Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik istifadə edən ərini polisə şikayət etdi, peşman oldu

Narkotik maddə aludəçisi olan Rəfael Babayev həyat yoldaşını o qədər bezdirib ki, qadın polisə şikayət etməkdən başqa yol görməyib. Günay Babayeva Abşeron Rayon Polis Şöbəsinə üz tutub. Şikayət ərizəsi yazıb. Polislər onların yaşadığı evə gələndə oradan 7 kiloqram narkotik tapdıqlarını iddia edirlər.

Bizimyol.info xəbər verir ki, indi Günay Babayeva əməlindən peşmandır. Qadın məhkəmədə ərini ölümdən xilas etmək üçün bu addımı atdığını, amma polislərin onu aldatdığını deyib. Söyləyir ki, polislərə sadəcə dərdimi danışdım: “Dedim ki, bu adam öləcək. İstəyirdim, uzağı bir-iki illik həbsə göndərsinlər”.

Günay Babayeva avamlıq nümayiş etdirdiyini, şöbədə ona diqtə olunanları yazdığını bildirir. “Mən həyat yoldaşımı qorumaq istəyirdim”, - Günay belə deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxan Rəfael Babayev narkotik maddə istifadəçisi olduğunu etiraf edir, amma söyləyir ki, heç vaxt satışı ilə məşğul olmayıb. İki dəfə şəxsi istehlak miqdarından artıq narkotik əldə edib saxlamağa görə məhkum olunub. Amma bu dəfə polisləri ittiham edir: “İstintaqda ifadəmi saxtalaşdırıblar. Məni şərləyirlər”.

Rəfaelin dediyinə görə, narkotiki evinə polislər qoyub. Bildirir ki, yanvarın 12-də gecə evə hücum ediblər, bağlamanı yataq otağına qoyublar.

Günay Babayeva da ərinin heç vaxt narkotik satmadığını deyir. Ərizədə isə Rəfaelin evə çoxlu narkoman dəvət etdiyi, onlara narkotik satdığı yazılıb.

Rəfael Babayevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə üzrə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »