Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hipnoz dərmanla müqayisədə daha uzunmüddətli və bahalı metoddur"

Çox zaman insanlar arasında hipnoz mistik bir nəsnə kimi qəbul edilir. Bəziləri hipnozla hər şey mümkündür düşünərkən, bəzi insanlar əks mövqedən çıxış edir. Hipnozun aldatma, gözbağlayıcı bir metod olduğunu düşünənlər də var. Bəs görəsən, hipnoz nədir?

Bizimyol.info hipnozla bağı sualları psixiatr Fuad Bəşirova ünvanlayıb.

-Hipnoz nədir?

- Hipnoz təlqin metodudur. Təlqinin özü hipnozdur. Bu yuxu vəziyyəti yox, trans vəziyyətidir. Hipnoz edən zala müarciət etdiyində ki, əlinizi qaldırın, zaldakılar əlini qaldırırsa, bu hipnozdur. Biz gündəlik həyatımızda da hipnoz etmiş sayılırıq. Məsələn, alış-veriş zamanı satıcıya almaq istədiyimiz qiyməti təkrar-təkrar desək buna nail ola bilərik, bir halda ki, maya dəyərindən aşağı olmasın. Satıcı buna icazə vermədiyinə görə maya dəyərindən aşağı qiymətə ala bilmərik.

-Belə çıxır ki, kiməsə istəmədiyi bir şeyi hipnozla etdirmək mümkün deyil?

- Bəli, elədir. Bununla bağlı vaxtilə çox araşdırma aparılıb. Nəticədə məlum oldu ki, hipnozla heç kəsə istəmədiyi bir şeyi etdirmək, demək istəmədiyi bir fikri, sirri dedizdirmək mümkün deyil. Əgər əksi mümkün olsaydı müstəntiqlər hipnozu öyrənər,şübhəli şəxsi bu cür ifşa edərdilər.

Əgər hipnoz olmaq istəyən şəxs ona təqlin ediləni ayıb bilirsə, onunla bağlı fobiyası varsa etməz, hipnozdan ayılar.

-Bəs hipnozdan hansı hallarda istifadə edilir? Nə dərəcədə faydalı metoddur?

- Hipnoz bir terapiya metodudur. Hipnozda insan çox rahat olur. Ola bilsin ki, 7-8 saatlıq yuxudan əldə edə bilmədiyi dincliyi, istirahəti hipnoz altında 10 dəqiqəlik bir zamanda qazanır. Buna görə dərman qəbul etməsi məsləhət görülməyən xəstələrdə yardımçı bir metod kimi hipnozdan istifadə edirik. Hamilə və panik atak xəsətələrində , fobiyalarda, yuxu pozğunluqlarında hipnozdan daha çox istifadə edirik. Lakin dərmanla müqayisədə hipnoz daha uzunmüddətli və bahalı metod hesab olunur. Buna görə hər kəs bu metoddan faydalana bilmir.

-Hər kəs hipnoz ola bilərmi?

- Hipnoz olmanın özü də bir qabiliyyətdir. Hər kəs hipnoz ola bilmir. Hipnoz olmaq istəyən şəxsin hipnoz edənə güvənməsi, inamının olamsı vacibdir. Bir insanın hipnoz olmağa maraq və hədəfi varsa , hipnoz olacaq deməkdir. Hipnoz ola bilməyən insanlar da var. Bu insanlar çox narahat, inamı olmayan, hipnoz edən şəxsə güvənməyən adamlardır.

-Hipnozla yaddaşımızdan hansısa xatirələri silmək mümkündürmü?

- Çox vaxt sual verirlər ki, hipnozla unutmağa çalışdığım ilk məhəbbətimi, yaşadığım acı bir xatirəni unuda bilərəmmi? Təbii ki, bu mümkün deyil. Hipnoz nəyisə unutmaq vasitəsi deyil, sadəcə hipnozla problemə baxış bucağını dəyişmək mümkündür.

-Hipnozla dil öyrənmək mümkündürmü?

- Bəli, hipnozla dil öyrənmək mümkündür. Az vaxt çərçivəsində lazımı bilikləri öyrənmək istəyən şəxslər hipnozdan istifadə edə bilərlər. Unutqanlıq dərəcəsi başqa vaxt necədirsə, hipnozla öyrəndiklərində də elə olur. Hipnoz sadəcə öyrənmə zamanını qısaldır. Yəni, yaddaş və unutqanlıqda fərq yaratmır.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »