Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda gəmi təmiri zavodunda gözünü itirdi: “Zavod rəhbərliyi məni aldatdı”

Bakının Zığ qəsəbəsində yerləşən gəmi təmiri zavodunda usta işləyən Rical Qasımov iş vaxtı gözünün birində görmə qabiliyyətini itirib.

Amma zavod rəhbərliyi xəsarət faktıyla bağlı sənədi belə, ona vermək istəmir. Rical Qasımov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyindən kömək istəyib. Müfəttişliyin əməkdaşı da gəlib zavodun rəhbərliyi ilə görüşəndən sonra əməliyyatla gözündən dəmir qırıntıları çıxarılmış, göz alması götürülmüş adama “xroniki konyuktivit” rəyi verib.

Bizimyol.info xəbər verir ki, Rical Qasımov xeyli vaxtdır məhkəmə qapılarında qalıb. O, həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in Zığ Gəmi Təmiri Zavodunu, həm də Dövlət Əmək Müfəttişliyini məhkəməyə verib. İstəyir, məhkəmə onların üzərinə öhdəlik qoysun ki, iş yerində xəsarət aldığını təsdiqləsinlər.

Rical Qasımov deyir ki, zavodda qaynaq işi görəndə gözünə dəmir düşüb, bir qədər sonra kəskin ağrılar başlayıb. İki gün sonra zavoddakı tibb məntəqəsinə müraciət edib. Müayinə vaxtı gözündəki damarlar və göz qapağında yanıqlar olduğu aydınlaşıb. Bundan sonra “Xəzər Dəniz Gəmiçiliyi”nin 1 saylı poliklinikasına gedib. Orada da həkimlər sol gözünü müayinə edib, tibb məntəqəsində qoyulmuş diaqnozu təsdiqləyib. Deyiblər ki, “ola bilsin, gözündə dəmir var”. İki gün sonra poliklinikanın həkimləri sol gözündən 7 ədəd gözlə görünməyən dəmir qırıntısı çıxarıblar. Ancaq ağrı dayanmayıb. Ona görə bu dəfə Zərifə Əliyeva adına Oftalmologiya İnstitutuna müraciət edib. Gözünə düşmüş dəmir qırıntılarının yaratdığı fəsadlara görə Oftalmologiya İnstitutunda iki dəfə əməliyyat olunub, sol gözündə göz alması götürülüb. Hazırda sol gözü heç görmür.

Rical Qasımovun sözlərinə görə, zavodun məsul şəxslərinə müraciət etsə də, hadisəyə düzgün qiymət verilməyib: “Mənə dedilər ki, narahat olma, nə lazımdırsa, olunacaq. Axırda da məni aldatdılar. Qanunu pozdular. Məni çıxılmaz vəziyyətə saldılar. Dövlət Əmək Müfəttişliyinə müraciət elədim. Müfəttişliyin Azər adlı əməkdaşı mənim iştirakım olmadan zavodun direktoru Rəfael Mikayılovla görüşüb. Guya mənim şikayətimi araşdırmaq üçün getmişdi, amma Rəfael Mikayılovun dedikləri, bir də zavodun tibb məntəqəsinin “xroniki konyuktivit” və “OS virus konyuktivit” diaqnozu əsasında saxta rəy hazırladı”.

Xətai Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə aşağı instansiya məhkəmələrinin bu barədə qərarlarını ləğv edib. İşi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

Son xəbərlər
Bütün xəbərlər »