Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni qərara əsasən zamin kreditor qarşısında tam məsuliyyət daşıyacaq – Hüquq nə deyir?

Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi açıq məhkəmə iclasında zaminliyin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.

Məsələyə aydınlıq gətirmək üçün Bizimyol.info-nun suallarını bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Vüsal Məmmədov cavablandırır.

-Vüsal bəy, yeni qərar bir qədər çaşqınlıq yaratdı. Bu günə qədər zamin bank qarşısında nə dərəcədə məsuliyyət daşıyırdı?

-Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumunun qərarı bir çox məsələlərə aydınlıq gətirdi və uzun müddətdir ki, müzakirə olunan və mübahisə yaradan məsələlər öz həllini tapdı. Bu barədə xeyli müddət idi geniş müzakirələr aparılırdı. Məhkəmələrin fərqli mövqeləri mübahisələrin yaranmasına və məhkəmə proseslərinin uzanmasına gətirib çıxarırdı. Gözlənilən qərar qəbul edildi. Konstitusiya Məhkəməsinin qərarı məcburidir və həmin qərarda qeyd olunanlara əməl etmək lazımdır.

- Zaminlik müqaviləsində indi əsasən hansı dəyişiklik ediləcək?

- Kredit xətti müqaviləsində əsas şərtlər qeyd edilməlidir. Bu zaminlik müqaviləsinin bağlanması üçün əsas hesab edilir. Şərtlər kredit xətti müqaviləsində öz əksini tapmalıdır ki, gələcəkdə zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmi müəyyən edilə bilsin. Kredit xətti müqaviləsi dəyişdirilirsə məsələn, kredit müqaviləsinin müddəti uzadılırsa, faiz dərəcəsində dəyişiklik edilirsə mütləq bununla bağlı zamin məlumatlandırılmalıdır.

- Kreditor borc götürdükdən sonra zamin duran şəxs zaminlikdən imtina edə bilərmi?

-AR Mülki Məcəlləsində açıq-aydın qeyd edilib; zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilmiş hesab olunur. Qeyd edilmiş əlverişsiz məsələ ilə bağlı izah Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında öz əksini tapıb. Zaminlik müqaviləsi mövcuddursa və bu müqavilə göstərilən əsaslara uyğun tərtib edilibsə, zamin borc alan şəxs qədər məsuliyyət daşıyır.

Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilən qərar bir il öncə qəbul edilmiş qərar qədər önəmli və vacibdir. Təkrar vurğulamaq istəyirəm, Konstitusiya Məhkəməsinin qərarı məcburidir və həmin qərarda qeyd olunanlara əməl etmək lazımdır.

-Zamin hansı halda məsuliyyətə cəlb oluna bilər?

-Kredit və zaminlik müqavilsinin tələbləri pozulursa bank kredit götürən şəxsi və zamini xəbərdar etməklə məhkəməyə müraciət edir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddursa və bu məhkəmə qətnaməsinda kredit götürən və zamin borclu hesab edilibsə, banka olan borcun hər ikisindən müştərək qaydada tutulması qətnamədə öz əksini tapıbsa, hər iki şəxs qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyət daşıyır və hər iki şəxsdən banka olan borc tələb edilə bilər. Təbii ki, məhkəmə qətnaməsini icra edən orqan yerli icra və probasiya şöbələridir. Onların qanuni tələbləri hər kəs üçün məcburidir.

- Yeri gəlmişkən, bu günlərdə redaksiyamıza banklarla bağlı gəlmiş bir şikayəti də diqqətə çatdırmaq istəyirəm. Qocaman jurnalist Mais Kazımov banka olan borcunu ödədiyi halda bank borcunun bağlanmadığını iddia edir. Maiz Kazımov bildirib ki, 4649,49 dollar kredit qarşılığında Muğan Banka 7.863 dollar ödəyib. Bank isə bildirib ki, vətəndaş hələ 4318 manat ödəməlidir? Bankla borcgötürən arasında bu kimi hallar yaşananda hüquq nə deyir?

-Müştəri borcunu tam şəkildə ödədiyini hesab edirsə, banka rəsmi qaydada müraciət etməli və borcunun olması ilə bağlı sənədi tələb etməlidir. Yox əgər borclu şəxs məhkəmə qətnaməsi üzrə banka olan borcunu tam şəkildə ödəyibsə, yerli icra orqanı tərəfindən həmin məhkəmə qətnaməsinə xitam veriləcək. Bank məhkəmə qətnaməsində qeyd olunan borcdan yəni məbləğdən artığnı borcludan tələb edə bilməz. Çünki məhkəmə qətnaməsini icra edən orqan yerli icra orqanıdır.

Bank öz növbəsində müştərinin banka borclu olduğunu hesab edirsə, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməlidir. Hər iki tərəf arasında yaranmış mübahisələr yalnız məhkəmə qaydasında öz həllini tapacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »