Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni yaşayış binalarının idarəetmə problemləri – Komendant pisdir köç qurtar

Redaksiyamıza tez-tez çoxmənzilli yaşayış binalarının idarəetmə problemləri ilə bağlı şikayətlər daxil olur.

Belə binalarda ev alan sakinlər əsasən pul yığılması, Mənzil Tikinti Kooperativlərinin (MTK) idarəetmə formasından şikayətçidirlər. Yeni binalar hansı formada istismar edilməlidir, ümumi xidmət üçün nə qədər vəsait toplanmalıdır, ümumiyyətlə bu vəsaitlərin toplanması qanunidirmi? Bu və digər suallarımıza hüquqşünas Vüsal Məmmədov cavab verir.

Vüsal Məmmədov

- Vüsal bəy, MTK və yeni tikilimiş binalarda idarəetmə forması necə təşkil olunmalı, sakinlərlə MTK arasında münasibətlər necə tənzimlənməlidir?

-Bəli belə faktlar mövcuddur ki, Mənzil Tikinti Kooperativləri və təyin edilmiş komendantlar özbaşınalıq etməkdən çəkinmirlər. Çünki bu sahədə maariflənmə işləri zəif aparılır. Sakinlərin hüquq və vəzifələrini bilməməsindən istifadə edən Mənzil Tikinti Kooperativləri və onların təyin etdiyi komendantlar şəxsi maraqları üçün qanunvericiliyin tələblərini kobud şəkildə pozurlar. Mənfəət əldə etmək məqsədi ilə komendantlar öz istəklərinə uyğun sakinlərdən “kommunal xidmət haqqı” adı ilə pul yığırlar.

- Bunu tənzimləyən qanun maddəsi yəqin ki var?

-Qeyd olunan mənzil hüquqlarına dair münasibətləri, 2009-cu ildə qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi tənzimləyir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

- Müxtəlif yaşayış binalarında müxtəlif miqdarda istifadə haqqı tətbiq edilir. Bu nə dərəcədə doğrudur?

-Binalarda yaşayış sahəsindən istifadə haqqının miqdarı Mənzil Məcəlləsinin 44-47-ci maddələrinin tələblərinə riayət edilməklə, binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyən edilir. Qanun tələb edir ki, yaşayış sahəsindən istifadə haqqının miqdarını sakinlər müəyyən etməlidir, komendant yox. Araşdırsaq görərik ki, yeni tikilən binalarda komendant vəzifəsini həyata keçirən şəxslər həmin binanın sakini belə deyil. Təbii ki, binanın sakini olmyana bir şəxs (komendant) sakinlərin maraqlarını yox, şəxsi mənfəətini üstün tutacaq.

- Sakinlərin bir çoxu Mənzil Tikinti Kooperativləri və onların təyin etdiyi komendantların kommunal xərc adı altında qanunsuz pul yığmasından və yığılmış pulların hansı məqsədlər üçün xərclənməsi ilə bağlı hesabat verilməməsindən gileylidirlər.

-Çünki, yığılan pullar qanunsuz yığıldığı kimi, qanunsuz olaraq hesabatı aparılmadan xərclənir. Mənzil Tikinti Kooperativləri və komendantlar şəxsi maraqlarını qanunvericiliyin maraqlarından üstün tutur. Komendant tərəfindən tələb olunan məbləğ sakinlər tərəfindən ödənilmədikdə, sakinlərin mənzillərinə verilən elektrik enerjisinin verilməsini dayandırır. Qanunla bunun adı özbaşınalıqdır. Bu kimi hallara tez-tez rast gəlmək mümkündür. Buna görə də vətəndaşlar qanunvericiliyin tələblərini öyrənməli və hüquqlarının pozulmasına yol verməməlidirlər.

-Bu durumda qanun nə deyir?

-AR Mənzil Məcəlləsinin 119-cu maddəsində deyilir:  Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir, onun məqsədi mənfəət götürmək deyil. Bina sakinləri təşəbbüs göstərməlidir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalıdır və büdcə formalaşmalıdır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması və fəaliyyəti ilə bağlı qaydalar Mənzil Məcəlləsində öz əksini tapıb. Çoxmənzilli binalarda yaşayan sakinlərə tövsiyyə edirəm ki, qanunvericiliyin tələbləri ilə tanış olun, pozulmuş hüquqlarınızın bərpa olunması üçün çalışın. İmkan verməyin şəxsi maraqlarını qanunlardan üstün tutan şəxslər hüquqlarınızı pozsun.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »