Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşiş: “Özünə dindar deyən insanlar daha çox qan tökür” - Foto
Bakıda bir dini məbəd var. “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsi. Hər gün onun yanından ötüb işə gedib-gələndə müxtəlif millətlərdən olan xüsusi zəvvar geyimli insanların bu kilsəyə girməsi diqqətimi çəkirdi. Səliqəli həyəti var. Gül çiçəkli baxçası, yaşıl çəmənli   sıx ağaclı kiçik bağı kənardan insana gəl-gəl edir. Mən də getdim.

Bu dini məbəd 1912-ci ildə inşa edilib. Lakin Sovet dövründə, daha dəqiq desək 1934-cü ildə kilsə dağıdılıb. Bolşeviklər tərəfindən uçurulan “Bakirə Müqəddəs Məryəm” kilsəsinin xatirəsinə yenidən 2007-ci ildə dini məbəd tikilib. Kilsə Xətai rayonu, İzzət Orucov küçəsində inşa olunub. Məbədin rəsmi açılışı Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.

Katoliklərin ölkəmizdəki sayı o qədər də çox deyil. Hətta onlar sayca başqa xristianlardan geri qalırlar. Ancaq tarixi faktlar onu göstərir ki, Azərbaycandakı xristian konfessiyaları arasında katolisizm qədimliyinə görə Alban Kilsəsindən sonra gəlir.

...Mən kilsəyə gələndə dini ayin- messa zamanı idi. İbadət edənlərin sayı çox deyildi. 10 nəfər kilsə xorunun nümayəndələri var idi və təxminən elə 10 nəfər də messaya qulaq asan ziyarətçi. Ən son sırada bir hindli dayanmışdı. Ayaqqabılarını çıxarıb elə hindli qaydasında ibadət edirdi. Çinlilər və Malayziyadan olan ziyarətçilər isə adi qaydada dua edirdilər. Yanımda oturan birisi dua edənlər hər dəfə ayağa qalxdıqca qalxır, sakitcə dinləyib yenidən otururdu. Arada üzünü mənə tutub: “Mən əslində deistəm, katolik deyiləm, sadəcə, baxmağa gəlmişəm. Məni öz fəlsəfəmdən ayırmaq üçün bunlar gərək çox səy göstərsinlər” dedi. Mən də elə illərin mənə verdiyi təcrübə əsasında 25 yaşlarında olan bu cavan oğlana cavab verdim. “Fikirləriniz nə zamansa dəyişə bilər, bunun üçün kiminsə səy göstərməsi yox, sadəcə, yaşamaq lazımdır. Çünki həyat sürprizlərlə doludur”.

Messa bitir. Sonda ziyarətə gələnlərin hamsı bir –birinin əlini sııxır. Salamlayır. Bu da ayinin bir hissəsiydi.

Hər kəs dağılır. Biz həmkarımla birlikdə ayini yerinə yetirən keşişin işini bitirməsini gözləyirik. Ətrafa maraqla baxdığımızı hiss etmiş olmalıydı ki, keşiş özü bizə yaxınlaşıb, mehribanlıqla salamladı. Kilsənin keşişi Vladimir Baxa Çexoslavakiyada dünyaya gəlib. Milliyətcə slovakdır.

Azərbaycana  Roma Katolik Kilsəsinin təyinatı üzrə gəlib. Onu deyim ki, söhbət əsnasında əslində onun İslam dininə heç də isti münasibət göstərmədiyinin şahidi oldum. Və bizim  dövlət qurumlarında və ya dini idarələrdə çalışan məsul şəxslər kimi diplomatik dillə cavab verməyib, öz sərt mövqeyini, düşüncələrini hiss etdirdi. Doğrusu, keşişin bəzi mülahizələri o dərəcədə sərt idi ki, o cavablarını dərc etməmək qərarına gəldik.

Bizimyol.info katolik kilsənin keşişi ilə qısa müsahibəni təqdim edir.

-Azərbaycanlılar sizə necə təsir bağışlayır.

-Burda, məncə, insanlar daha azaddırlar. Azərbaycanda zəng etmədən günün istənilən saatında  tanışının evinə gedib söhbət  edə bilərsən.  İnsanlar daha ünsiyyətçildirlər, açıqdırlar. Təzə gələndə mənə qəribə gəlirdi. Elə şeylər var ki , Slovakiyada yoxdur elə şeylər var ki, Azərbaycanda. Müxtəlif  mədəniyyətlərə malikik.

-  Bizdə müsəlmanlar deyirlər ki, müsəlman hətta kilsədə də namaz qıla bilər. Əgər bunun üçün təmiz və ya uyğun yer tapmırsa, kilsəyə girib üzünü qibləyə tutmaqla namaz qıla bilər. Eyni zamanda başqa dinlərin nümayəndələri də rahat-rahat məscidlərə daxil ola bilərlər. Katolik kilsəsində  bir müsəlmanın və ya digər din nümayəndəsinin  ibadət etməsinə icazə verilirmi?

-Yox, bu bizdə qəbul olunmur. Roma Papasının və katolik kilsəsinin  müəyyən etdiyi  qaydalar var ki, bunlara əsasən katolik kilsəsində başqa  din nümayəndələrinin ibadətinə icazə verilmir. Ancaq giriş sərbəstdir, istənilən kəs buyurub gələ bilər. Burda kimsə girib namaz qılsa qarışıqlıq düşər, hərə öz dini üzrə ibadət etsə, bura axı kilsə olmazdı.

- Bəs deyək ki, kimsə gecələməyə yer tapmayıbsa və ya hansısa xristian turist bir gecə burda qala bilərmi?

-Yox buna da icazə verilmir. Bura evsiz-eşiksiz insanların məskəni deyil,

- Amma Tanrının evidir

-Bunun üçün xüsusi yerlər ayrılmalıdır. İbadətə gələn insanları kimsə öz pis qoxusu, kirli görünüşü ilə narahat etməməlidir.

-Nəzir qutusuna  atılan ianələrdən nə şəkildə istifadə olunur?

- Bu kilsənin saxlanılması üçün müəyyən vəsait tələb olunur. Ona istifadə edirik, bəzən imkansız adamlar gəlib xahiş edirlər, onlara yardım edirik. Dünən bir qadın gəlmişdi, qaz pulunu keçirə bilmirdilər, onlara yardım etdik. Ümumiyyətlə, imkan daxilində yardım üçün  müraciət edən insanlara əl tuturuq.

-Bir müsəlmanın müsəlman olması üçün kəlmeyi-şəhadət söyləməsi və buna qəlbən inanması lazımdır. Katolik olmaq istəyəndə necə?

- Müsəlman olmaq üçün bir sətir söz bəs olur, amma katolik olmaq üçün bu, bəs deyil. Mən bəzən  bura gələn və ya ətrafımda olan azərbaycanlılardan soruşuram: “Namaz qılırsan? İbadət edirsən?” deyir “yox, amma müsəlmanam”. Bu necə ola bilər ki, sadəcə o  müsəlman ailədə doğulub və böyüyüb deyə özünü müəsəlman hesab edir. Katolik olmaq üçünsə mütləq bir çox qaydaları, qanunları öyrənmək və Tanrının buyurduğu yollarla getmək lazımdır. Əsl katolik olmaq üçün dini kitabları yaxşı öyrənmək lazımdır. Amma hesab edirəm ki, müsəlmanlar dini kitabları  oxumadan daha yaxşı müsəlman olurlar, nəinki onu oxuduqdan sonra.

- Niyə belə düşünürsünüz?

-Peyğəmbərin yolu ilə getdiyini deyənlərin bir çoxu sonradan başkəsən olub.

-Bəlkə Siz İslam barədə  fərqli düşünürsünüz və ya düzgün bilmirsiiz?

- Yox, bizə bütün dinlərin tarixini öyrədiblər, əslində siz düzünü bilmirsiniz. Pakistanda, Əfqanıstanda özünə dindar  deyən insanlar daha çox qan tökürlər.

-Dediyiniz xətaları kilsələrə də aid etmək olar. Kilsələr qan tökməyibmi?

- Kilsələr düz 300 il müsəlmanların idarəsi altında yaşamalı olublar.

-Katolk kilsədə keşişlərin evlənməməsi Tanrının əmridir ya sonradan qoyulmuş bir qağadır?

- Bu Tanrı əmri deyil. Sonradan qoyulmuş qadağadır. Əgər keşişin ailəsi , uşaqları olsa o özünü dininə xidmətə tamamilə həsr edə bilməz, fikri dünyəvi işlərə qarışar, ailəsinin problemlərini həll etmək üçün nəfsinə də aldana bilər. Tutaq ki, beş uşaqlı bir keşiş hey çalışacaq ki, o uşaqların rifahı naminə varlansın. Var-dövlət və nəfs isə insan üçün bir sınaqdır.

- İslama bu qədər önyarqılı fikir sizing Tanrıda da var?

- Yox, Tanrı hamımızı eyni dərəcədə sevir. Biz hamımız Tanrının övladlarıyıq. Sizin uşaqlarınız bir – birləri ilə dava edəndə, incidəndə siz onların, sadəcə, sülh şəraitində yaşamasını istəyirsiniz, cəzalandırsanız belə, bu onu doğru yola dəvət etmək üçün olur. Tanrı özünü sirr kimi saxlayır ki, bəndə özü onu tapsın. O müqəddəs kitablarla onu tapmağa yol göstərir. Tanrını dinləyənlərə kömək edir, onun köməyini istəməyənlərə isə Tanrının düşməni  İblis yaxınlaşır, o himayədarlıq edir və yoldan azdırır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »