Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!

İqbal Ağazadənin çox mədəni şəkildə müraciəti nədənsə və ya da elə bildiyimiz səbəblərdən, Kamal Abdullada çox qıcıq yaratdı. Deməli, Kamal Abdullanın bizə qarşı başlatdığı kampaniya, öz gücünü sərgiləməyi, onu tənqid edən mediaya qərəzli yanaşması, dostlarına-tanışlarına, içki pulu verib sifarişlə yazılar yazdırmağı təntənəli alqışlara layiqdir, lakin İqbal Ağazadənin bir gəncin taleyinə acıması qəbahətdir?! Nə gözəl məntiqdir! Bu məntiq nə akademikə, nə rektora, nə xalq yazıçısına yaraşan məntiq olmasa da, bu qıcıqlanmadan aydın olur ki, Kamal Abdulla çox aciz durumdadır. Hələ üstəlik təqvimi də səhv işləyir deyəsən, 5-6 ay öncə baş vermiş hadisəni bir il keçmiş kimi qələmə verərək, israrla, özü sirafişlə yazdırdığı yazıları yenidən oxumağa təhrik edir toplumu. Bəs maraqlıdır ki, onun dediyi rəsmi açıqlama, münasibət hardadır – Universitetin rəsmi səhifəsində? O səhifə ki, Kamal Abdullanın şəxsi saytı kimi fəaliyyət göstərir, yalnız özünüreklama xidmət edir, ordan tapacaqlar Vüsalə Ağabəyliyə, Pərvin Mürsəlovaya, Elmira Baxşəliyevaya və sair və ilaxır əməkdaşa qarşı törətdiyi əməlləri? Bir rektor ki, rəsmi səhifədə açıq-aşkar bəyanat verir ki, onu tənqid edən media orqanlarını məhkəməyə verəcək, bəyəm birtərəfli Kamal Abdullanın sifarişi ilə olan yazılara əsasən ictimai rəy verilməlidir? Bu qanunu da Kamal Abdulla yazıb görəsən?

Mənim Prezident İlham Əliyev cənablarına, Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətim onu niyə bu qədər narahat edir görəsən? Nə etməliyəm ki, ilk növbədə rektor olaraq, özünə müraciət etdim, heç reaksiya vermədi, Təhsil Nazirliyinə və digər aidiyyatı orqanlara müraciət etdim, açıqca bildirdilər ki, haqlıyam, lakin Kamal Abdulla ilə münasibəti pozmaq istəmirlər. Məhkəmələrə müraciət etdim, heç məni sorğu-sual etmədilər, qarşı tərəfin vəkili mənə təriflər yağdırmaqla, mənə yeni vəzifələr təklif etməklə, komediya nümayiş edirməklə hakimlər qərarı onun xeyrinə verirlər. Mən də AR Konsitusiyasına əsasən müraciət etmək hüququmu (Maddə 57/1,2) istifadə edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək" sözlərinə güvənərək, dövlətimizin qanunlarına arxalanaraq müraciət edirəm. Bu da olmaz?

Biz faktlardan danışırıq, qarşı tərəfin təşkil etdiyi yazılar isə söz yığınıdır, “bəytərifidir”. Biri Kamal müəllimin yaradıcılığından, biri BSU-dakı keçmiş fəaliyyətindən yazır. Mətləbə nə dəxli? Biz hələ onun yazarlığını tənqid etməmişikki? Biz onun ADU-dakı fəaliyyətindən danışırıq. Akademikdir, xalq yazıçısıdır, çox gözəl, ona layiq görülmüş titulların çəkisinə uyğun davransın o zaman. Mən bilmirəm Kamal Abdullanın ailəsi, hörmət etdiyi qadın və ya qadınlar varmı? Çox güman ki, yoxdur! Olsaydı, öz yaşının yarısı qədər olan bir qadınla qeyri-akademik üslubda danışmazdı və onu müdafiə edənlərə də icazə verməzdi. Kamal Abdulla akademikdirsə, rektordursa, xalq yazıçısıdırsa, onu müdafiə edənlərin məntiqindən belə çıxır ki, biz sadə insanları əzib keçməlidir? Bəyəm bu titullara sahib olmaq xüsusi imtiyaz verir ki, bizi əzsin? Ruhları çirkli olanlar hamını özü kimi düşünür. Kimsə əgər haqqı, həqiqəti deyirsə, əziləni müdafiə edirsə, düşünürlər ki, nəsə marağı var. Çünki özləri həmişə maraq çərçivəsində çıxış ediblər.

Kamal Abdullanı müdafiə edən söz toplusu olan yazıda təəccüblə, belə bir fikir irəli sürülüb ki, “elə bil sovet dövrüdür, Vüsalə Ağabəyli ləkələnmiş əmək kitabçasının davasını edir”. Sanki etməməliyəmmiş! İşinə yaramayanda sovet dövrünü, deməli, bəyənmir. Lakin irad bildirilərək deyiləndə ki, Kamal Abdulladan sonra universitet Sovet dövrünün bürokratik vəziyyətini xatırladır. Cavab verir ki: “Sovet dövrünün çox gözəl mənzərəsi olub. Sovet dövrünün yaxşı cəhətlərini götürüb bu günə tətbiq etmək lazımdır. Siz bilməlisiniz ki, bürokratik vəziyyət normal işgüzar münasibət deməkdir” (ADU-nun 25 dekabr 2018-ci il tarixli 03 saylı protokolu). Başqa bir maraqlı məqam da var ki, israrla göstərməyə çalışırlar ki, mən guya “kreslo” davası edirəm. Məntiqsiz mülahizədir, onlar kimi “kreslo” aşiqi olsaydım Kamal Abdullaya qarşı hələ dekan olarkən etiraz çıxışı edərdimmi? Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox! Deyir “dekanlıq ona atasından qalmayıb”. Üsluba bir baxın, necə Kamal Abdulla danışır, eləcə də Nərgiz Qurbanlının danışmağı təbiidir. Təbii ki, mənə kreslo atamdan qalmayıb, Nərgiz Qurbanlıya da heç olmasa, gözəl üslub qalardı atasından. Dekanın otağına hücum çəkib təhqir-söyüşlərlə danışanda bəs niyə atasının məşhur dilçi-alim olduğunu xatırlamırdı, amma özünüreklam etmək lazım olanda xatırlayır? Məncə bir övlad üçün ayıbdır atasını bu qədər hallandırmaq, ruhunu incitmək. Nərgiz Qubanlının atası alim olub deyə biz yıxılb ölməliyik, görəsən, qarşısında? Onun atası alimdirsə, mənim atam min alimə dəyər mənimçün. Mənə atamdan kreslo qalmasa da, bağlama-bağlama oxutdurduğu kitablar qalıb, bu gün mən o kitabların sayəsində o kreslolarda oturmuşam, kiminsə dostunun qızı olaraq yox! Qoy o cür kreslolar atasının sayəsində 4 il ADU-nu oxuyub ingilis dili bilməyən Nərgizə qalsın. Eyni üslubla görəsən Nərgizə və onun himayədarına müraciət etsək necə? “Rektor kreslosu görəsən Kamal Abdullaya atasından qalıbmı, ya onun şəxsi mülküdürmü istədiyi vaxt kimisə evindən qovduğu kimi işdən çıxartsın?”

Əslində bir neçə gün öncə saytlara verdiyi və universitetin rəsmi saytında da təmtəraqla yayınladığı yazısıyla nəhayət ki, indiyə qədər qaldırdığım bütün iddiaları təsdiqləyir. Yazıda göstərilir ki, bəli, həqiqətən də, biz düz deyirik, Kamal Abdulla öz komandasını gətirməliydi və Vüsalə Ağabəyli ilə də işləmək istəməyib. Əvvəla, bu fikir tam olaraq sübut edir ki, mənə verilmiş xitam əmri tam qondarma, düzülüb-qoşulma, qərəzli-planlı strategiya üzərində təşkil olunub. Biz də elə bunu deyirdik də! Bu böyük açıqlamaya görə təşəkkür düşür. İkincisi, Kamal Abdulla universitetə rəhbər gəlmişdi, şəxsi mülkinə qonaq qəbul etmirdi, ya da ki, futbol meydançasında deyildi ki, komanda ilə çıxsın. O universitetdə ona qədər də çalışanlar ziyalı kütləsiydi, 300-dən çox “ordusunu” ziyalı kadrları uzaqlaşdırmaq naminə universitetə yerləşdirməməliydi. Üçüncüsü, mən Kamal Abdulla gəlməmişdən cəmisi 2cə ay öncə dekan seçilmişdim, işləmək istəmirdisə onda elə gələn kimi deyərdi bunu, 2 il sonra yox. Təbii ki, həmin dövrdə tələbələrin təşkil olunmuş etiraz aksiyası mənə qarşı deyildi, o tələbələrlə hələ indi də çox gözəl münasibətimiz davam edir. Aksiyanı da kimlər təşkil etmişdi, nə üçün təşkil etmişdilər bunu da onlar özləri etiraf etdilər.

Üstəlik də, bütün iclaslarda sanki mələk və xilaskar kimi universitetə gələn adam olaraq özünü təqdim edir. Reallıq isə budur ki, bəli, Dövlət İmtahanı ilə bağlı tələbələrə öncədən lazımı zamanında düzgün informasiya verilməmişdi və onlar da təbii olaraq, çox narahat idilər bundan. Vəziyyətdən sui-istifadə edən bəziləri isə tələbələri iğtişaşa səsləyərək öz oyununu qurmuşdu. Lakin ADU tələbəsi hər zaman seçildiyi kimi, o vaxt da yüksək dərrakəsi ilə seçildi, Kamal Abdulla gələnə qədər, indiki Təhsil Naziri, o vaxtki, Nazir müavini Ceyhun Bayramovun izahatı ilə tam olaraq məsələnin mahiyyətini anladılar. Ceyhun Bayramov tələbələrə izah etdi ki, 9 kreditlik Dövlət İmtahanını verməyən tələbənin diplomu öz təsdiqini tapa bilmir, tələbə toplam 240 kreditini tamamlamadıqda Bakalavr diplomu və transkripti yarımçıq qalır. Bunu Kamal Abdulla etmədi ki, Ceyhun Bayramov etdi. Danışaq Kamal Abdullanın etdiklərindən, indiki Dövlət İmtahanından. İndi isə onun komandanısının üzvü Malik Kərimov 21 kreditlik pedaqoji və istehsalat təcrübəsini yerinə yetirməyən tələbələri nəyin əsasında Dövlət İmtahanına buraxır ondan danışsın məncə! Nəyin əsasında həmin tələbələrə fəxri məzun təltifnaməsi verilib, təbii ki, sosial şəbəkələrdə aktiv olaraq saxta və öz profilləri ilə onu müdafiə etmələri, xəbər daşımaları hesabına. Bəs digər tələbələrin nə günahı? Dürüst olan onun sevimlisi ola bilmir? Ona ancaq tərif lazımdır ki, onun sevimlisinə çevrilsinlər? Bəs bizi müdafiə edərək rəy yazan tələbələri niyə valideynləri ilə birlikdə universitetə çağırıb, rəylərini sildirib, polis hədə-qorxusu gəlinmişdiki? Bunlar diskriminasiya deyil bəs? Bəs rektor və onu müdafiə edənlər əmək münasibətlərində ayrı-seçkiliyə yol verən fiziki şəxsin Əmək Məcəlləsinin Maddə 16, 3 və 4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıdığını bilirmi?

Bəyənmədiyi Səməd Seyidov dövründə, Kamal Abdullanın özünün dediyi kimi BSU-dan baxıb ADU-nu “saxaraya-səhraya” bənzətdiyi dövrdə ADU müəllimləri nə büdcə problemi ilə üzləşirdilər, nə maaşlarından qanunsuz tutulmalar olurdu, nə də indiki kimi tələbə-işçi diskriminasiyası olurdu. Səməd Seyidovun dövründə 25-dən çox beynəlxalq mərkəz açıldı, universitetin çox gözəl xarici əlaqələri quruldu. İndi Kamal Abdulla cəmi 3 mərkəz - Azərbaycanşünaslıq (halbuki həm Azərbaycan dilçiliyi, həm Azərbaycan ədəbiyyatı kafedrası var), Rusiyaşünaslıq, Multikulturalizm mərkəzi açıb tərifi yerə-göyə sığmır, ingilis dili müəllimlərini də ixtisasartırmaya heç Baloniya və kredit sisteminə keçid etməyən, bizdən geridə qalan Rusiya universitetlərinə göndərir. Səməd Seyidov ingilis, fransız, rus və Azərbaycan dillərini çox mükəmməl şəkildə bilirdi. Səməd Seyidov akt zalında çıxış edəndə zor gücünə tələbə yığılmırdı ora, hamı heyranlıqla onu dinləyirdi, heç vaxt qeyri-etik ifadə işlətməzdi, işlədənə də yol verməzdi, səsini belə qaldırmadan hamını idarə edərdi. Təbii ki, onun da yanlışları olub, amma bizə-kollektivə bu gərginlik siraət olunmamışdı. Kamal Abdullanın hər yerdə dediyi “heç bir tələbəni müəllimin ayağına vermərəm” fikrinə ehtiyac da hiss olunmurdu.

Ümumiyyətlə, Kamal Abdulla bizim universitetə gələnə qədər bizdə "ayaq-baş" söhbətləri yox idi, tələbə-müəllim arasında o dərəcədə seçilən etik münasibətlər var idi ki, hətta müəllimlərimiz bizə, biz də öz tələbələrimizə "siz" deyə xitab edirdik. "sənli" müraciətlər və "ayaq-baş" söhbətləri, çəkişmələr, məhkəmələr və ikitirəlik məhz Kamal Abdulladan sonra başladı...

Ümumilikdə isə biz qanunvericilikdən, əsasnamələrdən, faktlardan danışırıq, Kamal Abdulla və onu müdafiə edənlər isə yaradıcılıqdan və nağıllardan.

Siz tələm-tələsik ört-basdır etməkçün işdən çıxartdığınız “ölü canlardan” danışın.

Qanunsuz olaraq müəllimlik fəaliyyətinə son qoyub qovduğunuz Pərvin Mürsəlovadan danışın.

Siz dağıdılmış universitet büdcəsindən danışın.

50 ildən çox fəaliyyəti dövrdə bircə dəfə xəstəlik kağızı olmayıb, sayənizdə xəstəxanaya düşən, lakin hələ də xəstəlik kağızı pulu ödənilməyən adına “sənəd oğrusu” damğası vurmağa çalışdığınız Elmira Baxşəliyevadan danışın.

Nüşabə Tanrıverdiyevanın işə gəlməyən qohumu Asudəyə hər ay verilən 326 manat maaşdan danışın. (Haqlı olmasaydıq dərhal onu çıxarmazdız işdən)

Siz bizim qanunsuz olaraq kəsilən maaşlarımızdan və haqsız yerə verdiyiniz töhmətlərdən danışın.

Bir şöbədə adı gedib başqa şöbədə işləyən kadrlarınızdan danışın.

Malik Kərimovun və Nüşabə Tanrıverdiyevanın imtahan və kəsr macəralarından danışın.

Milli medianın qarşısını almaq cəhdlərinizdən danışın.

Məcburən ərizələrini yazdırıb işdən çıxartdığınız əməkdaşlardan danışın.

Heç bir əsasnaməyə uyğun olmayan sayı 6-7-ni də hətta keçən müşavirlərinizdən danışın. AR Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 17 saylı qərarına əsasən Təhsil müəssisələri üçün təsdiq olunmuş ştat cədvəlinə də nəzər salın, görün universitetdə qulluqçu vəzifələr arasında 6-7 nəfərlik müşavirə əməkhaqqı ayırmaya icazə varmı? 18000 lik tələbəsi olan APİ-də yalnız bir nəfər müşavir olduğu halda, 7000 lik ADU-da necə 6-7 müşavir fəaliyyət göstərir ki? APİ-nin müəllimlərinin maaşını ADU-nun müəllimlərinin maaşı ilə müqayisə etməkdənsə, müşavir “ordusunu” müqayisə edin və bizim kəsilmiş əməkhaqlarımız xatırlayın bəlkə vicadınınız sızlayar.

Mən Kamal Abdullanın üzərimə hücuma keçdiyi orduya qarşı təkbaşına da özümü müdafiə edə bilərəm, lakin o təkbaşına bacarmayacağını da, acizliyini də mənə qarşı başlatdığı kampaniya ilə sübut etdi.

Son xəbərlər
Bütün xəbərlər »