Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşikçidağ bizim tariximizdir, bizim ərazimizdir”

Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” (gürcülər onu “David Qareci”adlandırır) monastır kompleksi ətrafında son yarımildə gürcü siyasətçilər tərəfindən zaman-zaman səsləndirilən iddialar və son günlərdə yaşanmış xoşagəlməz hadisə abidənin tarixi və statusu ilə bağlı aydınlaşma tələb edir.

Qafqaz Albaniyası dövrünə aid, azərbaycanlıların “Keşikçidağ” məbədi və ya “Qaraca” məbəd, gürcülərin isə “David Qareci” adlandırdığı monastır barədə tarixçi ekspert, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovla söhbət edirik.

Tarixçi alimin Bizimyol.info-ya müsahibəsini təqdim edirik.

-Rizvan müəllim, bu tarixi abidə barədə son günlər dönə- dönə məlumat verilib. Mənə maraqlıdır ki, nə üçün biz gərəkən zamanda bu abidənin gürcüləşdirilməsinə göz yummuşuq?

-Ərazi Azərbaycana aiddir. Sovet dövründə bu ərazi Azərbaycana aid idi. SSRİ dağılandan sonra bütün post- sovet məkanında olan ölkələr öz sərhədlərini razılaşdırdılar. Demarkasiya etdilər. Rusiya ilə sərhədlərimizdə qaranlıq məqam qalmadı, Ermənistanla göründüyü kimi ərazi davamız yarandı, torpaqlarımıza qarşı ərazi iddiaları müharibə ilə nəticələndi. O ki qaldı Gürcüstana, Gürcüstanla sərhəd ərazilərimizdə 81 kilometrlik ərazi üzrə razılaşma əldə olunmadı və bu da bu gün yaranmış problemin əsasına çevrildi. Gürcüstanla aramızda bir neçə mübahisəli nöqtə var ki, bunlardan biri də Keşikçidağ kompleksidir. Delimitasiya olunmayıb və çox ikibaşlı vəziyyət yaranıb. Gürcü tərəfi uzun illər bundan istifadə edərək orada öz tarixini yaradıb. Həm Çar Rusiyası həm də sovet dönəmində bu kompleksdə xristian olmalarından istifadə edərək müəyyən tarixi izlər yerləşdirməyi bacarıblar.Kilsələr monastrlar tikiblər.Böyük quruculuq işləri aparıblar.İndi onlar bu abidələri öz tarix kitablarına salıblar. Gürcüstanda yeni bir nəsil yetişib. Bunların arasında olan millətçilər Azərbaycan tərəfinə bu yolla təzyiq edirlər və Azərbaycana təzyiq göstərmək istəyirlər ki, delimitasiya olanda həmin ərazi, yəni, məbədə aid olan ərazi güzəştə gedilsin.

Mən çox istərdim həssas bir məqama toxunum. Birinci biz dəfələrlə gürcü tərəfin saxtakarlığının qarşısını almağa çalışdıq. Məbəd əraziində tapılmış bizə aid aş qablarını və digər tapıntıları gürcü mədəniyyətinin bir parçası kimi tanıtmağın qarşısını aldıq. Bu barədə məqalələr yazıldı, xəbərlər verildi.Elmi analizlərlə sübut etdik. Amma görünür ki, həm Gürcüstan hakimiyyəti həm də bu ideologiyanın arxasında dayanan gürcü kilsəsinin niyyətləri hər bir rəvacla buranı mənimsəməkdir.

İkinci məqama toxunmaq istərdim. Son günlədə həmin məbəd ətrafında baş verənlərdən, gürcülərin bizim sərhədçilərin silahını alması məsələsi ətrafında yaranan müzakirələrdən danışmaq istəyirəm. İctimaiyyət sərt şəkildə bəyan edir ki, əsgər güllə atmalı idi və s. Mən orada dəfələrlə olmuş bir insan kimi deyə bilərəm ki, bu ərazidə heç bir sərhəd xətti, sərhəd zolağı yoxdur. Delimitasiya, demarkasiya prosesi olmayıbsa, sərhədi ayıran qurğular, tikanlı məftillər, yoxlama məntəqəsi yoxdursa başqa cür addım atmaq olmazdı. Gürcü tərəfi sərhədi tanımır, burda Azərbaycan tərəfi özü məcbur olub ərazimizi qorumaqla orda sərhədçiləri yerləşdirib. Sərhədçilərimiz yolun üstündə durub və yol verir ki, gürcülər gəlib ziyarət etsinlər. Bu da bizim multikultural dəyərlərimizdən irəli gəlmişdi, güvənmidik, lakin Gürcüstan tərəfi bunu anlamadı .

Son günlərdə gürcülərin elə öz təşəbbüsü ilə bu əraziyə turistlərin gəlişi qadağan edilib.

Yenə deyirəm, orada olan sərhədçi atəş aça bilməzdi. Yəni sərhəd xətti tam müəyyən edilməyincə kimsə deyə bilməz ki bura mənimdir, ya sənindir. Yəni bu çox həssas məqamdır. Orda atəş açılmamalı idi, bunu bu təxribatı hazırlayan üçüncü tərəf çox yaxşı bilirdi.Yəqin hamı yaxşı anlayır ki, başqa bir istiqamətdə heç kəsin sərhədimizə yaxın gəlməyə və əsgərimizə qarşı belə addım atmağa hünəri çatmaz. Bizim əsgərlərimiz bunun qarşısını almağa qadirdir.

- Sabahı gün bizimlə gürcülər arasında bu ərazi uğrunda çox mübahisəli şərait yaranarsa, bizim alimlərimizin əlində onların sübutlarını məhv edəcək sanballı tarixi sübutlar varmı?

- Onlar artıq bunu etməyə çalışıblar. Təəssüflə deməliyəm ki, bu sahədə çox işlər görülməlidir.Gürclər bu məbədi David Qareci adlandırırlar. Bizim azərbaycanlılar hücrəyə çəkilmiş keşişə Qaraca deyirdilər. Yəni gəlib bu dağlarda ibadət etmək üçün mağaraya sığınmış və xristianlığı yayan süryani, suriyalı keşiş Davidin gürcülərlə bir əlaqəsi olmayıb. Düzdür, gürcülər xristianlığı yaydığına görə ona minnətdardırlar.Lakin bu adla mənimsəməyə cəhd əsassızdır. Bu bizim tariximizdir, bizim ərazimizdir.

Qeyd :

"David Qareci" qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David" və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir: "Monastır 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleni Qarabağdakı alban kilsəsi də yaşayır. Rus işğalına qədər alban kilsəsi müstəqil idi. Çünki albanlar pravoslav, ermənilər isə monofizit təriqətinə mənsub idilər. Bu isə faktiki olaraq onların birləşməsini əngəlləyirdi. Amma rus işğalından sonra çar hakimiyyəti alban kilsəsinin ermənilərə qarışmasını tələb etdi. O zaman buna qarşı müqavimət də vardı. Qarabağ xristianları çara məktubda özlərinin erməni yox, aqvanlar, utilər olduqlarını bildirirdilər. Amma az sonra İran və Türkiyədən gəlmə ermənilərin sayının ərazidə artması nəticəsində xristian albanlar ermənilər içərisində əridildi.

"David Qareci" də 11-12-ci əsrə qədər alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lord Kipianidze də etiraf edir ki, alban monastırı olan "David Qareci" Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi. Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Monqol işğalı dövründə digər xristian məbədləri kimi "David Qareci" monastırı xalq müqavimətinin mərkəzi idi". Ekspertin fikrincə, məhz bu amilə görə "David Qareci" gürcülər üçün müqəddəs ərazidir. Məlum olduğu kimi, sonrakı illərdə Gürcüstan ərazisində iki gürcü knyazlığı – İmeretiya və Kolxida çarlığı vardı. Hətta Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olub. A.Göyüşovun sözlərinə görə, monastır kompleksinin sərhəd əraziyə düşməsi Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir:

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olmuşdur. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır.

Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olmuşdur (XIX əsrdə). Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmamışdır. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »