21 gündür içməli su problemindən əziyyət çəkən Abşeron rayonu, Xırdalan şəhəri Əzizbəyov küçəsinin sakini Müşfiq İskəndərov müvafiq qurumlara videomüraciət edib.
Bizimyol.info xəbər verir ki, o, müraciətində 10 iyun tarixində ““Azərsu” ASC-nin sifarişi ilə Abşeron rayonunda su və kanalizasiya xətlərinin yenilənməsi məqsədilə aparılan işlər zamanı yaşadığı ünvana gələn su xəttinin zədələndiyini bildirib: “Həmin zədələnmiş xətti öz hesabıma dəyişdirmişəm, yeni xətt çəkdirmişəm. Amma mənzilimə içməli su gəlmir”.
Şikayətçi bildirib ki, bu barədə “Azərsu”nun qaynar xəttinə, Abşeron su İstismar İdarəsinə dəfələrlə zəng edib: “Azərsu” ASC tərəfindən başımıza açılmış oyunlarla bağlı dəfələrlə etdiyim müraciətə süni maneə yaradaraq elektron müraciətim geri qaytarılıb.
Abşeron su İstismar İdarəsinin qəza xidmətinin əməkdaşı mənə bildirib ki, podratçı şirkət tərəfindən aparılan iş zamanı bu problem meydana çıxıb. Mənim “Azərsu”nun müqavilə bağladığı podratçı şirkətlə əlaqəm yoxdur və ola da bilməz. Mən içməli su tələbimi “Azərsu”dan etməliyəm. Podratçının yartımaz fəaliyyəti ilə bağlı məsələyə “Azərsu” cavab verməlidir. Yolların yararsız vəziyyətə düşməsi də su xətlərinin çəkilməsi və yenilənməsi zamanı baş verir. Bu da podratçı şirkətlərin necə fəaliyyət göstərməsinə dəlalət edir.
Növbəti zəngimdə Qəza Xidmətinin əməkdaşı bildiridi ki, regional müdirin məsələdən xəbərdardır və problemin həll olunacağına vəd verib. Amma 21 gündür evimizdə su yoxdur. Bizim müraciətimizi yola verməklə məşğuldurlar. Zənglərimizi qeydiyyata alınmadığını bildirirlər”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.
Ramid İbrahimov