Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstələrə ev heyvanları ilə görüşməyə icazə verilir: “Çünki xəstələrin əhvalına müsbət təsir göstərir”

Bilirdinizmi ki, ev heyvanları xəstə insanın ovqatını yaxşılaşdırmağa qadirdir?

Ev heyvanlarının sahibini qucaqlaması, yalaması, öz sevgisini biruzə verməsi insanda çətinliklərin yaratdığı mənfi enerjini qova bilir.

Xüsusən Qərb ölkələrində xəstəxanada olan insanlar təkcə evlərindən, ailələrindən uzaqda olduqlarına görə yox, həm də sevimli heyvanları üçün darıxırlar.

Bizimyol.info xəbər verir ki, Kanadada xəstəxanada müalicə olunan şəxslərin yanına onların sevdikləri ev heyvanlarının gətirilməsinə icazə verilib.

Zaxariya Noblyu xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onda bu xəstəliyin aqressiv, kimyaterapiyaya tabe olmayan forması aşkarlanıb. O, uzun müddət xəstəxanada saxlanılıb. Bu müddətdə ailə üzvlərilə yanaşı, sevimli itləri üçün də darıxıb, onları görmək istədiyini bildirib. Tibbi briqada itlərinin onun yanına gəlməsinə icazə verib.

Zaxariya deyib ki, itlərinin hər ikisini görəndən sonra əhval-ruhiyyəsi yaxşılaşıb, özünü əvvəlkindən daha yaxşı hiss eləməyə başlayıb.

Həkimlər bildirib ki, onlar da bu görüşdən sonra Zaxariyada stressin azaldığını müşahidə ediblər.

“Onda sanki yaşamaq eşqi artdı. Tez sağalıb evə getmək həvəsi yarandı”, - xalası Dонна Cеnkins belə deyib.

Zaxariya ölümündən öncə başqa xəstələrin də evdəki sevimli heyvanlarının onların yanına gətirilməsinə icazə verən layihə hazırlamağa imkan tapdı. Xalası ona söz vermişdi ki, bu layihənin həyata keçməsinə nail olacaq.

“Şəfa üçün Zaxariyanın pəncələri” adlanan layihənin həyata keçirilməsi çətin olsa da, mümkün oldu. Onun xalası bu məqsədlə Juravinski xəstəxanasının tibb heyətilə sıx işlədi, yoluxucu məqam da daxil, bütün məsələlər hərtərəfli öyrənildi. Tibbi personal əmin olmaq istəyirdi ki, ev heyvanları ilə təmas zamanı xəstələri mümkün infeksiyalardan qorumaq mümkün olacaq.

Layihə zamanı xəstələrlə yanaşı, xəstəxanaya gətirilən ev heyvanlarının da maraqları baxımından araşdırma aparıldı. Öyrənildi ki, xəstəxanaya gətirilmələri onlar üçün gərgin atmosferə səbəb ola bilərmi?

Zaxariya və xalasının sayəsində son nəticədə layihə gerçəkləşdirildi. İndi o xəstəxanada yatanlar sevimli heyvanları ilə görüşə bilirlər.

Son xəbərlər
Bütün xəbərlər »