Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının yorğun sərnişinlərinə 300 avtobus alınıb

Son dövrlərdə marşrut xətləri üzrə bütün avtobuslara terminallar quraşdırıldı.

İlkin mənzərəyə görə kart sisteminə keçid olacaydı. Əhalinin sıx məskunlaşdığı Bakı sakinləri sevindi ki, yollarda dəqiqələr, bəzən saatlarla marşrut gözləməkdən canları qurtaracaq. “Hər sərnişini 20 qəpik gözündə görən” sürücülərin yollardakı rəqabəti sona çatacaq. Lakin bir sıra xətlərdə kart sisteminə keçid faktiki olsa da, Bakıətrafı rayon və qəsəbələrə gedən xətlərdə problem olduğu kimi qalmaqda davam edir. Nə avtobuslar yenilənib, nə gecikmələr aradan qaldırılıb. Gecikən avtobuslar, dayanacaqlarda toplanmış insan sıxlığı səhər və axşam saatlarında hələ də ən çox müşahidə elən hallardandır. Səhər işə, axşam evə gecikən insanlar mindikləri avtobusda da rahat ola bilmir. Bir əlində telefon, bir əli ilə yapışdığı rolun arxasında uşaq-böyük demədən siqaret tüstülədən, kobud, yüksək səslə şəxsi maşınında gedirmiş kimi musiqiyə qulaq asan sürücülərlə qarşılaşırsan. Hələ bununla da bitmir. Gecikmə olduğu üçün sərnişin sıxlığı yarandığından avtobusa minməkdə əziyyət çəkirsən. Bəzən gözləməkdən canı boğaza yığılan insanlar bir-birilərini itələyir, kiçik uşaqlar böyüklərin arasında əzilir. “Bəylər xanımlara yol verməlidir” fikri yaddan çıxır, yorğun insanlar nəzakət göstərəcək halda olmadıqlaırndan birtəhər minib mənzil başına çatmağın təlaşını yaşayır.

Əziyyətli yolculuq avtobusa mindikdən sonra da davam edir. Tozlu, qırıq oturacaqlarla qarşılaşırsan. Kondisoneri olmayan, boğunuq, isti havda bir də insan sıxlığı arasında bir təhər özünə yer etməyə çalışan insanlar arasından kiminsə “Qiymətlər qalxanda demişdilər xidməti yüksəltmək üçün qaldırırlar, bəs nə oldu? Bu marşrut düzəlmədi ki, düzəlmədi” deyə narazılığını eşidirsən. Elə ki avtobus yola düşür narazılıq da sakitləşir. Gözləməkdən əsəbi tarıma çəkilən biri narazılığa davam etsə, hökmən bir nəfər tapılır ki, “şoferin diqqəti dağılır, yaxşı bəsdi” deyib “sakitliyi” bərqərar etməyə nail olur. Təsvirini verməyə çalışdığımız problemlərlə bağlı suallarımızı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevə ünvanladıq. Mais Ağayev Bizimyol.infoya verdiyi açıqlamada bildirdi ki, avtobuslarda quraşdırılan terminallar BNA tərəfindən həyata keçirilməyib. Bir sıra problemlərin həlli yolunda kart sisteminə keçidin əhəmiyyətini vurğulayan sözçü qeyd etdi ki, ötən dövr ərzində bu istiqamətdə ciddi işlər görülüb, 500 avtobusda kart sisteminə keçid olub. Görülən işlərin davamı olaraq bu il Türkiyədən 300 avtobus alınıb. Avtobuslar yaxın aylarda mərhələli şəkildə Bakıya gətiriləcək. Gətirilən avtobusların hansı xətlər üzrə paylanılacağı istiqamətində müzakirələr gedir. Bu prosesdə vətəndaşların şikayətləri nəzərə alınır. Sözçü onu da əlavə etdi ki, ötən illərdə daşıyıcılara daha yaxşı xidmət göstərmələri üçün dövlət tərəfindən şərait yaradılıb, avtobus parklarının yaxşılaşdırılması və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı göstərişlər verilib. Buna baxmayaraq hansısa daşıyıcı xidmətdə xətalara yol verir və vətəndaşlara daha yaxşı xidmət göstərməkdən yayınırsa marşrut xəttindən kənarlaşdırılacaqlar. “Marşrut xətti heç bir daşıyıcaya özəl mülk olaraq verilmir. Müqavilə yolu ilə müvəqqəti istismara verilir” deyə qeyd edən Mais Ağayev vətəndaşların şikayət və narazılıqlarının daim nəzərə aldıqlarını vurğuladı.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »