Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeniyetmələr daha çox intihar edir”
Psixoloq: “Azərbaycanda psevdouğurlu ailələr daha çoxdur...”

Dünyanın düz vaxtında hər kəs inkişafdan danışarkən intihar bəlası bir mərəz olub yapışıb yaxamızdan. Özü də elə yapıpşıb ki, əlində aciz qalmışıq. Son dövrlərdə mətbuatda yayımlanan intihar hadisələrinə, səbəblərinə baxsaq bunu deməkdə haqsız da sayılmarıq. Bir çox şeyin ayıb bilindiyi məmləkətimizdə kim bilir mətbuatın da xəbərsiz qaldığı daha neçə intihara cəhd hadisələri olub, neçəsi intiharla nəticələnib. Üzdə görünən səbəblərin kökünə bir nəzər salmaq niyyəti ilə psixoloq Fuad Əsədovla söhbət etdik.

Bizimyol.info psixoloq Fuad Əsədovla müsahibəni təqdim edir:

- Yeniyetmələrlə münasibətdə valideynlər nəyə diqqət etməlidir ki, övladlarını intihar bəlasından qoruya bilsinlər?

- Ümumiyyətlə, intihar yeniyetməlik dövründə ən çox rast gəlinən haldır. Başqa yaş qruplarına baxanda yeniyetmələr daha çox intihar edir...

- Niyə belədir?

- İntihar varsa burada bir səbəb axtarmaq doğru deyil.  Bu, tək bizdə deyil ki. Qlobal problemdir. Alimlərin də bu yöndə elmi araşdırmaları davam edir. İntihar səbəbi hər hansı psixoloji pozuntunun, yaşadığı problemlərin, ideologiyanın təsiri ilə bağlı ola bilər. Yeniyetmələrin intiharını birləşdirən cəhət ailələri tərəfidən dəstək görməmələridir. Başqa problemlər burada, sadəcə, intihara sürükləyən bir faktordur. Bir yeniyetmənin intihar səbəbi sevgilisindən ayrılması da, imtahandan kəsilməsi də ola bilər. Amma ortaq cəhət, adətən, ailədən dəstək görməmələri olur.

- Ailələr nədən övladlarına dəstək vermirlər? Və nədə dəstək olmalıdırlar?

- Bizim ailələrdə valideynlər çox vaxt övladla şəxsi, mənəvi məsələləri və dəyərləri ilə bağlı maraqlanmırlar. Bir ailədə valideynin uşaqdan gözlədiyi tək şey yaxşı oxuması, yaxşı qiymət alması olursa, bundan əlavə valideynlər övladlarının ancaq onların istədiyi adamlarla oturub-dursmasını istəyirsə, bu zaman belə bir mənzərə yaranır: ailənin uşaq üçün çəkdiyi bir həyat modeli var və övladı o modelə uyğun yaşamalıdır. Çox valideyn uşağının nə istədiyini, ona nəyin rahat olduğunu soruşmur. Bu vəziyyətdə uşaqda belə bir fikir yaranır ki, onun problemlərinin ailəsinə dəxli yoxdur, onları maraq1andırmır. Bu məsələləri onlarla danışmaq olmaz. Özüm bir neçə yeniyetmə ilə işlədikdə bu cümləni dəfələrlə eşitmişəm: “...Bu cür məsələləri gedib ailə ilə danışmaq olmaz. Ailə ilə övlad arasında sərhəd olmalıdır”.

- Bu, nə dərəcədə düzgündür?

- Əlbəttə ki, düzgün düşüncə tərzi deyil. Ailə bəs nə üçündür? Təəssüf ki, ailələr də şərait yaratmır. Övladlarını dinləsələr də, həmən danlamağa başlayırlar. Buna görə Azərbaycan ailəsində bir qız gedib anasına danışsa: “Mən bir oğlan sevirdim, biz bir müddət birlikdə vaxt keçirmişik, gəzmişik, indi isə ayırlmışıq, özümü pis hiss edirəm, onun üçün darıxıram”,-desə bir çox halda anası dinlədikdən dərhal onu danlayar: “Sənin nə yaşın var ki, indidən belə şeylər edirsən? Bəlkə də sizi görən olub, biabır olmuşuq! Sənin indi dərs oxuyan vaxtındır”-deyər. Bu övladın probleminə şiddətlə yanaşmaqdır. Bu cür danlamadan sonra, təbii ki, qız gələn dəfə problemini anası ilə bölüşməyəcək.

- 16 yaşlı bir qız həqiqətənmi ancaq dərs oxumalıdır?..

- Bunu müzakirə etmirik, amma övlad səhv etsə belə, səhvindən doğan problemi ailəsinə danışmalıdır. Ailəsi övlada dəstək sərgilməlidir. Tənqid formasında səhvini izah etməlidir. Danlamaq yolverilməzdir! Bu sözlə şiddət hesab olunur və qəbulolunmazdır. Problemlərlə qarşılaşan yeniyetmə növbəti dəfə danışmağa adam tapmadığında çıxış yolunu intiharda görür. Çünki qızlar və oğlanlar üçün cəmiyyətimizdə çərçivəyə çevrilmiş fikirlər var: “Kişi ağlamaz. Qız uşağı sözə qulaq asar, nə desələr onu edər. Qızın səsi çıxmaz” və s. İndi təsəvvür edək ki, yeniyetmə bir oğlan problem yaşayır. Bu problem qarşısında emosiyalarını göz yaşları ilə çıxarır. Bu vəziyyətdə o ağladıqca beynində dolanır ki: “Kişi ağlamaz. Gör mən nə qədər acizəm ki, ağlayıram”. “Kişi və ağlamaq” ifadəsi yanaşı durduqda ona faciə kimi görünür. Düşdüyü vəziyyəti qəbullanmayan, “Bu həyatı yaşamamlıyam” deyə düşünən oğlan bu fikirlərlə intihara meyillənir. Qızlar da nəyəsə etiraz etdikdə valideynindən: “Kəs səsini, otur yerində! Biz deyəni elə, qız uşağı söz dinləyər!” kimi fikirlər eşidir. Qız da görəndə ki, ailəsinin tələb etdiyi həyat onun ruhi aləmi ilə uyğunlaşmır, çıxış yolunu intiharda görür. Buna görə mütləq ailə dəstəkçi olmalıdır. Övladının mövqeyini dinləməlidir.

- İntihar səbəbləri kimi yeniyetmə qızların təhsildən uzaqlaşdırılması, zorla evləndirilməsi halları da çox olur. Ümumiyyətlə, yetkinlik yaşına çatmamış bir qızın özündən yaşca çox böyük biri ilə evləndirilməsi psixoloji baxımdan hansı problemlərə yol aça bilər?

- Bu sualı soruşduğunuzda Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” yadıma düşdü. Təəssüf ki, biz hələ də bəzən o təfəkkür tərzini nümayiş etdiririk. Yetkinlik yaşına çatmamış bir gənc qızın evləndirilməsinin özü problemdir. Problemdən ziyadə, faciədir. Burada evləndirmək yox, “qızı oğlana vermək”, məhz “vermək” ifadəsi yerinə düşür. Ailə sevgi üzərində qurulmalıdır. İnsanlar xoşbəxt olmaq üçün, sözün həqiqi mənasında həyat yoldaşları ilə bir ömrü paylaşmaq üçün evlənirlər. İnsanlar “xala xətrin qalmasın” deyərək evlənərsə, bu düzgün yanaşma hesab oluna bilməz. Əsas da gənc qızların yetkinlik yaşına çatmadan evləndiriliməsi, ailəsinin “evdə qalacaq” qorxusu ilə birinə verməsi faciəli vəziyyətdir. Özü, dünyagörüşü formalaşmamış, təhsilini başa vurmamış gəncin evləndirilməsi düzgün deyil. Yaşca böyük biri ilə evləndirildikdə ola bilsin ki, kişi rahat olsun. Amma belə vəziyyətdə, adətən, kişilər evlənməkdən çox qulluğunda duran qulluqçu alır. Qız onun tələbatlarını ödəyir. Amma özü bədbəxt olur. Hamiləlik dövründə emosional vəziyyətin dəyişməsini, həssaslığın artmasını nəzərə aqlsaq, bir də özlüyündə xoşbəxt olmayan ananın yaşadığı mənfi duyğular övladına təsirsiz ötüşmür...

- Yəni körpəsi də xoşbxt doğulmur...

- Bəli, xoşbəxt olmayan ananın ruh halı övladna təsir edir. Bu bir ailənin taleyinə, bir körpənin gələcəyinə olan təsirdir. Bunu dediyimizdə, ola bilsin, kimsə desin ki: “Mənim bir tanışım var. Onlar da belə evlənib, xoşbəxtdirlər”. Psixologiyada belə bir anlayış var: uğurlu ailə, psevdouğurlu ailə. Təəssüf ki, psevdouğurlu ailələr çoxluq təşkil edir. Bu ailələrə kənardan baxdığında xoşbəxtdirlər. Hər şey qaydasında görünür. Dalaşmırlar, dolanışıqları yerindədir. Ancaq ailə üzvlərini ayrı-ayrılıqda danışdırsan, görərsən ki, individual olaraq xoşbəxt deyillər. Buna görə biz güclü həyəcan təbili çalmalıyıq. Könülsüz qurulan ailə üçün heç bir səbəb keçərli ola bilməz, deyil də!

Söhbət etdi: Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »