ABŞ-da həm Respublikaçı, həm də Demokrat partiyalarından olan senatorlar prezident Donald Trampın Türkiyəyə qarşı sanksiya tətbiq etməsini istəyirlər.
Onu bu addımı atmağa vadar etməyin yollarını axtarırlar. Bu barədə “The Washington Post” qəzeti yazıb.
Bizimyol.info xəbər verir ki, amerikalı senatorların Türkiyəni cəzalandırmaq istəyinin səbəbi Rusiyadan C-400 raket komplekslərini almasıdır. Senatorlar hesab edir ki, Ankaranın bu addıma görə cəzalandırılmaması Amerikanın zəifliyi kimi qiymətləndirilə bilər.
“Biz açıq deyirik, sanksiyalar olacaq. Əgər başqa bir ölkə də Rusiyadan raket sistemləri almaq istəsə, Birləşmiş Ştatlardan eyni cavabı alacaq.”, - deyə senator Ceyms Lenkford bildirib.
Digər senator Marko Rubio deyib ki, senat prezidenti çevik qərar qəbul etmək imkanından məhrum etmək istəmir: “Amma səlahiyyətlərdən sui-istifadə halları olsa, senatorlar lazımi addımı atacaqlar”.
Bir müddət öncə Tramp bəyan etmişdi ki, Rusiyadan raket komplekslərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya tətbiqini planlaşdırmır. O, hətta Türkiyə ilə ticarət sazişi imzalamağın tərəfdarıdır. Ekspertlər hesab edir ki, Tramp Türkiyənin Suriyada kürdlərə hücumunun qarşısını almaq üçün belə davranır.