Yoldaşından ayrıldı, övladlarının isə yaşı 10-dan yuxarı olmasına baxmayaraq məhkəmə onları dinləməyərək uşaqların anasında qalması ilə bağlı qərar qəbul etdi.
Bizimyol.info xəbər verir ki, vətəndaş Yalçın Bəşirov Xətai rayon məhkəməsinin qərarından, eləcə də, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarından narazıdır. O bildirir ki, məhkəmə uşaqlarını dinlənilməli olduğu halda, dinləmir, onların atası ilə qalmaq fikrinə hörmət qoyulmur və uşağı kriminal yolla onun – Yalçın Bəşirovun əlindən almağa çalışırlar.
Yalçın Bəşirov deyir: "Uşağımın birinin 11, o birilərinin 12 və 14 yaşları olmasına baxmayaraq, məhkəmə uşaqlarımın fikirlərini öyrənmədən onların anasında qalması ilə bağlı qərar qəbul edib. Biz 2004-cü ildə ailə qurmuşduq. 2016-cı ildə ayrıldıq. Məhkəməyə müraciət etdik. Xətai rayon Məhkəməsi uşaqların fikrini öyrənmədən qərar qəbul etdi. Mən həmin qərarla bağlı Apelyasiya Məhkəməsinə müraciət etdim, lakin Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Mən Ali Məhkəməyə də müraciət etdim. Hətta adı “ali” olsa da, məhkəmədə uşaqlarımın fikri öyrənilmədi. Qanunvericiliyə görə isə, uşaqlarımın fikri öyrənilməli idi. Uşaqlarım anaları ilə qalmaq istəmirlər. Hətta qərarın icrası da mümkünsüz oldu. Uşaqlarım analarına getmək istəmədi. Məhkəmə icraçıları qərarı icra edə bilmədilər. İcra sənədini məhkəməyə geri qaytardılar. Ancaq məhkəmə rədd elədi, icra olunması ilə bağlı tapşırıq verdi. Uşaqlar 4 ildir məndədir, analarına getmək istəmirlər”.
Yalçın Bəşirov deyir ki, yoldaşı Şəhla Bəşirovanın anası Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qohumudur. Şikayətçi ehtimal edir ki, məhkəməyə hansısa formada təsir və təzyiq göstərildiyinə görə, bütün instansiya məhkəmələri qərarı qüvvədə saxlayır: “Hazırda ciddi təzyiq altındayam. İyul ayının 27-də övladlarımı 4 saat bağlı qapı arxasında saxladılar, qışqırtıları qalxdı göyə. Onları kriminal yolla əlimdən almaq istəyirlər. Hətta o hadisədən sonra uşaqlarımın səhhəti pisləşib, 3 dəfə təcili tibbi yardım maşını çağırmışam. Xahiş edirəm ki, bu məsələ ictimailəşsin və Qubada 10 yaşlı Nuray Bayramzadənin başına gələnlər mənim övladlarımın başına gətirilməsin".
Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən Vəkillər Kollegiyasının üzvü Leyla Bədəlova bildirib ki, Ailə Məcəlləsinin müvafiq bəndinə əsasən 10 yaşına çatmış uşaqların fikri mütləq nəzərə alınmalıdır:
"Mən məhkəmənin gedişatı və həmin ailənin vəziyyəti ilə bağlı məlumatlı olmadığıma görə kimin haqlı, kimin haqsız olmasını təyin edə bilmərəm lakin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52 ci maddəsinə görə, onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yəni uşaq 10 yaşını keçsə də, uşağın mənafeləri nəzərə alınmaqla mübahisə məhkəmə tərəfindən həll edilir".
Həmçinin Leyla Bədəlova bildirir ki, uşaqlar valideynlərdən biri ilə qalmaq istədiklərini bildirsələr də, həmin valideynin uşaqların inkişafı və tərtbiyəsi üçün mənfi təsir etməsi halları məhkəmə tərəfindən hökmən nəzərə alınmalıdır:
"Yəni ola bilər ki 10 yaşını keçmiş uşaq valideynlərindən biri ilə qalmaq istəyə, amma həmin valideyn uşağın inkişafı və tərbiyəsi üçün mənfi təsir edə bilər. Məhkəmə tərəfindən bütün hallar araşdırılır, araşdırmanın adekvat olmadığı qənaətində olduğu zaman tərəf yuxarı instansiya məhkəmələrinə şikayət edə bilər".
Bizimyol.info