Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Mirzəbəyli: “Telekanallar barədə danışarkən baltanı kökündən vurmaq olmaz”

Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən telekanalların işi sosial mediada qınaq obyektinə çevrildi. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, bu gün cəmiyyət bu televiziyalardan üz döndərib, informasiyanı başqa kanallarda o cümlədən heç də Azərbaycana dost olmayan televiziya kanallarında axtarır. Media eksperti Zeynal Məmmədli isə televiziya kanallarımızı bir-birinin klonu adlandırıb: “Mexaniki olaraq, Rusiya və ya Türkiyə televiziyasında yayımlanan əyləncə proqramlarını yamsılayırlar, yaxud tok-şouların ucuz versiyalarını hazırlayırlar.Azərbaycan telekanalları sanki bir-birinin klonudur”

Bizimyol.info saytına verdiyi açıqlamada teleaparıcıların peşəkarlıq səviyyəsindən danışan tanınmış televiziya eksperti Qulu Məhərrəmli qeyd edib ki, ölkədə populyar televiziya kanalı olmadığı üçün populyar aparıcılar da yetişmir:

"Televiziyaçı gərək hər zaman orta səviyyəli tamaşaçını hədəf götürsün. Çox intellektual tamaşaçıya yönəlməyin öz problemləri var. Ən aşağı, zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil. Cəmiyyətdə orta tamaşaçı obrazı olmalıdır ki, sən daim onu nəzərdə tutub, onun üçün danışasan. Təəssüf ki, bizim bugünkü orta tamaşaçı dünən çoxluq təşkil edən bəsit tamaşaçı təbəqəsidir. Ona görə də indi keçmiş orta ilə intellektual aranı hədəfə almaq lazımdır. Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir. Çünki bizdə TV haqqında təsəvvürlər çox bəsitləşib, xəbər proqramları cılızlaşıb, ekranda mənəviyyatsız, boz və dayaz adamlar çoxalıb, efirdə fikir yoxsulluğu hökm sürür, əsl mənəvi böhran içindəyik.

Məsələyə nəzarət etməli olan Milli Televiziya və Radio Şurasının fəaliyyəti bu problemin həllində hərdən bir irad bildirməkdən o yana getməyib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, “özəl kanallar üçün “səhv yoldadırlar” və “düzgün iş görmürlər”demək doğru deyil. Biz insanlara seçim hüququ vermişik. Onlar yerli 10 kanalla bərabər istənilən dünya kanallarına baxmaq imkanına malikdirlər”.

Azərbaycanda fəaliyyət göstərən özəl televiziyaların dünya kanalları ilə rəqabətə girə bilmədiyini deyən N.Məhərrəmli bildirib ki, bunun üçün müəyyən qədər vaxt lazımdır.

Zeynal Məmmədli - Qulu Məhərrəmli

Politoloq, jurnalist və hazırda “Xəzər aktual” proqramının aparıcısı Elçin Mirzəbəylinin bu fikirlərə yanaşması fərqlidir. O bizimyol.info saytına verdiyi açıqlamada telekanllar barədə deyilən bütün tənqidlərin haqlı olmadığını söyləyib:

“Bu gün telekanllar prinsip etibari ilə məni qane edir. Düzdür, daha yaxşısı ola bilərdi, daha yaxşısını arzulayıram. Televizya haqqında məşhur bir söz var. Televizya 3 böyüq qüvvənin üzərində dayanır. Güclü müəllif, güclü rejissor, güclü operator.Bu komponenetlər bu gün bütün telekanallarda paralel inkişaf etmir. Bəzilərində güclü rejissor işi var, güclü operator işi yoxdur, bəzilərində güclü müəlliflər var, güclü rejissorlar yoxdur və s. bu gün Azərbayca telekanallarında kifayət qədər inkişaf da var. Televiziya sintetik sənətdir Baxır ona hansı prizmadan baxırsan. Bu prosesə münasibət bildirmək üçün peşəkar olmaq lazımdır. Televiziya özündə bir çox sahələri birləşdirir. Bunlardan ən az birini yaxşı bilmək lazımdır.

Hər kəs telekanallar haqqında fikir söyləyir.Çünki göz önündədir, hamı izləyir. Mən dövlət telekanalları haqqında fikir bildirməyəcəm.Çünki, onlar dövlət tərəfindən maliyyələşir. Lakin özəl kanallar biznes qurumlarıdırlar. Onlar gəlir əldə etməlidirlər.Müəyyən çətinlikləri var. Əgər kimsə düşünürsə ki, bu gün telekanllarda bütün gün vətənpərvrik və ya maarifləndirici proqramlar olmalıdır və hər kəs də bunu izləyəcək, yanılır. Tamaşaçılar xarici kanallarda nələrə baxırlar?Serialları və əyləncəli proqramları izləyirlər, dilini təkmilləşdirmək istəyənlər xarici dildə proqramlara üstünlük verirlər. Amma “Azərbaycan kanallarına baxılmır” demək kökündən yalnışdır. Araşdırmalar göstərir ki, izləyicilərimiz, xüsusən orta və yaşlı nəsil, bölgələrdə yaşayanlar yerli kanallara daha çox üstünlük verirlər. Baltanı kökündən vurmaq olmaz. İnsanlar bütün gün siyasi verilişlərə, disskusiyalara baxabilərlər? Əyləncə də lazımdır. Bu zövq məsələsidir. Zövq məsələsində birtərəfli yanaşma tətbiq etmək olmaz.

İxtisaslaşmış telekanallar barədə sualımızı cavablandıran Elçin Mirzəbəyli qeyd etdi ki, bu xaricdə də yaylmış təcrübədir:

“Bir ixtisaslaşmış xəbər kanalının olması hesab edirəm ki, normaldır.Amma yalnız iqtisadi, yalnız siyasi verilişlərə həsr olunmuş kanalın uğur qazanacağını düşünmürəm Mədəniyyət belədir ki, o maraqıdır, kütləni cəlb edir, genişşaxəlidir,sırf iqtisaiyyat barədə bunu demək olma”.

Bir zamanlar həzin səsi, yüksək aparıcılıq mədəniyyəti ilə ürəklərimizə yol tapmış tanınmış diktor Ofeliya Sənani saytımıza verdiyi açıqlamada hazırda telekanallarda senzuranın olmasının vacibliyini qeyd edib.

“ Azərbaycan televiziyası hər zaman mədəniyyət məbədi olub. Düzdür, bir çoxları deyirdilər ki, AzTV çox sərtdir, quru verilişlər hazırlayır.Mən AzTV və Mədəniyyət kanallarını çox izləyirəm.İnformasiya almaq üçün mənə yetir. Hazırda dublyajların vəziyyəti məni qane etmir. Aktyorların səsləndirməsi çox quru səviyyə aşağdır. Sanki aktyor yox, tərcüməçidirlər”. Keçmiş diktor aparıcılar barədə sualımıza hüznlü səslə heç kimi tanımıram, yadımda qalanı yoxdur dedi. “ Televiziyaların bir çox proqramları sponsorla işləyirlər. Sponsorları tapıb gətirən aparıcıdırsa reklam xətrinə onun etdiyi səhvlərə göz yumulur, nə deyib danışmasına heç kim əhəmiyyət vermir. Bir onu deyə bilərəm ki, hansı kanal olursa olsun senzura omalıdır. Azərbaycan televizyasına hər zaman sərt senzura qoyulub. Bu vacibdir. Bu gün telekanallarımız maarifləndirmə missiyasından uzaq düşüb. Bir peşəkar olaraq bilirəm ki, aparıcı olmaq asan iş deyil. Milyonların qarşısına çıxırsan. Bu böyük məsuliyyətdir. Elə senzuranın olmasının özü də cavan aparıcılara çox şey öyrədərdi. Görürsən efirə çıxıb cavan aparıcı, gülməyi, əylənməyi sevir, xarakteri necədisə o şəkildə də veriliş aparır, yaradıcılığını o yöndə irəlilədir. Senzura məhz belə şeylərə diqqət yetirməlidir”.

Keçmiş televiziya əməkdaşı və jurnalist Sülhiyyə Şirinova Bizimyol.info-ya açıqlamasında son illərdə yerli TV-ləri davamlı izləmək imkanı olmadığını söyləyib. “Amma aradabir baxdığım verilişlərdən gəldiyim qənaət budur ki, TV-lərimizdə bir-birini təkrarlayan, tamaşaçıya bir fərqli düşüncə, fikir aşılamayan verilişlər çoxdur. Aparıcılara gəlincə, onlar həm savadlı təqdimatı, təmiz nitqi, həm də normal xarici görünüşü özündə birləşdirən bir peşəni seçdiklərini bilməlidirlər və TV rəhbərliyi də bu tələblərə cavab verən insanları efirə çıxarmalıdır. Xüsusən xəbər aparıcısı üçün bu üç tələb pozulmamalıdır. Qüsurlu nitqi olan və ya verdiyi xəbərdən məlumatsız olan aparıcının təqdim etdiyi xəbərə baxmaq olmur. Təəssüf ki, belə aparıcılar da var televiziyalarımızda. Həftəsonu proqramların uğursuz tərtibatı isə əksər TV-lərin illərdir davam edən problemidir. Bu xoş olmayan ənənəni də dəyişmək vaxtıdır. Təbii ki, yaxşı aparıcılarımız da var”.

Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev telekanalların simaları olan aparıcılar barədə tənqidi fikirlər səsləndirib.

Qafar Cəbiyev Bizimyol.info saytına bildirib ki, bəzi teleaparıcılar efirimizin çox ciddi probleminə çevrilib: “Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz? Son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcaib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğurur:

“Teleradio yayımçılarının işi təkcə baxımlı proqramlar hazırlamaq deyil. Onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir. Bununla belə, özəl telekanallar həm də xalqımıza məxsus dəyərlərin qorunmasına, yaşadılmasına və təbliğ edilməsinə səfərbər etməyə borcludurlar. Xatırladaq ki, bu məqam “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb”.

Tanınmış teleaparıcı Sevda Ağazadənin fikrinə görə bu hallar müvəqqətidir və keçici xarakter daşıyır.

“Hesab edirəm ki, bu zamanla düzələcək məsələdir. Zaman özü hər şeyi yoluna qoyacaq. Amma bu fikirlə də razıyam ki, bu zaman kəsiyində gənclərimizin zövqü korlanır”.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »