Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Türkiyə KİV-ləri az qala hər gün ölkənin bu və ya digər vilayətində polisin fahişəliklə məşğul olan qadınlara qarşı keçirdiyi əməliyyatlar barədə xəbərlər yayır. Və bu xəbərlərdə hər dəfə Azərbaycandan olan qadınların da adları keçir. Elə iki gün əvvəl polis əvvəlcə imkanlı qocalara ərə gedib Türkiyədən oturum alan, daha sonra boşanıb fahişəlik edən 14 azərbaycanlı qadının, onları “bazarlayan” 3 türkiyəlinin saxlanılması barədə xəbərlər yayılmışdı.

Ötən il ərzində Azərbaycanda 144 insan alveri cinayəti qeydə alınıb. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2018-ci il üçün açıqladığı hesabata görə, bununla bağlı 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, 51 nəfər barəsində axtarış elan olunub, təqsirləndirilənlərdən 34-ü tutulub.

Bunlar insan alveri qurbanları ilə bağlı bir il üçün olan rəsmi rəqəmlərdir. Heç kim inkar etmir ki, əslində statistika rəsmi rəqəmlərdən dəfələrlə böyükdür. Bəs azərbaycanlı qadınları insan alverinin qurbanına çevirən nədir? Kimlərin qurban olma ehtimalı daha yüksəkdir?

Əsas marşrutlar: Türkiyə və Birləşmiş Ərəb Əmirliyi

İnsan alverini silah alverindən sonra ən çox gəlirli sahə adlandırırlar. Qurbanlar arasında uşaqlar və kişilərə də rast gəlinsə də, əsas zərərçəkmişlər qadınlardır. Araşdırmalar nəticəsində məlum olur ki, Azərbaycanda bu sahədə əsas marşrutlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinədir. Amma bu klassik yoldur, bundan əlavə, insan alveri qurbanlarının Hindistan, İran, Suriya, İraq və digər ölkələrə də aparılması hallarına rast gəlinir. Bundan başqa, Azərbaycan Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçün həm də tranzit ölkə rolu oynayır.

Seksual istismara, qul kimi işlədilməyə məruz qalan azərbaycanlı qadınlar daha çox yay aylarında – Türkiyənin dəniz sahili turizm bölgələrində - Trabzon, Antalya, Bodrum və həmçinin, İstanbul və Ankaraya aparılaraq əxlaqsızlığa vadar edilir. Bunlar daha çox maddi vəziyyəti aşağı olan, evsiz, köməksiz qadınlar, bəzi hallarda isə internatda böyümüş gənc qızlardır. Onları daha çox yüksək məvacib təklif edən iş elanları ilə cəlb edirlər.

İnternetdə kiçik bir araşdırma aparsaq, heç bir ali təhsil və ya dil biliyi tələb olunmadan Türkiyədə yüksək məvacibli iş təklif edən xeyli sayda elana rast gələrik. Daha çox Antalya, Bodrum, İstanbul və digər şəhərlərdə iş təklif edən bu şirkətlərdə tələblər nə qədər zəif olsa da, məvacib kifayət qədər yüksəkdir – min manatdan , üç min manata qədər.

“Nəinki ali, orta təhsiliniz də yoxdursa olar...”

Belə şirkətlərdən birinə zəng edib şərtlərlə maraqlanırıq. Operator xanım cır səslə izah edir ki, bu qədər maaşı bizə demək olar ki, heç bir ali təhsil haqqında sənəd və ya dil biliyi olmadan verəcəklər: “Əlbəttə sizin ali təhsiliniz varsa, bu daha yaxşıdır, daha çox maaş alma imkanınız var. Çünki məvaciblər bundan asılı olaraq arta bilər. Amma yoxdursa da, problem deyil. Bizdə nəinki ali, orta məktəbi bitirmək də şərt deyil. Amma bilməlisiniz ki, təyyarə bileti və “oturum izni” üçün ödəniş sizlikdir”, -dəstəyi götürən Kəmalə adlı xanım bildirir.

Həmsöhbətimizi hürkütmədən son vaxtlar iş adı ilə fahişəliyə cəlb edən firmaların yayılmasından bir qədər narahat olduğumuzu bildiririk və bu şirkətin nə qədər etibarlı olub-olmadığını soruşuruq. Həmsöhbətimiz izah edir ki, onların şirkəti rəsmi şirkətdir və xaricə göndərəcəyi işçi ilə müqavilə bağlayır: “Bizim ofisimizə yaxınlaşın, sizə daha ətraflı məlumat verək. Bizə müraciət edənlər çoxdur və demək olar ki, hər gün Türkiyəyə işçi göndəririk. Bunu gəlsəniz öz gözlərinizlə görə bilərsiniz. Müqaviləyə görə isə cəmi 30 manat zəhmət haqqı alırıq. Bundan əlavə 1500 manat oturum izni üçün köçürməlisiniz. Biz sizi qalmağa yerlə təmin edirik. Heç narahatlığa əsas yoxdur”.

qadin alveri 2

“İndi Türkiyəyə ancaq qadınları göndəririk...”

Digər şirkətdən – “AHB İş Mərkəzi”ndən də eyni şərtləri eşidirik. Hər iki işə düzəltmə şirkətində bizə yalnız qadınları işə götürdüklərini deyirlər: “Kişilərlə bağlı vakansiyalarımız hazırda yoxdur. İndi Türkiyəyə ancaq qadınları göndəririk. Orada nə iş istəsəniz var – uşaq baxıcısı, oteldə xadimə, masajçı və sair, seçim sizin özünüzdən asılıdır”, - şirkətin əməkdaşı deyir.

Sosial şəbəkələrdə də xeyli sayda belə iş elanları yayan şirkətlərə rast gəlirik. Cəmi bir-iki işçisi olan belə şirkətləri elə sosial şəbəkə elanlarının altında yazılan şərhlər ifşa edir. Məsələn, “Facebook”da azərbaycanlı qadınlara Türkiyədə ər tapan səhifələrin birində hər paylaşıma yüzlərlə şərh yazılır. Tanışlıq üçün öz mobil nömrələrini yerləşdirən türk kişilərin çoxu ciddi niyyətdə olduğunu, evlənmək üçün də məhz azərbaycanlı qadın axtardığını yazsa da, bəziləri niyyətlərini açıq şəkildə yazaraq əylənmək üçün qız axtardıqlarını deyirlər. İnstagram sosial şəbəkəsində də xeyli belə səhifəyə rast gəlirik. Əksəriyyəti bir neçə il əvvəl açıldığından orada yerləşdirilən telefon nömrələrinə zəng çatmır.

“Borc verib özlərindən asılı hala salırlar…”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov virtualaz.org-a açıqlamasında bildirir ki, insan alveri qurbanları ən çox klassik yolla - xaricdə iş vədi verməklə, iş təklifi etməklə məşğul olan xüsusi qruplaşmalar tərəfindən aldadılırlar. Amma bu tək üsul deyil, digər üsullar da var.

“Müəyyən qruplaşmalar var ki, onlar sosial şəbəkələr vasitəsilə müəyyən məlumatlar paylaşmaqla potensial qurbanlar axtarırlar. Bu klassik üsuldur və bu üsulun zaman-zaman müxtəlif formaları ortaya çıxa bilər. Amma hamısısnın kökündə bu məsələ durur. Daha çox xanımlara xaricdə iş təklif olunur. Hədəf işsiz, natamam ailələrdən olan zümrələrdir. Sosial şəbələkər belə qruplar üçün daha əlverişlidir. Digər tərəfdən də, bu üsulun özündə də yeniliklər tətbiq olunur. Həmin qruplaşmalar yalançı, uydurulmuş tarixçələrdən istifadə edirlər: guya kimsə getdi, iş tapdı, indi həyatı da gözəldir. Hətta yalançı şəkillər də paylaşılır. Bunlar saxtadır və əsasən “fake” profillər vasitəsilə tirajlanır”.

qadin alveri 3

A.Allahverənov deyir ki, bəzi hallarda isə xaricdə yaşayan şəxslər müəyyən məsləhətlər almaq və ya işə düzəlmək üçün belə şirkətlərə yaxınlaşır və həmin qruplaşmanın üzvləri tərəfindən tora salınır: “Bəzən onlara borc verirlər və nəticədə özlərindən asılı hala salırlar. Bəzən sənədlərini alıb qaçaq yollarla, qeyri-qanuni üsullarla xaricə miqrasiyaya kömək edirlər. Bu halda da onlar həmin qruplaşmanın təsiri altına düşürlər. Bəzən də olur ki, şəxslərlə müqavilə bağlayan, möhürü olan şirkəti araşdıranda məlum olur ki, əslində heç müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməyib”.

Amma bu o demək deyil ki, bütün xaricdə iş elanlarının hamısı təhlükəlidir. A. Allahverənov deyir ki, bir çox hallarda həqiqətən xaricdə iş təklif edən şirkətlərə də rast gəlinir. Belə hallardan qaçmaq üçün isə bütün sadalanan məsələlərin hamısını hüquq müstəvisində həll etməyə çalışmaq lazımdır. Çünki qeyri-qanuni yollarla miqrasiya etməyə çalışanlar əsas potensial qurbanlardır.

Paylaş »
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”
››› Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi
››› Prokurorluqdan Almaniyadan Azərbaycana deportasiya edilən şəxslərlə bağlı açıqlama
››› Korrupsiyaya qarşı mübarizə aparan məmuru rüşvət üstündə tutdular
Son xəbərlər
Bütün xəbərlər »