Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda “Titanik”ə qarşı 1 milyonluq cərimə qərarı

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti Bakıdakı “Titanik” otel və restoranının sahibi olan eyni adlı şirkətə qarşı 911 min manatlıq cərimə qərarı çıxarıb. Vergi işçiləri iddia edir ki, “Titanik” MMC büdcəyə bu vəsaiti ödəməlidir.

Bizimyol.info xəbər verir ki, Vergilər Nazirliyi qərarın icrası - şirkətdən 911 min 968 manat vəsaitin tutulması tələbilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia ərizəsində bildirilir ki, bu məbləğin 539 mini əsas borc, 372 mini isə faizdir. Bu hesablanan məbləğ də 2013-cü ilə qədər olan dövrə aiddir: “Borcu 5 gün ərzində ödəməsi üçün şirkətə bildiriş göndərilib. Lakin ödənilməyib”.

Məhkəmə nazirliyin iddiası əsasında qiyabi qətnamə çıxarıb, “Titanik”dən göstərilən məbləğin tutulmasına qərar verib. Şirkət bu qiyabi qərardan beş il sonra xəbər tutub, onun ləğvi üçün məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi həmin iş üzrə icraata xitam verib.

Vergilər Nazirliyi qərardan narazı qalıb şikayət versə də, nəticə dəyişməyib.

Məhkəmə qərarlarında yazılıb ki, maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün vergi orqanlarına məhkəmədə iddia qaldırmaq hüququ verilməyib. Çünki vergi orqanları özləri də bununla bağlı müəyyən məcbur etmə səlahiyyətlərinə malikdir. Vergi orqanı ancaq vergini ödəməkdən imtina edən şəxslərin əmlakının hərracda satılması kimi məsələlərlə əlaqədar məhkəmədə iddia qaldıra bilər.

Vergi orqanı Ali Məhkəməyə şikayətində yazıb ki, onlar “Titanik” MMC-yə borcu ödətdirmək üçün bütün addımları atıblar, daşınar və daşınmaz əmlakıyla bağlı araşdırma aparıblar, amma heç nə tapa bilməyiblər.

Bugünlərdə Ali Məhkəmə şikayətə baxıb və eyni əsasla Vergilər Nazirliyinin şikayəti təmin edilməyib.

Son xəbərlər
Bütün xəbərlər »