Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məmurlar vəzifənin verdiyi imkanlardan sui-istifadə edərək insanların həyatlarına zəhər qatmasınlar”

Bizimyol.info saytının “ Deputatla müsahibə” rubrikasının ilk qonağı Milli Məclisin deputatı Nəsib Məhəməliyevdir. Millət vəkili cəmiyyətimizi maraqlandıran bir sıra məslələrə vətəndaş mövqeyini bildirib.

-Bu günlərdə Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi fonunda rusiyalı turstlərin azərbaycana üz tutacağı gözlənilir.Bu aralarda larinin qiymətinin büdrəməsi, Gürcüstanla sıx əlaqələri olan Azərbaycanda necə əks oluna bilər? Bu hal manata necə təsir edəcək?

-Gəlin ondan başlayaq ki, Rusiya-Gurcüstan münasibətlərinin gərginləşməsi, hər iki qonşu dövlətlə mehriban, strateji müttəfiq səviyyəsində olan Azərbaycan üçün arzuolunan deyil.Bu hansısa sırf təxribatçı qüvvələrin işidir.Hadisələrin fonunda Azərbaycana turist axınının artması gözləniləndir və bizim turizm sektoru buna hazırdır. Gürcüstan ÜDM strukturunda turizm sektorunun payının yüksək olduğunu nəzərə alsaq, larinin devalvasiyaya uğraması labüddür.Hesab etmirəm ki, bizim Gürcüstanla mövcud iqtisadi əlaqələrimiz manatın dəyərdən düşməsinə səbəb olsun. Ölkədə aparılan iqtisadi islahatlar,iqtisadiyyatın şaxələndirilməsi, valyuta ehtiyatlarımız və dünya bazarındakı enerji daşıyıcılarının qiyməti imkan verir ki,manat öz stabilliyini qorusun.

-Azərbaycan kənd təsərrüfatı məhsullarını əsasən Rusiyaya ixrac edir. Bu prosesi necə nizamlamaq lazımdır ki, həm əkinci məhsulun ucuzluğundan əziyyət çəkməsin, həm də ölkəmizdə kənd təsərrüfatı məhsulları çox baha olmasın?

- İlk növbədə məhsul bolluğu yaradılmalıdır.Maksimum dəqiqliklə statiska aparılmalıdır.Fermerlər bilməlidirlər ki,hansı məhsulların istehsalına daha çox tələbat var, illik dövlət ehtiyacları nə qədərdir. Fermerlərdə inam olmaıdır ki, onların istehsal etdikləri məhsul batmayacaq, fermer bazar iqtisadiyyatına uyğun olaraq müvafiq qiymətlərə satmalı, artıq məhsulu isə fiks olunmuş qiymətə dövlətə satmalıdır.Bu proseslərin düzgün tənzimlənməsi İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Rusiya dövlətlərarası komissiya tərəfindən tənzimlənməlidir.Yaxşı olar ki, heç olmasa hər iqtisadi rayonda loqistik mərkəz rolunu oynayan , həmin komissiya ilə müntəzəm əlaqədə olan konsaltinq şirkəti yaradılsın.

- Son zamanlar Azərbaycan məhsullarının Rusiyaya daxil olmasına icazə verilməməsini siyasi səbəblərə bağlayanlar və hətta bunun iqtisadi təzyiq vasitəsi olduğunu söyləyənlər var. Buna münasibət bildirmənizi istəyərdim.

-Dövlətlərarası münasibətlər sistemi ilk növbədə iqtisadi maraqlar üzərində qurulur.Ola bilər hansısa məqamda ayrı -ayrı strukturlar müəyyən korporativ maraqlarına görə problemlər yaradırlar. Yaxud enerji daşıyıcıların dünya bazarına çıxarılması üçün çox böyük rəqabət var. Ancaq bunlar qısa müddətli keçici haldır. Rusiya ilə bizim aramızda tarixi dostluq , bütün sahələrdə bağlılıq mövcuddur. Cənab prezident İlham Əliyevlə Vladimir Putin arasında dostluq münasibətləri mövcuddur. Narahatçılığa əsas yoxdur.

- Xarici bazarlardan qaytarılan xəstə məhsulların Azərbaycan bazarlarında satılması və bunun nəticəsində insanlarda müxtəlif xəstəliklərin yaranması barədə xəbərlər də cəmiyyəti narahat edir.

-Məndə belə bir məlumat yoxdur.Prezidentin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və hesab edirəm ki, agentlik öz vəzifəsinin öhdəsindən layiqincə gəlir.

-Son zamanlar ABŞ və İran arasında siyasi gərginlik pik həddə çatıb. Regiondan necə deyərlər qan iyi gəlir. Hər iki ölkə ilə münasibətləri normada saxlayan ölkə olaraq müharibə başlayarsa necə davranacağıq, bu vəziyyət biəz necə təsir edəcək?Məlum məslədir ki, ABŞ İranla ticarət münasibətləri quran şirkətlərə və dövlətlərə sanksiyalar tətbiq edir.

-Bəli.Vəziyyət ABŞ- nın nüvə sazişindən çıxdıqdan sonra gərginləşib.Ancaq düşünmürəm ki, qlobal müharibəyə gətirib çıxaracaq.Lokal xarakterli toqquşmalar ola bilər. Daha çox iqtisadi təzyiqlərə üstünlük veriləcək. İstənilən halda, nəzərə alsaq ki, İranda otuz milyona yaxın soydaşımız yaşayır, bizim cografiyada belə proseslərin getməsi arzuolunmazdır. Hesab edirəm Azərbaycan öz neytrallığını maksimum qorumalıdır. Dünya birliyi bizim üçün həssas nöqtələri nəzərə almalıdır.

Nəsib Məhəməliyev BY-1

-Siz deputat seçilməzdən öncə icra başçısı işləmisiniz.Necə düşünürsünüz, icra başçısı olaraq xalqa daha yaxın olmaq mümkündür, yoxsa deputat? Millət vəkili olaraq icra başçısı vəzifəsini icra edən şəxslərə nə tövsiyə edərdiniz?

-Bəli, 15 ildən artıq müddətdə həm ulu öndər Heydər Əliyevin, həm də cənab prezidentin rəhbərliyi altında icra başçısı vəzifəsində çalışmışam.Xalqın arasında kimin daha çox olmasına gəldikdə, o sırf fərdi məsələdir.Əsas odur ki,gördüyün işlər dövlətin, xalqın maraqlarına uyğun olsun, vəzifənin verdiyi imkanlardan sui-istifadə edərək insanların həyatlarına zəhər qatmasınlar.Təəsüflə qeyd edirəm ki, insanlara yumşaq desək normal münasibət göstərməyən məmurlar da vardır. İcra başçılarına ədalətli, dürüst olmağı,insanlara, ələlxüsus gənclərə yaxşı nümunə olmağı arzulayardım.

- Neə düşünürsünüz, bu gün sizin həmkarlarınız, Milli Məclisin deputatları xalq qarşısındakı vəzifələrinin öhdəsindən gələ bilirlərmi?

- Mənə belə gəlir ki, Milli Məclisin deputatları haqqında çox mənfi bir rəy formalaşdırılıb.

- Bunu onlar özü formalaşdırıblar, ya media?

- Media. Ola bilər ki, hansısa deputat ən emosional anında ağzından xoş olmayan bir ifadə çıxarıb, bunu dəfələrlə tirajlayaraq mənfi rəy yaradırlar, bəzən təhrif edirlər. Necə deyərlər deputatların cəmiyyətdə şok terapiyası effekti göstərən ifadələrini daha çox işıqlandırırlar, nəinki gördükləri yaxşı işləri.

- Sizcə KİV, media məmurlara mane olur ya yardımçı?

- Ağıllı məmur başa düşməlidir ki, əslində media hansısa problemi qabartmaqla, araşdırıb ortaya çıxarmaqla ona kömək edir. Məsələn deyək ki, məmur hansısa bir problemin həllini yuxarılardan israrla tələb edirsə bəzən elə anlaşıla bilər ki, burda onun özünün şəxsi maraqları var və s. Halbuki media bunu işıqlanıdırısa onda hər kəs bilir ki, bəli belə bir problem var, həll edilməlidir. Üstəlik məmur bu problemin varlığından xəbərsiz ola bilərdi, məlumatlanıb işini layiqincə yerinə yetirə və faydalı ola bilər.

- Milli Məclisin deputatlarını bəzən zarafatla danışan və susan deputatlar deyə kateqoriyalara ayırırlar.

- Bəzi deputatlar media qarşısına, ekranlara çox çıxırlar. Lakin danışmayan deputatlar heç bir iş görmür demək düzgün deyil. Ola bilər ki, o deputatlar öz seçiciləri ilə daha çox görüşür, daha çox problemin həlli ilə məşğul olurlar. Mən bu ifadəmlə heç kimin xətrinə dəymək istəmirəm, lakin efirə çox çıxıb yeni bir söz deməmək, təkrar fikirlər səsləndirmək, prezidentimizin həftə ərzində gördüyü işlərin hesabatını təkrarən səsləndirmək necə faydalı ola bilər? Dövlət başçısının işlərini media yetərli qədər işıqlandırır, xalq bundan xəbərdardır. Sevə- sevə izləyir. Hərəmiz öz işimizlə faydalı olmalıyıq. Mən də yəqin ki, az danışan deputat kimi görünürəm kənardan, lakin Milli Məclisin bütün müzakirələrində mütləq şəkildə fikirlərimi söyləyirəm, təkliflər edirəm. İnsanlar arasında olub, onlarla görüşmək, dərdləri ilə tanış olmaq lazımdır. Lakin hər etdiyimizi də demirik, müsəlman əxlaqında necə deyilir, sağ əlin verdiyini sol əl bilməməlidir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »