Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qafqaz qambiti
Bahəddin Həziyev

Keşikçidağda baş verənlərə sözardı və baş verə biləcəklərə ön söz əvəzi

Keçikçidağ olayı haqqında bəzi fikirlərimi yazmaq istəyirəm. Baş verənlər bəllidir. Bir var "qanunilik imperativi", bir də var "effektivlik imperativi". Qanuni olan hər şey effektiv deyil. Və ya əksinə. Burda çox incə bir xətt var. Əsgərimiz mülki gürcü vətəndaşa atəş açmadı, bəli. Çünki əvvəla, belə bir əmr alıb; ikincisi, bizim əsgərimiz heç Qarabağda dinc erməniyə atəş açmırıdı, o da olsun, bu günkü Gürcüstanın mülki vətəndaşı. Bizim əsgərin şüurunda əlində silah olmayan atəş açmaq yoxdur. Əgər silahlı müqavimət yoxdursa. Ona görə də Qarabağ savaşında biz tərəfdən ermənilərə qarşı soyqırım, etnik təmizləmə və sair kimi insanlıq əleyhinə törədilmiş hərbi kütləvi cinayətlər yoxdur. Bu, əsgərin maymaqlığı deyil. Mülki şəxs - o Azərbaycanın öz vətəndaşı olsun, ya başqa bir ölkənin vətəndaşı olsun - qanunları pozursa (bir ölkənin suveren qanunlarının başladığı yer və bitdiyi yer onun dövlət sərhədidir), xəbərdarlıqlara tabe olmursa, sərhəd pozuculuğunu davam etdirirsə, ona qarşı güc tətbiqinə əsgərin icazəsi, atəş aşmağa legitim hüququ var. Hətta bu, onun vəzifəsidir.

Misal üçün, İranla Azərbaycanın dövlət sərhəddini pozaraq qaçaqmalçılıq edən İran vətəndaşlarına, eləcə də, öz vətəndaşlarımıza qarşı belə güc tətbiqindən istifadə olunub. Hətta ölüm halları da olur. Ancaq bu, iki ölkənin münasibətlırini pozmur. Çünki İran da onun dövlət sərhədində eyni qanunsuz əməlləri törədən və sərhəd xidmətinin qanuni tələblərinə tabe olmayan Azərbaycan vətəndaşlarına qarşı güc tətbiq edir. Əgər dövlətlərin öz sərhədlərini qoruma üçün silah-sursatdan istifadəyə beynəlxalq səviyyədə və milli qanunvericilikdə tanınmış haqqı olmasaydı, onda istər Gürcüstan sərhəd polisinin əməkdaşlarına, istərsə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına silah verməyə lüzum olmazdı ki. O başqa məsələ ki, əsgərin atəş açmayacağı hansı istisna hallar var. Bunlar xüsusi hallardır. Gürcüstan vətəndaşı qaçaqmalçılıq etməyibsə belə, Azərbaycan əsgərini təhqir edib, silahını əlindən almaqla cinayət törədib. Bu zaman əsgər, görünür ki, seçim qarşısında qalıb: özünü və silahını qorumaqmı, dövlətin maraqlarını qorumaqmı?! O, həmin şəxsə müqavimət göstərib zərərsizlədirə bilərdi, bunun üçün əlavə dəstək çağıra bilərdi. Bunun heç birisinə imkan olmayıbsa, xəbərdarlıq atəşi açmaq, silahlı müqavimət göstərmək haqqı da vardı. Ancaq o zaman əsgər özünü qorumuş olacaqdı; mülki gürcü vətəndaşına sərhəddən keçməyə icazə verilib və o sərhəddi pozmayıb, amma sərhədi keçdikdən sonra cinayət törədib və təbii olaraq da əsgərimizin silahlı müqavimət hüququ və hətta hərbi borcdan yaranan vəzifəsi vardı. Buna baxmayaraq, əsgər dövlətin maraqlarını qorumağı seçib. Gürcü vətəndaşı bu hərəkəti ilə iki ölkə və iki xalq arasında qarşıdurma yaratmaq, hər iki tərəfdən, çox sayda insanın zərər görə biləcəyi açıq münaqişəyə rəvac vermək üçün bu təxribatı törədib. Bizim əsgərimiz özünü və silahını qorumaq istəsəydi, o şəxsə xəsarət yetirəcəkdi, yaxud onu öldürə də bilərdi. Bu halda sual doğur: iki ölkə və iki dövlət, onların vətəndaşları bundan daha böyük zərər görməzdilərmi? Əsgər çox situasiyalarda belə seçim qarşısında qalır. Əgər hər bir əsgər yalnız öz həyatını qorumaq haqqında düşünsə, onların hamısına birlikdə "Ordu" deyə bilərikmi?! Əsgər elə onun üçün əsgrdir ki, öz fərdi marağını deyil, ölkəsinin, xalqının, dövlətinin marağını qoruyur. Yalnız öz canının hayına qalan adam əsgər ola bilərmi?!

Baxın, hətta gerçək general rütbəsi daşıyan bir hərbi qulluqçu da yeri düşəndə: "Mən bu dövlətin əsgəriyəm" sözlərini (həm də qürurla) deyir. Bunun açması "Hətta öz canımdan daha qiymətli olan dəyərləri qorumaq şərəfi mənə həvalə olunub" deməkdir. Əlbəttə, bu o demək deyil ki, hər kıs gəlib bizim əsgərimizi belə aşağılaya bilər. Bunun, əlbəttə, bir cəzası olmalıdır (ki, bunu Azərbaycan dövləti Gürcüstan dövlətindən tələb edib; cəza verəcəklər, ya verməyəcəklər - başqa məsələdir – amma cəza verilməsi üçün israrlı olmalıyıq). Ancaq əgər əsgərə hücum edən şəxsə və ya ümumiyyətlə, orda biz tərəfdən, ya o tərəfdən bir atəş açılsa, bunun sonrakı nəticələri daha ağır olar və bəlkə də biz qonşu dövlətlə qarşı duran tərəflər halına gələrik. Ona görə əsgər iki pis variant arasından seçim edib. Biri onun təhqir olunması və silahının əlindən alınmasıdır ki, əlbəttə, nəinki psdir, hətta çox pis hadisədir. İkinci pis variant isə çox pis deyil, fəlakətə bərabər və ya fəlakət doğura biləcək bir əməl olardı. Əsgərin hətta əmr almamış olsaydı belə, ikinci variantı seçməsi bizi Gürcüstan dövləti və xalqı ilə qarşıdurmaya gətirə, hər iki tərəf üçün dəhşətli nəticələr doğura bilərdi.

Bəli, deyəcəksiniz ki, Türkiyə də Rusiyanın hərbi təyyarəsini vurmuşdu, bu iki ölkəni müharubə həddinə gıtirib çıxarmadı. Türkiyə tərəfi üzr istədi, barışdılar və sair. Doğrudur. Ola bilsin, bir müddət münasibətlərdə gərginlik yaşanardı, sonra yavaş-yavaş da olsa, yoluna qoyulardı. Ancaq kim bunun belə olacağına təminat verə bilər?! İşin içinə dini duyğular qarışdığına görə münaqişə yaranmayacağı nə məlum?! Dini duyğular da bu işə qəsdən qarışdırılıb ki, xristian dünyasını, böyük gücləri bizə qarşı səfərbər edib güzəştlərə nail ola bilsinlər. Elə həm də bu üzdən orda dayanan əsgər mülki gürcü vətəndaşlara atəş açmamaq əmrini alıb. Bu əmri verənlər də qanunilik imperativindən yanaşmayıblar bu məsələyə. Effektivlik imperativini əsas sayıblar. Bu baxımdan, əsgərimizi belə kəskin formalarda qınamaq lazım deyil. Bəli, silahdan istifadə etmədən müqavimət göstərsəydi, ona xəsarət yetirilsəydi, necə olacaqdı?! Ola bilsin, bu baxımdan daha başqa bir doğru qərar da vermək olardı o durumda. Çünki əsgər öz silahını sona qədər qoruyub saxlamırsa, o silah ona niyə verilib?! O silah da, əsgər özü də, o sərhəd də dövlət məxsusdur. Əslində dövlətə təcavüz olunub. Bu üzdən, əlbəttə, baş verənlərə belə qəzəbliyik. Ancaq bu hadisənin bütün halları diqqətlə və obyektib araşdırılmadan, o insanların həmin zaman kəsiyindəki ruh halından tutmuş ərazinin relyefinə qədər, həmin gün orda yaranan vəziyyətin bütün başqa nüanslarına qədər ortada olmadan, əsgəri sosial şəbəkələrdə ittiham etmək və ya da əksinə qəhrəmanlaşdırmaq – bu hər iki yanaşma yanlışdır. Burda yanlış olan həmin əsgərin həmin mülki şəxslərlə üz-üzə gəlmısinə yaranmış şəraitdir.

Hər iki respublika 27 illik müstıqillik tarixlri ərzində bu problemi həll edə bilməyiblər. Bunun da Gürcüstan tərəfdən qaynaqlandığı deyilir. Bir neçə dəfə ölkəsində hakimyyəti dəyişən gürcü xalqı niyə bu sərhəd problemini həll edəcək siyasi iradənin təmsilçisini – Azərbaycanla bu problemi konstruktiv məcrada həll edə biləcək hökuməti ortaya çıxara bilməyib?! Axı bu konflikt potensialının nə zamansa hərəkətə gələ biləcəyini və üçüncü tərəflərin bundan yararlanacağını görmək çətin deyildi. Həmin o əsgərin silahını almaq, əslində, mənim ehjtimalıma görə, bir kəşfiyyat əməliyyatıdır; hər iki dövləti pat vəziyyətinə salmaq məqsədi güdüb, Bu, bir texnologiya, planlı əməliyat olaraq düşünülüb. Bundan bizim qədər Gürcüstan da zərər görəcək. Ola bilsin, o ölkənin indiki Prezidenti və hökuməti bunu görmür və ya özləri də bu işin hardasa bir hissəsində rol alıblar. Azərbaycana gəlincə, bizim də Gürcüstanı bu problemi həll etməyə, belə deyək, inandıra biləcək siyasi, diplomatik, iqtisadi və sair təsir vasitələrimizin çox olduğu zamanda bunu etməli idik. Xarici İşlər Nazirliyimiz, səfirliyimiz, Diaspora Komitəsi, eləcə də, başqa qurumlar bəs nə işlə məşğul olublar? Gürcüstandakı yüz minlərlə soydaşlarımızı öz demoqrafik gücümüzün bir hissəsinə çevirə bilməmişik, əksinə qarşı tərəf(lər) bunu bizə qarşı, bir növ, təzyiq amilinə çevirib (“Ona görə “tərəflər” ifadəsini işlədirəm ki, orda başqa qonşu olan və qonşu olmayan dövlətlər,hətta Ermənistan belə öz məxfi işlərini aparır).

Gürcüstan bizim üçün önəmli qonşudur. Ancaq Azərbaycan da Gürcüstan üçün daha artıq önəmlidir. Biz zamanında Gürcüstana, demək olar ki, havayı qaz verəndə və sair formalarda dəstək göstərəndə bilməliydik ki, bunun ardınca onlar havayı çox şey istəyə bilərlər. Baxın, Sovet İttifaqı superdövlət olan zamanlarda o, dünyanın yarısını - Afrikadan tutmuş Cənub-Şərqi Asiyaya qədər, Cənubi Amerikadan tutmuş Cənubi və Şərqi Avropaya qədər... çox ölkə və xalqlara təmənasız yardım edirdi. Ancaq özü çətin vəziyyətə düşəndə çox ölkə onun yanından qaçdı. Dövlətlərarası müansibətlərdə hər şey qarşılıqlı olmalıdır. Hər iki tərəfin maraqları nəzərə alınmalıdır; maraqlar arasında balans tapılmalıdır. Görünür ki, həmin prioritet maraqla arasında bu sərhəd probleminin həlli olmayıb. Olubsa da, sona qədər, ardıcıl müdafiə olunmayıb. Mən deyərdim, bu gün əslində Xələf Xələfov və eləcə də, bu günə qədər xarici işlər naziri olmuş adamların hamısı ən azı prokurorların, DTX müstəntiqlərinin "qonağı" olmalıdır. Onlara həvalə olunmuş dövlət postlarında oturaraq dövlətin maraqlarını qorumadıqları üçün cavab verməlidir. Ən başlıcası isə, delimitasiya və demarkasiya üzrə danışıqları mümkün qədər sürətləndirib bu problemi bacardıqca tez həll etmək, Gürcüstan hökumətini bu məsələdə daha konstruktiv mövqeyə gətirmək üçün bütün gücümüzlə çalışmaq lazımdır. Əks kalda Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaradılması təhlükəsi həm bizi, həm Gürcüstanı təhdid edir. Bundan qazanan isə, təbii ki, bu çoxgedişli Qafqaz qambitini quran üçüncü tərəf(lər) olacaq.

Paylaş »
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Evi sənədsiz olanların nəzərinə - Video
››› Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi
››› Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”
Son xəbərlər
Bütün xəbərlər »