Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bir çox insanlar (yəqin ki, daha çox da kişilər) özlərini inandırıblar ki, qadın – zəif məxluqdur. Bəlkə də qadınların simasında özünə rəqib görənlər buna inanmaq ehtiyacı hiss ediblər. Bəlkə də İvan Buninin: “Qadının ən güclü silahı – zəifliyidir” sözlərini oxumayıblar, ya da oxuyub unudublar. Əslində dönüb geriyə baxanda qadınların heç də tarix boyu kişilərdən az qüdrətli olmadığını görürük. Bəlkə də Buddanın: “qadın hər şeyi fitrətən bilir, kişi kitablardan oxuyur” həqiqəti də buna söykənir.

Tarix bizə öz ölkəsini dağılmaqdan xilas edən və qüdrətləndirən çox qadın dövlət xadimini tanıdıb – Misiri qoruyub saxlamış Nefertitidən tutmuş Kleopatraya qədər, İngiltərəni günəşin batmadığı ərazilərdən ibarət İmperiyaya çevirmiş Viktoriyadan tutmuş “dəmir ledi” Marqaret Tetçerə qədər... Məgər Şah İsmayılın Taclıbəyimini və ya öz oğlu - Ağqoyunlu hökmdarı, oğlu Uzun Həsənin ən yaxın silahdaş olmuş anası - böyük dövlət adamı və diplomat Sara Xatunu unutmaq olar?!

Bəli, tarix göstərir ki, bu gün Azərbaycanın müasir həyatında, onun beynəlxalq aləmdə öz yerini tutmasında çox böyük rol oynamaqda olan Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva fenomeni heç də yox yerdən yaranmayıb. Onun siyasi varlığı, dövlət məsuliyyətini Prezident İlham Əliyevlə bölüşməsi, dövlət xadimi və mahir diplomat kimi fəaliyyəti heç də səbəbsiz, köksüz deyil. Məşhur fransız yazıçısı, Nobel Mükafatçıs Anatol Frans da boş yerə deməyib: “Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq qadınla bölüşmək lazımdır”. Prezident İlham Əliyev də məhz bu müdrik məntiqə söykənərək dövlətin məsuliyyətinin bir hissəsini Mehriban xanıma həvalə edib. Və təbii ki, bu məsuliyyətli vəzifələrin arasında Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan dəyərlərini Dünyaya yaymaq və Azərbaycanın xarici ölkələrlə, beynəlxalq qurumlarla, ayrı-ayrı beynəlxalq nüfuzlu dairələrlə əlaqələrinin, qarşlıqlı münasibətlərinin qurulması, genişləndirilməsi və möhkəmləndirlməsi də var.

Birinci vitse- prezident Mehriban Aliyeva 1

Bu yerdə bir iqtibas gətirmək istərdik. Uzun illər Heydər Əliyev Fondunun icraçı direktoru kimi , hazırda həm də Birinci vitse-prezidentin köməkçisi olan Anar Ələkbərovun Mehriban xanım Əliyeva haqqında yazdığı “Mehriban” adlı kitabında çox maraqlı faktlar göstərir. Həmin kitabdan kiçik bir parça: “ 2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan: “Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir” söyləməsi xoş və unudulmaz təəssürat bağışladı”.

Bu sətirlərin daxili məntiqi odur ki, Azərbaycanı Dünyada tanıtmaq, həm də özəllikləri, gözəllikləri, dəyərləri tanıtmaq üçün gərək sənin özünü məhz bu cür tanısınlar. Azərbaycanı xarici ölkələrdə sevdirmək istəyən insanın gərək özünü sevsinlər, özünə inansınlar. Bu zaman onun təqdimatında ölkəmizə maraq yavaş-yavaş münasibətə, münasibət isə sevgiyə dönəcəkdir. Mehriban xanım Əliyeva məhz belə bir nümunədir. Əlbəttə, ölkə Prezidentini hamı tanıyır, qəbul edir, onun öz ölkəsinin seçicilərindən mandatı var, bu seçimə və onun öz şəxsiyyətinin gücünə, eləcə də, beynəlxalq siyasətdəki iştirakına xarici ölkələrdə bələddirlər və hörmətlə yanaşırlar. Ancaq Mehriban Əliyeva üçün İlham Əliyev kimi belə bir güclü siyasi liderin yanında beynəlxalq siyasıt üçün yetişmək, fərqlənmək, öz fərdi siyasi-diplomatik gücünü (əslində zərifliyinin gücünü) ortaya qoymaq çox da asan olmayıb. Kifayət qədər inkişaf etmiş, böyük və güclü dövlətlərin qadın rəhbərləri arasında da heç də dünyada kifayət qədər tanınmış ola bilməyənlər, öz gücünü, ölkəsinin çəkisni göstərə bilməyənlər var. Bu mənada Mehriban Əliyeva özü dünya siyasətində bir fenomendir, hadisədir.

Politoloq Nəzakət Məmmədova da bizimyol.info-ya açıqlamasında Azərbaycanın beynəlxalq münasibətlırinin qurulmasında Mehriban xanım Əliyevanın roluna məhz bu kontekstdə yanaşıb: “Gözəl və zərif cinsin nümayəndələri artıq çoxdan sübut ediblər ki, dünya problemlərinin həlli təkcə möhkəm, zəhmli kişi ağlına yox, həm də incə, zərif və mərhəmətli qadın ürəyinə tabedir. Bəzən deyirlər ki, guya qadın və siyasət bir yerdə uyğun olmayan fərqli məfhumlardır. Lakin bəşəriyyət tarixi və yaşadığımız müasir dünya

reallıqları bu yanaşmanın tamamilə yanlış olduğunu göstərir. Çünki qarşılaşdığımız problemlərin mütləq əksəriyyəti qadın və kişilərin problemləri deyil, ümumi müşkülatlardır və onların həlli birgə yanaşmanı tələb edir. Bu mənada Mehriban xanım Əliyevanın siyasi proseslərə qoşulması, praqmatizmi və humanizmi özündə birləşdirən müdrik siyasətçi kimi fəaliyyəti, prezidentin və xalqın etimadını doğrultması ona ölkənin ikinci şəxsinə çevrilmək haqqı verdi”.

Birinci vitse- prezident Mehriban Aliyeva

Politoloq deyir ki, Mehriban Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir: “O, ölkə xaricində, o cümlədən erməni diasporunun fəal olduğu ölkələrdə ermənilərin anti-Azərbaycan təbliğatını alt-üst edir, Azərbaycanın ermənilərin təbliğ etdiyi kimi barbar ölkə olduğunu yox, yüksək mədəniyyətin beşiyi olan müasir dövlət olduğunu məhz ermənilərin və onların havadarlarının qəlbinə öz fəaliyyəti ilə xəncər kimi saplayır. ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü, illərlə anti-türk və anti-Azərbaycan siyasəti ilə seçilmiş, Dağlıq Qarabağın qondarma rejimi ilə qardaşlaşmış şəhərlər adı altında əməkdaşlıq edən Fransanın mərkəzində ölkəmizin təbliğatını qurmaq, bu işdə şəxsən iştirak edərək Fransanın ən nüfuzlu siyasətçilərini Azərbaycanın dostuna çevirmək məhz Mehriban xanımın fəaliyyətinin nəticəsidir. Ermənilərin illərlə xaricdə apardığı anti-Azərbaycan təbliğatı puç edən də məhz Mehriban xanımdır. Onun fəaliyyəti həm də dünya siyasətində böyük nüfuza malik olan güc mərkəzi, Avropa ölkələrinə və ABŞ-ın siyasətinə təsir imkanları olan Vatikanla yaxınlıqdır. Mehriban Əliyevanın fəaliyyəti həm dünya siyasətində, həm Azərbaycan diplomatiya tarixində yeni bir istiqamətdir. Bu, humanizm, müdriklik, praqmatizm, eyni zamanda, gözəllik, zəriflik və cəsarətin harmoniyasından ibarət olan unikal bir məktəbdir”.

Doğrudan da, Azərbaycanın xarici ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsində Mehriban xanım Əliyevanın oynadığı mühüm rolun, göstərdiyi xidmətlrin çox maraqlı və çox da dəyərli, əslində onun, necə deyərlər, öz adına, həm də təbii ki, ölkəmizin adına layiq bir tərəfi, cəhəti də var. Mehriban xanım bu münasibətləri məhz humanitar, mədəni əlaqələr kontekstindən, xeyirxahlıq üzərindən, qarşılıqlı sevgi, sayğı və hörmət üzərindən qurur. Onun səyləri ilə Pakistanda qızlar üçün məktəbin açılmasından tutmuş, Romada tarixi katakombaların təmir-bərpa edilməsinə, Azərbaycan mədəni irsini dünyaya təqdim etməsindən tutmuş dünyanın bir çox qədim, mədəni abidələrinə göstərdiyi diqqətə və dəstəyə qədər misallar gətirmək olar. Ən son iki misalı göstərək. Mehriban Əliyevanın YUNESKO ilə münasibətlərin qurulmasında oynadığı rol danılmazdır. Özü də YUNESKO-nun, eləcə də, İSESKO-nun xoşməramlı səfiri olaraq bir çox beynəlxalq humanitar aksiyalara dəstək vermiş, böyük layihələrə imza atmışdır. Məhz onun göstərdiyi səylər nəticəsində bu günlərdə Şəki Xan Sarayının və Şəki şəhırinin tarixi mərkəzinin adları YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salındı. Buna qədər Azərbaycanın bir çox tarixi qədim maddi və mədəni abidələri, o cümlədən, muğamlar bu siyahıya daxil edilib və bu işdə Mehriban Əliyeva fenomeninin xüsusi, misilsiz, danılmaz rolu var. Eyni zamanda bu yaxınlarda Paris Notrdam Kilsəsi kimi bütün insanlığın maddi-mədəni abidəsi olan bir dəyərə Mehriban Əliyevanın diqqəti və dəstəyi də çox anlamlı oldu. Onun təşəbbüsü ilə məhz Avropa Şurası üzvü olan ölkələrin nümayəndələri üçün mahnı müsabiqəsi olan Avroviziyanın 2012-ci ildə, Birinci Avropa Oyunlarının 2015-ci ildə, Dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə və Avropa Kubokunun final mərhələsi oyununun 2019-cu ildə, eləcə də, artıq bir neçə ildir ki, Formula-1 Qran Prisinin Bakıda keçirilməsi, ölkəmizdə Qlobal Humanitar Forumların, sivilizasiyalar arası forumarın, eləcə də, bu günlərdə, YUNESKO-nun forumunun keçirilməsi, BMT-nin Dövlət Xidmətləri Forumunun təşkili Azərbaycanın xarici dövlətlərlə münasibətlrinin inkişafına sıçrayışlı təkan oldu.

Mehriban xanımın diplomatiyasında, siyasi yanaşmasında hər zaman mənəviyat amili var və bu, dünya siyasətində yenilikdir, bir nümunədir, Azərbaycanın siyasət brendidir. Sadaladığımız faktlar, əlbəttə, Azərbaycanın dünyada tanıdılmasında, eləcə də, xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla, dünyanın ayrı-ayrı nüfuzlu ailələri və şəxsləri ilə (məsələn, Rotşildlərin təmsilçisi Devid Rotşild kimi) əlaqələrinin qurulması, genişləndirilməsi baxımından fəaliyyətini heç də tam əks etdirmir; faktlar dəfələrlə çoxdur.

Milli Məclisin deputatı Azər Badamov da bizimyol.info-ya açıqlamasında Azərbaycanın dünya birliyində öz layiqli yerini qazanmasında birinci vitse-prezident Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan dünyaya açıq ölkədir. Ölkə başçısının

apardığı beynəlxalq siyasət dünya ölkələri ilə dostluq münasibətlərin genişləndirilməsinə və inteqrasiyasına hesablanmışdır. Çünki, bu gün Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində vacib aktora çevrilməkdədir Bu prosesdə cənab prezdentin apardığı siyasətin icrasında Mehriban xanım Əliyevanın rolu çox böyükdür. O, bir çox ölkələrə xarici səfərlər edir, ölkəmizin ədalətli mövqeyini dünya siyasətçilərin diqqətlərinə çatdırıır, ölkəmizin investisiya mühiti barəsində məlumatlar verir və ən əsası da torpaqlarımızın işğal olunması barəsində məlumatlandırır. Təbii ki, ölkəmizin tanınmasında və nüfuzunun günü-gündən artmasında Cənab Prezdentin daim yanında olmaqla Birinci vitse-prezdent Mehriban xanım Əliyeva öz həyatını Azərbaycanın tərəqqisinə həsr edib. Düşünürəm ki, gələcəkdə Mehrban xanımın fəaliyyəti daha da genişlənəcək və dövlətimizin dünya birliyində yeri daha da möhkəmlənəcək.

Gülnarə ƏMİRQIZI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Son xəbərlər
Bütün xəbərlər »