Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırmızı dənizdə keçən yeddi gün

Şarm əl Şeyx: ərəb qumsalındakı sülh şəhərindən reportaj

Şarm əl Şeyx. Afrikanın şimal-şəriqində, Sinay yarımadasının qumlu səhralarının Qırmızı dənizlə “izdivacı”ndan yaranan bir Misir cənnəti. Bu cənnətə mənim də yolum düşdü; “Millenium Tourizm Azerbaijan” şirkətindən zəng edib məni Misirə - Şarm əl Şeyxə informasiya turuna dəvət etdilər.

Düzünü deyim ki, qarışıq hisslər keçirdim. Bir tərəfdən, yayın çox hissəsi başa çatsa da, hələ də dənizə bir dəfə də olsun getməmişdim deyə dənizlə bağlı olan səfər – həm də çirkli Xəzər sularına deyil, tər-təmiz, bol duzlu Qırmızı dənizə getmək əla fürsət idi. O biri tərəfdən, mən dağlar qoynunda – Qəbələdə böyüdüyüm üçün – dağlara, meşəliklərə daha çox öyrəşmişəm; səhranı heç sevmirəm desəm, yalan olmaz. Bu üzdən, açığı, bir az tərəddüd də etdim. “Gedim, getməyim?” deyə düşündüm də bir az. Ancaq yaxşı ki getmişəm. Niyəsini bu yazıda izah etməyə çalışacam.

...Adama deyərlər, dağ deyirsən, Musa və Müqəddəs Yekaterina dağları, meşəlik istəyirsən, bu da sənə bol-bol palmalıqlar, xurma ağacları, nadir gül növləri,bəzək bitkilərinin bənzərsiz və bitib-tükənməyən paradı, Sinay yarımadasının səhrası o yanda – 20-25 kilometrlikdə bitir, bura isə ərəb nağıllarındakı əsararəngiz gözəlliklər vahəsi.. Qızmar və keçilməz, qum və bədəvi sakinlərini toz fırtınaları ilə davamlı sınayan böyük Çölə cənnət hədiyyəsi olan yaşıl çay vadisi kimi bir şey. Hə, dənizə niyə “Qırmızı dəniz” deyirlər?. Əslində Hind okeanına çxan bu dənizin suyu da başqa dənizlərin rəngindədir – mavidir. Sadəcə, ətrafı qərb tərəfdən tünd-qırmızı rəngə çalan dağ silsiləsi ilə əhatələnib; o dağların əksi dənizə düşəndə qürub vaxtı dəniz suy qırmızıya çalır. Bir yandan da su otları, çoxlu dəniz bitkiləri də suya bu çaları qazandırır. Bu dənizi bəzən məlumatsızlıqdan Ölü dənizlə də qarışdıranlar olur.

Xeyr, bunlar tamam fərqli sututarlardır. Ölü dəniz tamam başqa yerdə - İsraillə İordaniya arasında dünyanın ən duzlu suyu olan göldür və axarı yoxdur. Qırmızı dəniz isə tamam başqa aləmdir; yerdəki cənnətin özüdür desək, yalan olmaz. Bu üzdən bizi – bir qrup jurnalsiti, turzmçini, otelçini və səyyahı bu füsunkar gözəlliyə tura aparan “Millenium Tourizm Azerbaijan”, eləcə də, qazax şirkəti olan “Kompas Tur”və onların Misirdəki tərəfdaşı “Nefer Tur” şirkətlərində çalıçanlar – bu səyahəti düzüb-qoşanlar elə bu dünyada Cənnəti qazanmış oldular; bizim kimi sadə, kasıb jurnalsitlər üçün belə səyahət lap göydəndüşmə oldu. Biz öüzümüz də Şarm əl Şeyxə elə göydən düşdük; Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin hər cümə günü uçan “Boeing 757-200” təyyarəsinin ilk reysi ilə...

Səfər yoldaşlarımın, bələdçilərin verdiyi məlumatlardan, özümün oxuduqlarımdan, bildiklərimdən sonra Sinay yarımadasını, cəmi 40 yaşı olan Şarm əl Şeyxi bir az da Qarabağla yan-yana qoydum beynimdə. Buna xəyal qurmaq da demək olar. Yox, Qarabağın Şarm əl Şeyxdən çox fərqi var, o başqa. Qarabağda dəniz yoxdur, telefilmlərdə gördüyüm, kitablardan oxuduğum qədər bilirəm ki, orda dağlar var, meşələr, göz oxşayan otlaqlar – Alp çəmənlikləri var, bulaqlar, dağ çayları, əkin-biçin tarlaları... var. Sinay yarımadasının harası Qarabağdır ki?! Şarm əl Şeyxdə gəzdikcə, burda indi otelə çevrilmiş İsrail hərbi kazarmalarında turistlərin dincəldiyini görəndə... düşünürdüm ki, nə zamansa Ermənistan ordusu da işğal etdiyi Qarabağdan çəkilər, Azərbaycanın və dünyanın böyük şirkətləri Qarabağa nəhəng sərmayələr yatırar, orda da belə kurort cənnəti yaradılar, sanatoriyalarda insanlar şəfa tapar, o torpaqların azərbaycanlı əhalisi də öz evlərinə qayıdar, Qarabağda insanlar təkcə elə turizm hesabına bəy kimi yaşayarlar. Ancaq bu, hələ ki, sadəcə, xəyaldır. Şarm əl Şeyx isə bir gerçək. Və tarixi gerçək odur ki, 1967-ci il iyun ayının 30-da İsrail dövləti Sinay yarımadasına qoşun çıxardı, buraları işöal etdi, o zaman balıqçı ərəblərin kiçik qəsəbəsi olan Şarm əl Şeyxə gəlib çıxdı. Savaş vur-tut 6 gün çəkmişdi. Və sonunda İsrail bu yarımadanı işğal etmişdi. Sonra ABŞ araya girdi. 11 ildən çox çəkən uzun, ağır, çətin danışıqlardan sonra ABŞ-da – Kemp-Deviddə İsrailin və Misirin prezidentləri Benahim Begin və Ənvər Sadat tarixi müqaviləni imzaladılar.

Vasitəçi və müqavilənin qarantı ABŞ, Prezident Cimmi Karter oldu. Mənim kimi, uşaqlıq və gənclik illəri Sovet dövrünə düşmüş olan insanlar Sovet İttifaqı rəhbərliyinin Kemp-Devid sövdələşməsini xəyanət, Ənvər Sadatı isə satqın adlandırmasını yaxşı xatırlayır. Hərçənd, bu müqavilə nəticəsində İsrail Sinay yarımadasından çəkilmiş, əvəzində Misir də onu dövlət kimi tanımışdı. Sonra – cəmi 40 il ərzində Şarm əl Şeyx böyüdü, burda ölkəyə böyük gəlir gətirən, buranın insanlarına inanılmaz firavanlıq qazandıran turizm incisi yaradıldı. Düşündüm də, görəsən, Nikol Paşinyan da Benahim Begin kimi siyasi cəsarət göstərib tarixi müqaviləyə imza ataraq Qarabağda və Ermənistanda yaşayan ermənilərin inkişafa və zəngin, rahat, təhlükəsiz yaşamağa yolunu açacaqmı? O zaman Sadat və Begin kimi Azərbaycan və Ermənistan rəhbərlıri də Nobellə mükafatlandırılacaqlarmı?!

“Ermənistan” demişkən, Şarm əl Şeyxdə hansı otelə gedirdiksə (bizim proqramımızda 30dan çox otelə baş çəkmək vardı), hər yerdə bizdən hardan gəldiyimizi belə soruşurdular: “Vı iz Armenii?” Yəni “Ermənistandan gəlmisiniz?”. Mən çox təəccüblnirdim. Sonra məlum oldu ki, bura erməni turistlərin də sevimli seçimidir; axı onlar Antalyaya, Alanyaya, Bodruma, Marmarisə... bir sözlə, Aralıq və Egey sahillərindəki türk cənnətinə həsrətdirlər (günahkar da özləridir; bir ölkənin şimal-şərqinə ərazi, dövlətinə yalançı soyqırım iddiaları irəli sürəcəksən, sonra da gedib qumlu sahillırində günəşlənəcəksən – yox elə bir dünya). Bu üzdən ermənilər Sinayın qumluqlarına məhkumdur. Bəs niyə burda bizə sualları rusca verdilər deyə sual etsəniz, cavabı daha maraqlıdır: Şarm əl Şeyxdə rus dili az qala ikinci dildir. Burda hər üç ərəbdən birinin uşaqlarının anası ya rusdur, ya da ukraynalı.

Buna görə hardasa elə bir az da ərəblikdən çıxıblar; bir ərəb bizimlə söhbətində rusca: “Ya ne arab, ya eqipetyan” dedi. Yəni, “ərəb deyiləm, misirliyəm”. Biz özümüzə “türk” deməkdən qorxuruq, onlar isə özlərinə “ərəb” deməkdən utanır sanki. Utanan ərəbləri görmək bir az qəribə gəldi; İsrail işğalının izlərini, eləcə də, 2004-cü ildə havaya qalxandan bir neçə saniy sonra dənizə düşmüş Fransa təyyarəsinin qalıqlarından düzəldilmiş abidəni göstərəndə də, 2015-ci ildə rus sərnişin təyyarəsi qəzaya uğrayandan sonra rusların burdan ayağı kəsildiyini, indi Şarm əl Şeyx hava limanında ruslar üçün ayrıca terminal tikildiyini, həmin terminalı rusların özlərinin idarə edəcəyini deyəndə də yerli ərəbin üzündə utancaqlıq var. Sakinli-turistli cəmi 300 min (bizim Gəncədəki qədər) insanın yaşadığı bu şəhərdə rus dilində danışığı hər yerdə eşidərsən. Nə olsun ki, ərəblə dinimiz birdir, amma, bax, Rusiya, Ukrayna, Qazaxıstan vətəndaşları Misirin başqa şəhərlərinə getmək, eləcə də, İsrailə keçmək üçün pasportlarına viza möhürü vurduracaq deyillər. Ancaq biz azərbaycanlılar, eləcə də, Mərkəzi Asiya türkləri (müsəlmanlar) bu imtiyazdan məhrumdurlar. Bunun hansı səbəblərdən qaynaqlandığını bilmədim. Təhlüksizlik desən, burda hr yerdə maşın təkrləri düzüblər, əli avtomatlılar ciddi yoxlanış aparırlar. Həm bizmi daha təhlükəliyik terror üçün?! Bundan deyi, təbii ki. Dinlə də bağlı deyil; qazax da müsəlmandır axı.

Bir də ki bizim kimi viza tələbinə məruz qalanlar arasında erməni də, gürcü də var. Ola bilsin, burdakı əksər turizm obyektlrinin – nisbətən kiçik otellərdən, qonaqlama yerlərindən tutmuş brend Marriot”, “Hyatt Regensy”, Rixsos kimi “beşulduz”lara qədər - ya sahibi, ya da personalının ən azı müəyyən hissəsi rus, ukraynalı, belorus, qazax olduğu üçündür? Hər halda. Düzdür, yerli ərəb iş adamlarının da otelləri var. Burda ərəblərə otelçiliyi, ümumiyyətlə, turizmi Türkiyədən gələn türk iş adamları və menecerlər öyrədib (hələ də tam öyrədə bilməyib; turizmdə, o cümlədən, otelçilikdə Avropa ilə başabaş rəqabət aparan və hətta üstün gələn türk standartlarını bədəvi ərəbə bütünlüklə və tez bir zamanda öyrətmək, mənimsətmək asan deyil. Ancaq sahibi ərəb və ya meneceri türk olmasından asılı olmayaraq, dediyimiz kimi, rusların, slavyandilli ölkələrin təmsilçilərinin burada öz ağırlığı da var. Bu dövlətlərdən turist axını da çoxdur. Şarm əl Şeyxdə rus dilini bilirsənsə, evindəki kimi rahatsan. Bu arada onu da deyim ki, son illər Azərbaycanda rus dilini bilməyən bir nəsil yetişdi, amma indi yenidən rus dilinə maraq artıb. Misirin bi qumlu səhrasında isə hətta bazar alverçiləri, xlrdavatçılar, safari turunun “bədəvi” bələdçilıri belə rusca sərbəst danışırlar. Ola bilsin, evdə rus, ukraynalı, belorus, qazax xanımları axşama nə bişirəcəyini rusca soruşur deyə ərəbin də bu dilə yiyələnməkdən başqa çarəsi yox. Yox, burda daha çox yumor elementləri var, məsələnin ciddi tərəfi isə odur ki, burda yaşayan ərəb rus dilini bllməsə, sadəcə olaraq, acından ölər. Əlbəttə, təkcə rus dilini deyil, həm də. Çünki keçmiş Sovet vətəndaşları və keçmiş Sovet adamlarının uşaqları, nəvə-nəticələri bura yayda daha çox gəlir, payızda – oktyabr-noyabr aylarında, qışda isə bura yəhidilərin, Avropalıların oylağıdır.

Rus və ingilis dillərini bilməsən, sahil qayalıqlarında otaq-otaq ovulmuş kafelərə, yaxud qayalıqdakı dəniz mənzərəli restoran bahalığına axışan qonaqlarla, bu şəhərin yüz minlik icmasının əzəmətli məscidinə gələn əcnəbi xristian dindarlarla, əl Sahab məscidinə gələn keçmiş Sovet ateirstləri ilə, Ras Məhəmməd ziyarətçiləri ilə və “Naama Bay” ticarət mərkəzinə genişmiqyaslı “hücum əməliyyatı” aparan alış-veriş “xəstə”ləri ilə hansı dildə danışacaqsan?! Alış-veriş demişkən, biz burda haray qoparırıq ki, Azərbaycana gələn ərəb turistlərə qarşı “xüsusi” qiymət siyasəti yeridirik, tarif ayrımçılığı yapırıq. Hətta guya ağacın kölgəsini ərəbə 100 manata satan bir qubalı sahibkarı mətbaut səhifələrində, saytların xəbər lentlrində daşqalaq da etmişdik. Ancaq gedin, baxın, “Naama Bay”da ərəb sənə 5 dollarlıq bir suveniri 25 dollara sırımaq üçün necə dəridən-qabıqdan çıxır, cilddən cildə girir. Ərəb baqqalları bizim stajlı ticarət fırıldaqçılarını çaya susuz aparıb susuz gətirər.

...Su demişkən, burdakı 200-dən çox və birinci və ikinci dərəcələrə bölünmüş otellərdə hovuzlar var. Çimərliklərdə - bəzi yerlərdə su çox dayaz və daşlıqdır; çoxlu balıqlar üzür. Ayaqlarınıız dişləyəcəklər deyə qorxursan. Qorxmalı olduğun başqa şeylərdən biri dayaz suda getdiyin yerdə qəflətən dərinliyin peyda olmağıdır. Üzə bilməyənlərin işi çətindir. Ancaq hər yerdə xilasedicilər var, sayları çoxdur, batmaq ehtimalını unudun. Dayvinq həvəskarları üçün çox maraqlı mənzərələr var suyun altında; müxtəlif dəniz varlıqları ilə doludur buranın suyu. Hə, bir də gəmi ilə dəniz gəzintisinin ayrı ləzzəti var. Bura gəlməzdən əvvəl eşitmişdim ki, havalar Şarm əl Şeyxdə çox istidir. Elədir ki var. Bir şey ki, dükanlar saat 19-dan sonra açılırsa... Qızmar günəş var. Orta temperatur 34 dərəcə. 45 dərəcəyə qədər də çatır istilik. Ancaq burda rütubət yoxdur. Yandırıcı istilərdə, əlbəttə, günün altında gəzməyəcəksən. Axşamüstü isə çox yaxşı olur su. Havanı qızmarı da sönür. Gəzmək və üzmək istəyənlər üçün əladır. Bizdəki kimi küləkli havalar, demək olar, yoxdur. Küləyi safari həvəskarları düşünsün; səhra gəzintisinə gedirsənsə, üzünü bağlamalı, uzunqol geyməli və eynək taxmalısan... Bircə buradakı şəraitə çəhrayı eynəklə baxmayın; internet sarıdan çox “kasadlıq” var. Ən bahalı otellərdə belə internet zəifdir. Bəlkə də: “İnternet –Şeytan əməlidir” deyə klassik müsəlman düşüncəsidir desəm, güləcəksiz. Əlbəttə, Qırmızı dəniz sahilinin beşulduz cənnəti dedik. İnternet də zəif. Bu qədər sərmayə yatırmısınız, internetəmi pul qalmadı?! Sahibi Türkiyə vətəndaşı – türk olan və misilsiz yüksək xidmət göstərən Rixsos-un harası şeytan əməlidir, Siz Allah!..

Gülnarə ƏMİRQIZI

Baki-Şarm əl Şeyx- Bakı

Fotolar müəllifindir

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »