Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotikdən milyardlar qazanan Avropa ölkəsi: Nazirlər də narkotik qaçaqmalçılığıyla məşğuldur

Cinayətkar klanlar, qanlı qisasçılıq, sərt əxlaq kodeksi...

Söhbət Almaniyadan gedir. Təbiətinə, iqliminə, Adriatik dənizinin sahilində yerləşməsinə baxmayaraq, bu ölkəni cənnət guşəsi adlandırmaq olmaz. Son illərdə isə Albaniyanı “narkokartellərin hakimiyyətə gəldiyi ilk Avropa ölkəsi” adlandırırlar

Bizimyol.info bu ölkədə narkotikdən qazanılan milyardlar, “Balkan Kubası”nın necə “Balkan Kolumbiyası”na çevrilməsindən bəhs edən araşdırmanı təqdim edir.

Albaniyada mütəşəkkil cinayətkar qruplara qarşı təkcə ölkənin hüquq-mühafizə orqanları yox, başqa dövlətlərin də təhlükəsizlik qüvvələri mübarizə aparır. Çünki alban cinayətkarlar Latın Amerikasındakı narkomafiyalarla əməkdaşlıq etməklə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya və Avropa ölkələrinin bir çoxuyla da əlaqəlidilər.

Hələ 90-cı illərdə alban cinayətkar klanlar dünyadakı kriminal aləmdə əsas güclərdən biri hesab olunurdu. Əfqanıstandan Avropaya çatdırılan heroinin 80 faizinin daşındığı “balkan marşrutu”na da onlar nəzarət edirdi. Sonradan onlar bütün planetdəki mütəşəkkil cinayətkar dəstələrlə, o cümlədən Nyu-Yorkda fəaliyyət göstərən İtaliya mafiyası ilə əlaqələr qurdular. Onlar qeyri-leqal biznesin ən müxtəlif sahələrinə yol tapdılar: insan alveri, orqan, silah və oğurlanmış avtomobillərin qaçaqmalçılığı... Amma onlar üçün əsas məsələ narkotik ticarəti idi.

Bütün totalitar rejimlərdə olduğu kimi, Ənvər Xocanın qəddad kommunist idarəçiliyi ölkə iqtisadiyyatını darmadağın etmişdi. Total korrupsiya, vəhşi kapitalizm, Kosovodakı müharibə... – bütün bunlar 90-cı illərdə əhalini yoxsul vəziyyətə salmışdı. İnsanlar ölkədən qaçırdı. Qalanlar da qadağan olunmuş məhsulların istehsalıyla məşğul olmağı çıxış yolu kimi görməyə başlamışdılar.

Albaniyanın Nazirlər Şurasının sədri olmuş Edi Rama ölkəsini “Avropanın Şimali Koreyası” adlandırmışdı. Zaman keçdikcə isə Albaniya “Avropanın Kolumbiyası”na çevrilirdi.

Müharibə qurtarandan sonra albanların yaşayışı yaxşılaşdı.2009-cu ildə ölkəni NATO-ya qəbul etdilər. Vergilərin aşağı olmasının nəticəsidir ki, ölkədə xarici biznes də inkişaf edir. Amma heç də hər avropalı biznesmen Albaniya iqtisadiyyatına pul yatırmağa hazır deyil. Çünki ölkədə narkotacirlərin “əli hələ də uzundur”. Onların dövlət strukturlarına da kifayət qədər təsiri olduğu bildirilir.

2014-cü ildə təkcə bir polis əməliyyatı nəticəsində ölkədən xaricə aparılması nəzərdə tutulan 102 ton marixuana məhv edilib. Sıradan çıxarılan narkotikin dəyərinin təxminən 6.5 milyard avro olduğu bildirilir. Bu isə Albaniyada Ümumi Daxili Məhsulun 60 faizindən çoxdur.

O zaman bu əməliyyat nəticəsində 1900-dən artıq adam məsuliyyətə cəlb olunmuşdu. Amma az sonra məlum oldu ki, bu miqyasda əməliyyat da Avropada marixuana sənayesinə ciddi təsir göstərməyib. Son illərdə plantasiyaların sayı sürətlə artır. Narkotik daha çox dağ kəndlərində, əhalinin az yaşadığı yerlərdə əkilir. Çünki o yerlərdə əhalinin normal əməkhaqqı ilə iş tapmaq imkanları məhduddur. Onlar günə 20 avro olmaqla, nisbətən babat əməkhaqqını narkotacirlərdən ala bilirlər. BBC-nin məlumatına görə, bu ölkədə marixuananın kiloqramı 100-200 avrodur. Amma İtaliyada bu rəqəm 1500 avrodur.

Narkotacirlər məsuliyyətdən yayınmaq üçün satışdan əldə olunan gəlirin azı 20 faizini polislərə rüşvət verirlər. Yüzlərlə polis əməkdaşı rüşvətə görə məsuliyyətə cəlb olunur, amma yenə də qarşısını almaq mümkün olmur.

2010-cu ildən Albaniya Avropanın kokain bazarında da əsas böyük “oyunçulardan” birinə çevrilib. Albanlar Latın Amerikasındakı istehsalçılarla ciddi əlaqələr qurublar. Kokain dolu gəmiləri Albaniyanın özü ilə yanaşı, Hollandiya, Belçika sahillərinə də gətirirlər. 2018-ci ildə polislər Kolumbiyadan gətirilən banan yükünün arasında 613 kiloqram kokain aşkarlamışdı. Məlumata görə, polislər daşınan narkotikin yalnız 5-10 faizini tuta bilirlər.

Albaniyada hüquq-mühafizə orqanlarında çalışmış Iamal Günkişi Britaniyanın “The Independent” qəzetinə deyib ki, cinayətkarlar motorlu qayıqlarla yanaşı, kiçik təyyarələrdən də istifadə edirlər. Onun sözlərinə görə, hər gün İtaliyaya gizli marşrutlarla xeyli narkotik daşıyırlar.

Albanlar bir neçə il əvvəl kokain bazarına daxil olmaqla, qaydaları da dəyişiblər. “VICE” yazır ki, albanların sayəsində indi Avropa ölkələrinin əksəriyyətində narkotiklər əvvəlkindən daha əlçatan və daha təmiz olub.

Alban kriminal ailələrini 15-ci əsrdə yazılmış xüsusi qanunlar toplusu bağlayır. Kommunistlər din kimi, bundan da yaxa qurtarmağa çalışırdı, amma alınmadı. Əhalinin böyük hissəsi məscidlərə qayıtdı, köhnə, sərt qaydalarla yaşamağa davam etdi. O qaydalarda qadın hüquqsuzluğu, qisasçılıq hökm sürür. Albanlar bu məsələdə əcdadlarının, ulu babalarının yolu ilə gedir, nəsil qisasçılığını davam etdirirlər.

Narkotik ticarətində italyanlarla əməkdaşlıq albanlara çirkli pulları haqlı saydıqları işləri maliyyələşdirməkdə kömək edib. 1996-cı ildən 1999-cu ilə qədər Səudiyyə Ərəbistanı və Əfqanıstandan olan döyüşçülərin də iştirak etdiyi Kosovo Azadlıq Ordusuna 250 milyon dollar ayırıblar.

2013-2017-ci illərdə Albaniyanın daxili işlər naziri olmuş Saymir Tahirinin İtaliyaya silah və narkotik daşınmasıyla məşğul olan qrupla əlaqəsi üzə çıxmışdı. Araşdırmalar başlayanda o, istefaya getdi, yerini Fatmir Cafay tutdu. İki ay sonra Cafay da vəzifədən uzaqlaşdırıldı. Onun ögey qardaşı Aqron narkotik qaçaqmalçılığına görə 7 il azadlıqdan məhrum edildi.

Başqa bir səs-küylü hökm isə kommunist-diktator Ənvər Hocanın nəvəsi Ermal haqqında çıxarılmışdı. O, 120 kiloqram kokain qaçaqmalçılığında ittiham olunurdu.

Alban xalqı on ildir ki, ölkənin Avropa İttifaqına üzvlüyünü gözləyir. “Gallup” sorğu mərkəzinin araşdırması göstərib ki, bu ölkədə əhalinin böyük əksəriyyəti köçüb getmək arzusuyla yaşayır. Sorğunun nəticələrinə görə, ölkənin gənclərinin 85 faizi hakimiyyətdən narazıdır.

Bu ilin yazında müxalifət parlamenti tərk etdi, 6 il öncə vəzifəyə gələrkən korrupsiya və narkotik ticarətinə qarşı sərt mübarizə aparacağını vəd edən baş nazirlə qarşıdurma yarandı. May ayında küçələrə onminlərlə etirazçı çıxdı. Onlar hökumətin istefaya getməsini, yeni seçkilərin keçirilməsini tələb edirdi.

Payızda Avropa İttifaqında Albaniyanın taleyi həll olunacaq. On il öncə ölkənin bu təşkilata üzv olması üçün ümidləri böyük idi. İndi isə Avropa Komissiyası albanlardan hətta Avropa ölkələrinə vizasız gediş-gəliş imkanını da almaq istəyir. Görünür, Avropa öz mərkəzində Kolumbiya yaranmasını qəbul etmək istəmir...

Son xəbərlər
Bütün xəbərlər »