Bakı sürətlə böyüyür və inkişaf edir.Təbii olaraq plansız şəkildə artan insan kütləsinin elə özü boyda da problemləri yaranır. Paytaxtımızın mərkəzi öz füsunkar gözəlliyi ilə heyran eləsə də “arka sokaklarda” mərkəzdəki komfort və rahatlıq yoxdur.
Xüsusilə kommunal məsələlərlə bağlı.
Qarışıq yumaq topası kimi su, elektrik xətləri, asfalt çəkilməmiş yollar, ən pisi isə kanalizasiya problemi. Bizimyol.info yenidən Bakının kanalizasiya dərdləri barədə danışır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq edilmiş və bundan irəli gələn məsələlərin həlli istiqamətində yerli və xarici mütəxəssislər cəlb olunmaqla, Azərbaycan Respublikasına uyğun strateji yol xəritələri işlənmişdir. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra - Strateji Yol Xəritəsi) 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir. Sənəddə sahə üzrə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir. Həmçinin Strateji Yol Xəritəsi həyata keçiriləcək tədbirlər üzrə “dövlət-özəl tərəfdaşlığı” mexanizmlərinin hazırlanmasını da nəzərdə tutur.
Strateji Yol Xəritəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində kommunal sahədə fəaliyyət səmərəliliyinin və xidmət səviyyəsinin yüksəldilməsi, eyni zamanda, ölkənin enerji resurslarının ixrac potensialının artırılması, resurslardan qənaətlə istifadənin genişləndirilməsi, ətraf mühitə atılan zərərli maddələrin həcminin azaldılması ilə yanaşı, ölkənin əksər bölgələrində çoxsaylı yeni iş yerlərinin açılması imkanları yaranacaqdır. Bu baxımdan, Azərbaycan Respublikasında sahə üzrə yüksək texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə dünyanın aparıcı ölkələrində müvəffəqiyyətlə sınaqdan çıxmış hüquqi, iqtisadi, təşkilati və texniki sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.
Bundan əlavə, 2016-cı ilin noyabrında Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyi ilə geniş tərkibdə işçi qrupu yaradılıb. Aidiyyəti dövlət qurumlarının rəhbərlərinin də təmsil olunduğu işçi qrup yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün ilk növbədə hansı addımları atıb? Şəhər təsərrüfatı sektorunun aparıcı sahəsi kimi kanalizasiya şəbəkəsinin genişləndirilməsi və bu şəbəkənin olmadığı ərazilərdə yaradılması üçün hansı işlər görülüb?
Bakı şəhərində kanalizasiya sistemləri sonuncu dəfə əsaslı şəkildə 1970-ci illərdə həyata keçirilib. O vaxt Böyük Bakının inkişaf planına uyğun olaraq, kanalizasiya şəbəkəsinin qurulması 2000-ci ilədək olan perspektiv inkişafa hesablanmışdı.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının dediyinə görə, “Azərsu” ASC-nin hazırda Bakıda istifadə etdiyi əsas daşıyıcı kollektorlar, Cənubi Qafqazın ən böyük tullantı təmizləyici qurğusu Hövsan aerasiya stansiyası hesab olunur.
“Bakının kanalizasiya şəbəkəsində digər qurğuların böyük əksəriyyəti 1970-1980-ci illərdə qurulmuş infrastrukturdur. Bakı şəhərinin özündə və ətraf ərazilərdə yeni qəsəbələr, yaşayış massivləri salınıb. Paytaxtın mərkəzi hissəsində nə qədər göydələnlər, yeni tikililər, yollar və digər sənaye obyektləri inşa olunub. Bunların hamısı həmin dövrdə tikilmiş və 2000-ci ilə perspektiv inkişafı nəzərə almış sistemə bağlanıb. Sovet dövründə hazırlanmış plana əsasən, Xırdalanın və Masazırın da çirkab suları bu gün Hövsana axıdılır. Hesab edin ki, kanalizasiya suları şəhərin bir başından, digər başına bir neçə pilləli nasoslarla nəql edilir. Yəni bunlar öz axını ilə gedən sular deyil. Bir məsələ də var ki, Bakıətrafı ərazilər kortəbii böyüyüb. Bəzən təbii sututarları, kiçik gölməçələri və gölləri qurudub onun yerində ev tikiblər.
Bakının şəhər təsərrüfatının bu cür yüklənməsinin əsas səbəblərindən biri əhalinin məskunlaşmasının nizamsız halda baş verməsi idi. Bunun da çox böyük bir hissəsi qaçqın və məcburi köçkün problemi ilə bağlı idi. Eyni zamanda, başqa rayonlardan da Bakıya axın baş verdi və nəticədə şəhərdə həddindən artıq yüklənmə baş verdi ki, bu da infrastrukturların yükünü artırdı”.
Bakı şəhərinin məişət kanalizasiya sistemi yağış sularının daşınması üçün nəzərdə tutulmayan ayrıca kanalizasiya şəbəkəsidir. Yəni təsərrüfat məişət suları ayrıca sistemlə axıdılmalıdır, yağış suları ayrı sistemə. Bu da Bakı şəhərinin yerləşdiyi şəraitlə bağlıdır. Buna baxmayaraq, hazırda Bakı şəhərində yağış suları da məişət kanalizasiya sistemlərinə axıdılır. Bu da ondan irəli gəlir ki, hazırda yağış suları şəbəkəsi paytaxt Bakının ümumi ərazisinin cəmi 10 faizindən bir az artığını təşkil edir. Yağış suları kanalizasiya şəbəkəsinin inkişaf etdirilməməsi elə vəziyyətə gətirib çıxarıb ki, kanalizasiya şəbəkəsi yağış sularını tam şəkildə qəbul edib daşıya bilmir və güclü təzyiq altında işləyir. Güclü yağışlar zamanı şəhərdə müxtəlif fəsadların yaranmasına, küçə və prospektlərin yağış sularına qərq olmasına səbəb budur”.
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımlı Bizimyol.infoya verdiyi açıqlamada Bakı şəhərində gecəqondu məhəllələrində, yəni sənədsiz, plansız şəkildə salınmış məhəllə və qəsəbələrdə kanalizasiya probleminin həllinin mümkünsüz olduğunu bildirib:
“Mənim yaşadığım Mərdəkan qəsəbəsində bu gündə insanlar kanalizasiya xətləri olmadığı üçün şampodan istifadə edirlər. Bilməyənlərəin nəzərinə çatdırım ki, şampo çirkab sularının və tullantıların axıdılması üçün hər kəsin öz həyətyanə sahəsində qazdığı quyuya deyilir. Bu quyular dolanda xüsusi texnika vasitəsi ilə çəkilib, boşaldılır, yenidən istifadə olunur. Bakı şəhərini necə deyərlər “ bezrazmer” ediblər. Həddindən artıq yüklənmələr nəticəsində də bu şərait yaranıb. Məncə paytaxtı qapalı şəhər elan eləmək lazımdır”.
Bu günlərdə şahidi olduğum bir qonşu davasını da qeyd etmək istəyirəm. Sənədsiz tikilimiş evlərdən ibarət məhəllədə nə zamansa salınmış kanalizasiya xəttinin üstündə kimsə gəlib ev tikir. Bu xəttə təbii ki, yüzlərlə ailə qoşulub. Həmin “ağıllı “ da gəlib deyir ki, boru çürüyüb və evimə iy gəlir. Bu səbəbdən kanalizasiya borusunu bağlayıb. Qonşulara deyir, kanalizasiya xəttinizi başqa yerdən çəkin. Artıq 20 ildən yuxarı bu ərazidə yaşayan qonşular da xətti çəkmək üçün bir qarış yer qalmadığını, ümumiyyətlə onun camaatın istifadə etdiyi kommunal xətti bağlamağa ixtiyarı olmadığını başa sala bilmirlər. Deyir kənddən köçüb Bakıya gələndə, bu evi tikində JEK-ə də pul vermişəm, torpağı satana da , gedin başınıza çarə qılın.”Bu torpağı almaq üçün beş camışım gedib”.
Gülməli görünə bilər, lakin bu problemlə Bakıda ən az bir milyona yaxın ailə rastlaşıb. Və bu kimi məsələlərin hüquqi həll yolu olmadığından mübahisələr çomaq davası ilə bitir. Yol xəritəsi də İşçi komissiyası da ümid edirik, yalnız mərkəzi deyil, hamını əhatə edəcək. Qanunlar şəhərin mərkəzində işləsə də, “ arka sokaklarda” hərc- mərcilik, nizamsızlıq hökm sürür. Və bu vəhşi dünyada yeni nəsil yetişir. Sonra da deyirik, hardandır insanlarda bu qədər aqressiya?
İlhamə Rəsulova