Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
71 yaşlı Rasim Balayev: "Gənclik gedib, ömür gedib"

Bu gün Azərbaycanın görkəmli aktyoru, Xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1998), "Şərəf" ordeni laureatı (2018), Prezident təqaüdçüsü Rasim Balayevin 71 yaşı tamam olur.“Nəsimi”, "Babək" , "Dədə Qorqud" , “Arxadan zərbə” kimi klassik filmlərdə oynadığı möhtəşəm obrazlarla xalq sevgisi qazanan böyük aktyor bu gün ömür yolunun zirvəsindən geriyə baxınca nələr düşünür? Rasim Balayevin Bizimyol.info saytına verdiyi müsahibəni təqdim edirik.

- 71 yaş. Kiminə böyük, kiminə kiçik görünən bir rəqəm. İnsan ömrü üçün 71 nə deməkdir? Geriyə baxanda nələr düşünürsüz?

- Ehh... Düzü, bu gün məəttəl qalmışam. 8 avqustda həmişə gün çıxırdı, isti olurdu bu gün yağış yağıb. Külək olurdu, amma belə yağmurlu soyuq hava olmurdu. Bu məni bir az təəccübləndiri. 71 ildə ilk dəfədir belə olur. Geri baxanda nə görürəm? Yaxşı günlər də olub, yaman günlər də. Amma əsas odur ki, ömür boşuna getməyib. Yaxşı kollektivlərdə işləmişəm, kinoda tamaşaçılar tərəfindən secilən rollarım olub.Amma bununla belə gənclik gedib, ömür gedib. Amma Allah belə məsləhət bilib , həyat belə olmalıdır.Qurban olduğum belə düzüb, qoşub.

-Bu gün sizi kimlər yada salıb?

-Telefonlarım susmayıb.

- Ekranlara çıxan gündən xalq sevgisi qazandınız. Ömrünüzün 50 illini insanların diqqət mərkəzində keçirdiniz. Küçə ilə gedərkən insanların baxışları artıq bezdirir ya yenə sevindirir?

-İnsanlar sağ olsunlar unutmurlar.Köhnə nəsil bizi görüb tanıyıb. Onlar kinonun gözəl günlərini görüblər. Amma indiki nəslin yadında deyilik, onlar gözlərini açıb ucuz verilişlər görüblər. Simasız adamlar görüblər. Ona görə əvvəllər mənə pis təsir edirdi, indi anlayıram. Yeni nəslin gördüyü adamlar kimdir görürürk. O zaman başqa ab-hava idi, amma indi. İndi çox filmlər xaltura xarakteri daşıyır, mənasız, yadda qalmayan filmləri çəkib tökürlər.

- Bəs nə əcəb öz məktəbinizi yaratmadınız? Bu gün “davamçım” deyə biləcəyiniz aktyor varmı?

-Məni bir dəfə müəllim kimi dəvət etdilər. Bizim vaxtımızda sənətə vurğunluq, məcnunluq vardı. Mən o gənclərdə onu görmədim. Əlbəttə istedadlı insanlar da var. Bizim sənət o demək deyil ki, auditoriyaya girib nəyisə öyrənəsən. Mən özüm də hələ öyrənirəm. Öyrənmək istəyən hər yerdən öyrənər. İnternetə gir, gör, bax.Dünya ovcunun içindədir. Bu sənətin xüsusiyyəti budur ki, insanın özünün istedadı və həvəsi olmalıdır.

-Dünyada və ya özümüzkülərdən kimin ifasını bəyənirsiniz, sevərək izlədiyiniz sənətkar kimdir?

- Yaxşı aktyorları izləyirəm, sevərək də izləyirəm. Bu gün özümüzkülərdən Yusif Eyvazovun sənətkarlığı ilə fəxr edirəm, onun möhtəşəm ifası qarşısında gözlərim yaşardı. Mən opera sənətinin vurğunu deyiləm, lakin bu adam mənə bu yaşda operanı sevdirdi. Hər adam özünə sənətkar deməməlidir. Yüksəlmək istəyən, yeni başlayan incəsənət insanları özlərini böyük sənətkarlarla müqayisə etsinlər. Onların yaradıcılığına baxıb ölçüb biçsinlər. O zaman səhvlərini də düzəldərlər, mükəmməllik də əldə edərlər.

- Nəsimiyə, Babəkə gələn sevgi məktubları xanımınızı qıcıqlandırırdı? Bir məşhurun həyatını yaşamaq çətindir, yoxsa məşhur şəxsin ömür yoldaşı olmaq?

- Onu deyə bilmərəm. Əvvəllər xanımım təəccüblənirdi, sonra o da alışdı. Səni görürlər, diqqət edirlərsə bu gözəldr. Amma bir şərtlə ki, şöhrət sənin başını gicəlləndirməsin. İnsanların maraq dairəsində olan adam daha məsuliyyətli olmalıdır.

- Ötənlərə baxanda hansısa peşmanlıq var?

- Yox. Şükür Allaha ömür boyu peşman olduğum hallar olmayıb. Hansısa söz seçimimdə olub, hansısa zəif ssenari hesab etdiyim filmdə çəkilmənin peşmanlığını çəkdiyim olub.

- Nəsimidən, Babəkdən sonra sizi “Həm ziyarət, həm ticarət” filmində fırıldaqçı rolunda gördük. Bu rol sizdə nə hisslər yaratdı?

- Mən bu rolla fəxr edirəm. Mən o rolla fırıldaqçı olmadım ki, o cür insanlara nifrət yaratdım. Mən Nəsimi, Babək də deyiləm, mən Rasiməm.

- Bu il “Nəsimi ili” elan edildi, maraqlıdır ki, Nəsimi deyincə siz də yada düşürsünüz?

- Bu tək mənim uğurum deyil. Bu o möhtəşəm filmi çəkmiş böyük kollektivin əməyinin uğuru deməkdir. Kino kollektiv sənətdir, və bu film də böyük bir kollektivin əməyinin nəticəsidir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »