Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycana əvvəlkindən fərqli münasibət formalaşır”

Politoloq Nəzakət Məmmədova: “Avropa İttifaqının ölkəmizə diqqəti getdikcə artır”

Məlum olduğu kimi, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci sessiyasında qəbul olunmuş yekun Bəyannamənin 22-ci maddəsində ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova dövlətlərinin ərazisindəki münaqişələrə eyni prizmadan yanaşılıb; ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri hər dörd dövlətə eyni dərəcədə münasibət göstərilərək vurğulanıb. Əvvəl Ukrayna, Gürcüstan və Moldova bir, Dağlıq Qarabağ məsələsinə görə Azərbaycanla bağlı müddəa başqa maddədə əks olunurdu. Bu Bəyannamə Ermənistanın narahatlığına və narazılığnna səbəb olub. Bəyannamə ATƏT-in Nazirlər Şurasına verilib və bundan sonra Azərbaycana da Ukrayna, Gürcüstan və Moldovaya olan münasibət göstəriləcək. Bundan başqa sənəddə Dağlıq Qarabağla yanaşı olaraq, 7 rayon da ( adbaad sadalanmaqla) Azərbaycanın ərazisi kimi qeyd olunub. Eyni zamanda Azərbaycan təmsilçisi olaraq Azay Quliyev ən çox səslə yenidən ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilib.

Bu məsələ ətrafında rəsmi mətbuatda gedən şərhlərdə vurğulanır ki, Prezident İlham Əliyev hələ Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda aparılan işlər nıticəsində qurum Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial qərarlar vermişdi. Sonralar buna uyğun başqa qərarlar da qəbul edilib. 2017-ci il noyabrın 24-də Avropa İttifaqının sammitində də “Şərq tərəfdaşlığı” Proqramına üzv olmuş ölkələrin ərazi bütövlüyü məsələsi də vurğulananada Azərbaycan da burada qeyd olunmuşdu. Eyni zamanda belə şərhlər də verilirb ki, Prezident İlham Əliyevin müdafiə diplomatiyasından hücum diplomatiyasına keçid konsepsiyasının reallaşması nəticəsi olaraq bu nəticələr qazanılır.

Bu məsələlərlə bağlı Bizimyol.info tanınmış politoloq, beynəlxalq münasibətlər üzrə təkcə Azərbaycanda deyil, Avropanın bəzi nüfuzlu ekspert dairələrində qəbul olunan Nəzakət Məmmədovaya müraciət edib.

- Nəzakət xanım, son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstək daha tez-tez ifadə olunur. Sonuncu belə sənəd ATƏT-in Parlament Assambleyasının 28-ci məlum sessiyasında qəbul olunan Yekun Bəyannamədir. Bu haqda Sizin şərhinizi almaq maraqlı olardı?

- Bəli, son günlər ard-arda ən nüfuzlu beynəlxalq siyasi-hərbi təşkilatlar və onların nümayəndələri Azərbacanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən bəyanatlarla çıxış edirlər. Belə ki, Bakıda olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters bəyan edib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Ondan əvvəl isə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk regiona səfəri zamanı çox obyektiv mövqe nümayiş etdirərək, Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünün təmsil etdiyi təşkilat tərəfindən tanındığını bəyan etdi. AB və Azərbaycan arasında qarşıdakı dövrdə imzalanması gözlənilən Tərəfdaşlıq sazişində ölkəmizin ərazi bütövlüyünə dəstək müddəası mütləq şəkildə ehtiva ediləcəkdir. Prezident Əliyevin bununla bağlı fikirləri diqqətəlayiqdir: "Biz Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur". AB rəsmisinin regiona səfəri çərçivəsində həm də ATƏT Minsk qrupu həmsədrlərinə münaqişənin həllinin Helsinki Yekun aktı prinsipləri əsasında sürətləndirilməsi, xalqların sülhə hazırlanmasının təşviq edilməsi AB-nin regionda aparıcı gücə çevrilmək planlarının təzahürüdür. Bu, ondan xəbər verir ki, artıq Avropada qərarvermə səlahiyyətlərinə malik mərkəzlər Azərbaycanla bağlı əvvəllər olduğu kimi ikili standartlardan yox, daha obyektiv mövqedən yanaşma ortaya qoymaq fikrindədirlər.

- Sizcə, bu qurumların öz mövqeyində korrektələr etməsi nə ilə bağlıdır? Bunun səbəbləri nədir?

- Avropa Birliyi, NATO, ATƏT kimi təşkilatlar regionda gedən geosiyasi savaşda obyektiv, ədalətli mövqe ortaya qoymadan bölgə ölkələrinin, onların siyasi elitasının və ictimai rəyinin rəğbətini qazana bilməyəcəklərinin labüdlüyünü dərk edirlər. Bu təşkilatların geosiyasi, siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat-kommunkasiya sahələrində maraqlarının səmərəli şəkildə təmin olunmasında, dünya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab oluna bilər. Avropa Birliyinin Azərbaycanı strateji əhəmiyyətli tərəfdaş ölkə kimi görməsi əlbəttə ki, çox təqdirəlayiqdir. Digər tərəfdən, İranın ABŞ tərəfindən sanksiyalara məruz qaldığı bir dövrdə AB-nin yaxın müttəfiqi olan İranın dünyaya əsas çıxış yollarından biri Azərbaycandır. AB Azərbaycanın İrana münasibətinin və normal qonşuluq əlaqələrinin dəyişməz olaraq qalmasında maraqlıdır və ölkəmizi buna təşviq etməyə çalışır. Azərbaycan, prezident İlham Əliyevin də qeyd etdiyi kimi Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya yollarının qovuşağında yerləşən tək, unikal ölkədir və bu, AB-nin diqqətini ölkəmizə çəkən amillərdən biridir.

- ATƏT öz Minsk Qrupu və baçqa mexanizmlər vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin hnizamlanması ilə məşğuldur. Parlament Assambleyasının qəbul etdiyi bu sənədin bu baxımdan nə kimi praktik əhəmiyyəti var?

- NATO, AB və ATƏT kimi təşkilatların bu bəyanatları münaqişənin ədalətli həlli üçün zəmin yaratsa da, lakin real siyasi vəziyyət hələ ki, Ermənistanın destruktiv fəaliyyəti ucbatından münaqişənin həllinin yaxín zamanlarda həllinin o qədər də inandırıcı olmadığını göstərir.

Gülnarə ƏMİRQIZI, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »