Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yadımdakı Qarabağ

Bu xatirə -poema məzarları Qarabağda qalanlarımızın, şəhidlərimizin və yurd həsrəti ilə dünyadan köçənlərimizin ruhlarına həsr olunur. Bu cızmaqaramı hamıdan öncə ən yaxın dostlarımdan birinə oxudum. “Şəhriyardan təsirlənmisən” dedi. Baxın, bağda bitən alma ağacının meyvəsi saplağından qopub öz dibinə düşər. O almanın içindəki toxumdan yeni bir alma fidanı cücərər, nə zamansa böyüyər, o da bar verməyə başlar. Biz həmin o alma toxumundan pərdaxlandıq, pərvazlandıq; Şəhriyar kimi qos-qocaman, köklü-köməcli, qollu-budaqlı, barlı-bəhərli bir ağacın fidanı olmaqdan qürur duyarıq.

...Əslində uşaqlıq xatirələrimi publisistik üslubda yazmağı – doğulub böyüdüyüm kəndimdən bütün Qarabağa baxmağı düşünmüşdüm. Ancaq ilk sətirlərdən mənzum parça alındı. Mən də axarına buraxdım...

İlıq bir aprel səhəri

Yamaclar göyərəndə.

Yenə dönüb uşaq olam,

Yenə dönəm o kəndə.

Ay işığı bədirlənib

yer üzünə düşəndə,

Göydə “dəcəl” ulduz “axıb”

boşluğa “sürüşəndə”,

Yorğun itlər qaranlığa

candərdi hürüşəndə

Şirin yuxu xumarını

hiss eləyəm canımda.

Bir də açam gözlərimi

xoruzların banında.

Görəm, “xoşbəxt keçmişimə”

Allah məni göndərib

indiki zamanımdan.

Görəm, hamı elindədir,

hər kişi öz evində,

Hər şey əvvəl necəydisə,

Elə yerli yerində -

Allahın amanında.

Görəm, bütün qardaş-bacım,

atam, anam yanımda.

Gedib gəzəm o çölləri,

yolları qarış-qarış.

...Aman Allah, burda mənə

hər kəs necə də doğmadır!

Hər yer necə də tanış!...

Görəm, elə həmin kənddi –

Arx həmin arxdı – axır,

bərə həmin bərədir.

O dikdirlər həminkidir,

Dərə həmin dərədir.

Döngələr həmin döngələr,

Dalan həmin dalandır.

Görəm, hər şey necə varsa,

o zamandan qalandır.

...Dolaşam Alma bağında,

ötüb Çinar quyusundan

yetişəm Quru çaya,

Qayalıqdakı sahildə -

O kənd məzarlığında

nigaran ruhlara dua oxuyam.

Enib çayın yatağına,

Axan suyu dinləyəm,

Ötüb keçəm

Məmmədhəsən xəndəyindən

üz tutam Haca yala...

Doyunca baxam kəndimə -

Solumda Gödək dərədir,

Sağımda - Sarı qaya,

Bu təpə - Alagöz yeri,

O çökək - Narlı çala.

Çiməm Qobu axarının

yumşaq, ilıq suyunda.

Günəş sönə Ərgünəşdə-

dağların o tayında.

...Bu arada xəbər gələ:

qonşu oğlan qız qaçırıb

bizim məhlə toyunda.

Qız atası yaralanmış

aslan kimi kükrəyə,

qəzəbindən

yer-göy əsib-titrəyə.

Ağsaqqallar, ağbirçəklər

bu söhbətə qarışa.

Hər şey yaxşılıqla bitə,

sovuşa.

Toy-toya calana belə,

sevənlər də qovuşa,

Fürsət ola, gəlinbacı

kürəkənlə barışığa gedələr-

Ata-ana balasıyla barışa.

Bir ərgən də bir gözəlin

baxışıyla ürəyindən “oxlana”,

Bir evə də elçi gələ,

“hə” alına,

şirin çaylar buğlana.

Bəy evindən gələn qoçun

buynuzuna qırmızı lent bağlana

Nişanlı qız gizli-gizli

göz süzdürə oğlana.

Toy aşpazı qazan asa,

Kabablıqlar doğrana.

Ciyərin cızdağı çıxa,

kartof közdə dağlana.

Yuxa yayan ahıl nənə

yüngülcə yaşmaqlana.

Sac qalana, fətir bişə,

fəsəlilər yağlana.

Süfrəmizin Şahı - plov

dəmlənə, qazmaqlana...

Təzə evlənənlər düşə

təzə ev həvəsinə.

Qohum-qonşu səs verələr

cavanların səsinə,

Yığışalar, bu işə əl atalar,

Çaylaqdan daş daşıyalar,

Qum ələyib, palçığını qatalar,

gün qalxmamışdan tökələr

evin bünövrəsinə ...

...Mayda gilənar yetişə,

Göy bəhərlər

qıpqırmızı qızara.

Bir saplaqda qoşa bitən

cüt gilələr "sırğa" ola

yeniyetmə qızlara.

Bizim qonşu uşaqları

Barla dolu budaqları

tutub yerə əyələr.

Sığırçınlara qoşulub,

oğrun-oğrun

gilas “dimdikləyələr”.

Qız yanağı lalələrə

qara xalı qısqana.

Sarı Qafqaz arıları

bir-birinə çiçəkdəki

təzə balı “qısqana”.

Yaşıl qabıqlı fındığı

çıxaraq “libas”ından.

Zərif qoxusunu alaq

atamın calaq etdiyi

yapon gavalısından.

Anam yeməyə çağıra,

Əncirlikdən hay verək.

Qara tutdan, qarağatdan

qarışqaya pay verək.

Şaftalının mürəbbəsi

buğum-buğum qaynaya.

Şirəsindən yaxmac yeyək,

Doyub gedək,

qaçdı-tutdu oynayaq.

Cır arılar şirə duyub

boş ləyənə axışa.

Bir damçıdan dadmaq üçün

teşt içində bir-birilə boğuşa.

Ağzı əmzikli körpələr

qorxub qəfil çığırışa...

...Sünbül qalxa adam boyu,

“Yaşıl dəniz” küləklə dalğalana.

Zəmilərin qırağında,

çobanyastığı, vələmir..

yel vura yırğalana

Qoruqçunun yorğun atı

cığırda yorğalana.

Gecə “yaylım”a çıxanlar

gündüz “macəra” uydurub –

nağıl qurub,

tay-tuşa “lovğalana”.

İyunda taxıl sarala,

biçinçiyə hay düşə.

Buğda yığıla xırmana,

hər evə bir pay düşə.

Bildirçinlər dövrə vura,

biçənəyə qıy düşə.

Başaq bəhanəsi ola –

Istəklilər vədələşə

həftəyə bir toy düşə.

İyul qızmar sifətini

kəndə tərəf döndərə.

Muğanlılar Qarabağa

yemiş,qarpız göndərə.

Anam təzə bərəkətdən

kündə yapa təndirə -

yoldan keçən ac qəribə

isti çörək,

pendir, yarpız göndərə.

Yetişə meynənin barı -

Üzümün ilki, nübarı.

Keçiməmə, qara kişmiş,

quşürəyi,Bayanşirə,

ala şanı, Arazbarı...

şirinləşə, ballana.

Sulandıqca ağırlaşıb

saplağından sallana.

Çılğın avqust uşaqları

inadçı ac çəpiş kimi

salxımlara tullana.

...Qız-gəlinlər pencər yığa,

ləzzətli qutab ola,

Gün almanı qaxac edə,

Gül suyu - gülab ola.

Qoradan şirin “abqora”,

xar tutdan doşab ola,

Gülöyşə, meyxoş... sıxıla

ləziz narşərab ola,

yarpaqların arasında

“gizlənmiş” innab ola,

Xəstələrə şəfa verə,

bağbana savab ola.

Daha gecə quyruq dona,

Qızmar yavaşdan sına.

Tərəkəmə cavanları

ocaq çata, köz düşə.

Qovurmadan qarın doya,

kənd-kəsəkdən söz düşə,

Çaqqal gələ ət iyinə -

Itlər qova,

alaçığın ətrafına iz düşə.

El yaylaqdan geri dönə,

Alagöldən, Qulalıdan...

qayıdıb düzə enə.

Otlaqdan gələn düyənin

yelinləri yellənə,

buzov doyunca süd əmə,

oynaqlaya, şellənə.

Dağ döşündə yal verələr -

sürü iti yallana,

Gecə keçə, dan sökülə

göyün üzü allana

çoban-çoluq atlarını mahmızlayıb

Haramıya – qışlaqlara yollana.

...O uşaqlıq çağlarımın

qaynar günortasında

Pərən düşmüş xatirəmin

radiodalğasında

başlayar muğam saatı -

Cabbarın köhnə valından

zilə çıxar “Heyratı”.

Ağaxan “Sarəng”ə enər -

ilmə çalar “Rahab”a,

Pəsdən deyər Hacıbaba -

Ruhu ovar “Ovşarı”,

Rübabədən səslənər o

hüznlü “Heydərbaba”,

Saradan “Mahur” gələr,

Seyiddən Arazbarı.

Könülləri kövrəldəndə

Teymurla Nəzakətin

zərif “Bəstənigar”ı,

Bizi bizdən alıb gedər

Tükəzbanın “Qatar”ı,

Dərdimizi dilləndirər

“Qarabağ”, “Sarıtorpaq”,

“Bakı” şikəstələri.

Bir də bizim Bəhramın

barmağından süzülər

öz şirin bəstələri.

İslamın səsi “Şüştər”də

bulaq kimi çağlayar.

Əbülfətin “Humayun”u

Bərdaştdan Mayəyə dəyib,

Möləvidən “Bidad” deyib

Məsnəvidə Için-için ağlayar.

Qədir “Sona bülbüllər”lə

ürəkləri “dağlayar”,

Dədə Süleymandan həzin,

yanıqlı avaz gələr.

Yaqubun səsi “Rast” düşər,

Xan əmidən

Şur ilə Şahnaz gələr.

Arifin “Zabul-Segah”ı,

Sabirin “Çahargah”ı

dinləyənə az gələr.

Habilin kamanından

muğamın “nazlı gəlini” –

“Bayatı-Şiraz”gələr,

Ağabala təsnif deyər -

O “Olmaz, olmaz” gələr...

Təbiət bu avazlarda

mürgü vurar, dincələr.

...Bağ-bağçamız

Yavaş-yavaş, yarpaq-yarpaq soyuna.

Buludlar baş-başa dəyə -

çılpaq, utancaq ağaclar

yağmurlarla “ yuyuna”.

Norveçdən Məkkəyə doğru

köç edən köçəri quşlar

Göy üzündə

qatar-qatar düzülə.

Qarasuyun üstündəki

Xan çinarda gecələyə,

Bir hovur dincini alıb

qalxa yola düzələ.

Sonbaharın budağında son yarpaqlar

küləklərlə sovrula,

sovrula xəzəl ola

Göy gurlaya, şimşək çaxa,

qəfil leysan yağış yağa,

dərələrdə sel ola.

Qış qapını ala birdən –

Gecə səpələyə qar.

Qar üstündə bədəniylə

öz rəsmini gündüz “çəkə” balalar.

“Yarışalar”... Yaradanla -

qardan adam quralar.

Çöl-bayırda

Bir-birini qovalar,

Yumşaq qarı ovuclayıb

Bir-birinin

qulaqların, burunların ovalar.

...Donub insan şəkli ala

İpə sərilmiş paltar.

O uzun qış gecəsinə

işıq saça babaların

nurla dolu çöhrəsi.

Cırıldaya-cırıldaya

yun əyirə nənələrin cəhrəsi.

O nənələr o iplərdən

nəvələrə isti corab toxuya.

Inək sağa, sərnic dola,

çalxalana nehrəsi,

Körpələrə süd içirib,

nağıl deyə, layla çala,

Bir də

pıçıltıyla dua oxuya.

O evlərdə ipliklərdən

O hanalar qurula.

O analar çeşni çəkə,

O cehizlik xalçalara

O ilmələr vurula,

O gəlinlər xalı-palaz toxumaqdan

O gecələr sevə-sevə yorula...

...Kiçik çillə, böyük çillə,

boz ay – gəlib ötüşə.

Qar əriyə, torpaq qıza,

Novruzgülü boy göstərə,

Bayram ayı yetişə.

Qışdan çıxan bağ-bağata

Yenə yazın ilıq nəfəsi gələ.

Canımıza isti keçə,

uşaqlar bir yaş böyüyə,

Ahıllara gənclik həvəsi gələ.

Ata – yenə yola çıraq,

Ana – baş tacı ola.

Oğullar - düşmən çəpəri,

Qızlar da qardaşlarına

mehriban bacı ola...

...Uca Tanrım, bitsin artıq

doğma torpaq həsrətim,

gerçək olsun bu arzular, bu xəyal.

Nə şan-şöhrət istərəm,

Nə sərvət, nə cah-cəlal.

Səndən bircə istəyim var:

Məni yurduma qaytar,

Qalan ömrümü orda ver,

Canımı da orda al.

24 iyun 2019

Bakı

Son xəbərlər
Bütün xəbərlər »