onun sözlərinə görə, digər vacib məqam odur ki, yeni sistem həm də işsizlərin sayı ilə bağlı real göstəricilərin əldə olunmasına imkan yarada bilər: "Çünki bu gün ən çox müzakirə edilən məsələlərdən biri elan edilən rəsmi işsizlərin sayı ilə real işsizlərin sayı arasında fərqin olmasıdır. Bunun səbəblərindən biri ondan ibarətdir ki, iş yerini itirən vətəndaşların böyük bir qismi qeydiyyatdan keçmir və onların iş yerini itirməsi ilə bağlı rəsmi məlumatlar bölüşdürülmür. Amma yeni sistem rəsmi işsizlik səviyyəsinin real olaraq müəyyən edilməsinə imkan yarada bilər. Bu, həm də statistik baxımdan vacibdir".

"Yeni qeydiyyat proseduraları vətəndaşın iş yerini itirdikdən sonra sosial təminatının qorunub saxlanılması, yəni xərclərinin kompensasiya hesabına ödənilməsi, qısa zamanda yeni iş yeri əldə etmək imkanı baxımından vacibdir", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, işsizlik müavinəti əmək haqqına uyğun olaraq müəyyən edilir: "Əmək haqqı məbləğinə uyğun olaraq vətəndaş iş yerini itirdikdən sonra işsizlik müavinəti almaq imkanına malik olur".

O, əlavə edib ki, vakansiyalar ilə bağlı bir sıra hallarda işaxtaranın məlumatı olmur: "Vakansiyalar bəzi hallarda fərqli saytlarda yerləşdirilir, bəzi hallarda isə saytlarda yerləşdirilmir. Amma xüsusi bir bazanın formalaşması və işaxtaranın orada qeydiyyatdan keçməsi işçini seçmək və işəgötürənin iş təklif etmək imkanının yaranmasına gətirib çıxardacaq".

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov KİV-ə açıqlamasında deyib ki, qeydiyyata alınan şəxsə 5 iş günü müddətində münasib iş təklifi seçilərək işaxtaranın şəxsi kabinetində yerləşdiriləcək. Bu da nəticədə işsiz və işaxtaran şəxslərin işlə təmin olunmasına şərait yaradacaq.

Qeyd edək ki, yeni qaydaya görə, MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir. İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldə edilən məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. İşaxtaran və işsiz şəxsin qeydiyyatı ləğv edildikdə, fərdi məşğulluq vərəqi MAS-da deaktiv edilir və təkrar qeydiyyat zamanı aktivləşdirilərək, müvafiq qeydlərin aparılması davam etdirilir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

Son xəbərlər
Bütün xəbərlər »