Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Ina pul lazımdır: "Şimali Koreya hakerləri onun üçün milyardlar oğurlayır"

“Şimali Koreya lideri Kim Çen Ina valyuta lazımdır. Onun əmri ilə hakerlər milyardlarla bitkoin və pul oğurlayır. O cümlədən Avropada”, - İsveçrənin “Tages-Anzeiger” qəzeti belə deyir.

Bizimyol.info xəbər verir ki, nəşr Şimali Koreyanın, birbaşa ölkə liderinə tabe olan kiberbriqadası haqda yazı hazırlayıb. Burada kiberhücumlarla böyük pulların oğurlanmasından bəhs olunub. Yazının müəllifi Hans-Yurgen Maurus iddia edir ki, şimalikoreyalı hakerlər “Bit-Point” Yaponiya birjasının 32 milyon dollarını mənimsəyib.

Qəzet banklara, sənaye, xammal müəssisələrinin hesablarına sistematik hücumlardan danışıb. Keçən il Yaponiyanın “Coincheck” birjasından, ümumiyyətlə, fantastik pullar oğurlanıb. Söhbət 500 milyon dollardan gedir.

Mayda “Sonntags Zeitung” qəzeti yazırdı ki, şimalikoreyalılar İsveçrə banklarının hesablarındakı boşluqları güdür. Banklara göndərilən elektron məktublar özü ilə həm də virus daşıyırdı.

Tokiodakı Keyo Universitetinin kibermütəxəssisi Motohiro Tsuhiyanın fikrincə, Kimin kiberbriqadasında 7 min nəfər var. Ora kompüter istedadlarını 10 yaşından cəlb edirlər.

Keçən ilin oktyabrında ABŞ-ın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Fire Eye” şirkəti məlumat yaymışdı ki, şimalikoreyalılar SWIFT ödəmə sistemi vasitəsilə Asiya və Cənubi Amerika banklarının, institutlarının 100 milyon dollarını ələ keçirib. Amerika şirkəti 11 ölkənin 16 təşkilatının adını çəkirdi. Hətta Çili, Hindistan, Banqladeşin zərər gördüyü bildirilirdi. Konkret Banqladeş Mərkəzi Bankının 81 milyon dolları oğurlanıb.

Hakerlərin əsas məqsədi sərt sanksiyalar altında olan Kim Çen In hakimiyyətinə kömək etməkdir. İndi hakerlik Şimali Koreyaya ildə 500 milyon dollar gəlir gətirən silah satışından daha çox qazanc verir.

Kiberbriqada kriptovalyuta bazarına xüsusi meyl salıb. Çünki orada təhlükəsizlik lazımi səviyyədə qorunmur.

Amerikalı mütəxəssislər şimalikoreyalı hakerləri səbrli və inadkar sayır. Onlar təkcə 2017-ci ildə ayrı-ayrı təşkilatlara 4 milyard dollar ziyan vurublar.

Son xəbərlər
Bütün xəbərlər »