Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində təhsil alan tələbə: "Təqaüd demək olar ki, hər şeyə yetir" - Foto

Ülkər Ələsgərova Çinin Hefei şəhərində magistratura təhsili alır. Azərbaycanda jurnalistika ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili alıb. Hazırda “University of Science and Technology of China” da Public adminstration ixtisası üzrə təhsil alır. Artıq bir ili başa vuran Ülkər “Xaricdə təhsil almağı həmişə çox istəmişəm” deyir. Müsahibimiz xaricdə təhsilin daha effektiv olduğunu düşünərək bu təcrübəni yaşamaq istədiyini vurğulayır.

- Ölkə seçimi edərkən nələrə diqqət yetirdiniz?

- Həmişə Asiyanı gəzmək-görmək istəmişəm. Amma seçim edərkən ən başlıca məsələ təqaüd proqramı tapmaqdır. Çünki təqaüd proqramı tapmasan həm işləyib, həm də oxumalısan. Bu da çox çətindir. Çindən əvvəl İtaliyada da təqaüd proqramı qazanmışdım. Lakin hər şey qarşılanmır deyə Çini seçdim. Təqaüd təkcə yolpulu və vizanı qarşılamır. Qalan hər şeyə yetir.

- Təhsil almaqla bərabər işləmək şansınız olurmu?

- Çində tələbə vizası ilə işləmək qadağandır. Təxminən, 450 dollar olan təqaüd demək olar ki, hər şeyə yetir.

- Dərslərinizin çətinliyi necədir?

- Dərslər ingilis dilində keçirilir, bu baxımdan çətinliyim yoxdur. Burada tələbənin imtahanı keçməsindən çox seminarlara qatılması tələb olunur. Tədrisdə digər tələblər aktual mövzular tapmaq, elmi məqalələr yazmaq, nəşr etdirməkdir. Həmçinin məzun olmaq üçün Çin dilini orta səviyyədə bilmək vacibdir.

- Universitet dərslərindən əlavə məşğuliyyətlərə şansınız olurmu?

- Universitetin özündə müxtəlif idman zalları var. Müxtəlif vaxtlarda yoqa, plates, rəqs dərsləri keçirilir. Müxəlif idman növləri ilə məşğul oluruq.

Çinin özünəməxsus idman növü var: Dragon boat. Qayıq sürmə idman növüdür. Keçən ildən komandalardan birinə qoşulmuşam və hazırda komandanın kapitanıyam.

- Tələbə yoldaşların ölkəmizi tanıyırlarmı?

- Tanımırlar. Çox zaman ancaq böyük ölkələri tanıyırlar. Bu bir az da onların coğrafi bilikləri ilə bağlıdır. Hər dəfə kimləsə tanış olanda xəritəni açıram, ölkəmizi göstərir, tanıtmağa çalışıram. Bloger Vahid Həsənovun müxtəlif bölgələrimizdən çəkdiyi video və fotoları göstərirəm. Çox bəyənirlər, mütləq ziyarət etmək lazımdır deyirlər.

- Sizdən başqa orada azərbaycanlı tələbələr varmı? Əlaqə saxlayırsınızmı?

- Mən qaldığım şəhərdə 10-12 azərbaycanlı var. Oxuduğum universitetdə də iki azərbaycanlı tələbə var. Eyni fakültədə oxuyuruq. Münasibətlərimiz yaxşıdır.

- Bu ölkəni seçmək istəyən tələbələrə tövsiyələriniz.

- Mühitə adaptasiya olmaqda çətinlik çəkən insanlar bu prosesi bir qədər çətin keçirə bilərlər. Çinlilər istiqanlı, azad fikirli insanlardır. Lakin qıcıq yaradan məqamlar da ola bilər. Məsələn, süfrədə anidən qışqıra-qışqıra danışa bilər, sür-sümüyü süfrəyə ata bilərlər. Bu çox insan üçün iyrənc görünə bilər. Özüm bura gədliyimdə özümü evimdəki kimi hiss etdim, çünki məndə adaptasiya olmaqla bağlı problem yoxdur. Lakin yeməklə bağlı problem yaşadım. Azərbaycanda da yeməklərə qarşı çox seçici idim. Buradakı yeməklər çox acılı və donuz ətindəndir. Hər ikisi də mənim seçimim olmadığı üçün bir müddət əziyyət çəkdim. Ümumilikdə mətbəxləri zəngindir. İlk başda qarışıq görünə də, sınadıqdan sonra dadlı olduqlarını görürsən. Çətinliklər daha çox bu istiqamətdə olur. Amma burada təqüdlə oxuyursan deyə pul dərdi çəkmirsən. İnsanlar çox xoşbəxtdir. Bizim insanlardan fərqli olan cəhətləri çoxdur. Məncə, hara getsən açıqfikirlə getməlisən. Onlar kimi etməsən də qarşılaşdığın vəziyyəti yola verməlisən. Təqaüd məsələsi həllini tapdıqdan sonra bu kimi məsələləri - mədəniyyət fərqini nəzərə alsınlar.

Aləmdə Nəsib, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »