Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maps.me” saytının Dağlıq Qarabağla bağlı yanlışlığına hansı nazirlik cavab verməlidir?

Dünyanın tanınmış xəritə saytı olan "Maps.me" saytı Dağlıq Qarabağ ərazisini Dağlıq Qarabağ Respublikası kimi təqdim edib.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı çoxsaylı istifadəçilər sözügedən saytın adminstrasiyasına müraciətlər-şikayətlər ünvanlasalar da böyük yalnışlıq hərə də aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu problemin aradan qaldırılması üçün dövlət qurumları müştərək iş ortaya qoymalıdırlar:

Osman Gündüz

"Bu xəritə internet resursu olduğuna görə burada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də üzərinə yük düşür. Onlarla yanaşı Xarici İşlər Nazirliyi də mövqe bildirməlidir və öz etirazını bildirməlidir buna. Həmçinin xüsusilə bir məsələni qeyd etmək istəyirəm ki, bu kimi xəritə resursları məlumat əldə etmək üçün hər dövlətin özünün müvafiq qurumlarından məlumat alırlar. Bizdə isə belə qurum Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi idi. O isə ölkə başçısının sərəncamı ilə ləğv edildi. Səlahiyyətlərinin bir hissəsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir hissəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Ona görə də bu iki qurum da bu məsələ ilə bağlı açıqlama verməlidir".

Bizimyol.info-nun informasiya sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bununla bağlı nazirlik Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə eləcə də Xarici İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayıb:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Rusiya Federasiyası “Mail.ru Group” şirkətinə məxsus “maps.me” mobil tətbiqində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin yanlış olaraq “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi, məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə cari ilin mart ayında Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə rəsmi müraciət ünvanlanıb.

Rusiya tərəfindən aldığımız cavab məktubunda “maps.me” mobil tətbiqinin mənbə kimi xəritələrin hazırlanması üçün OpenStreetMap.org (OSM) açıq beynəlxalq layihəyə əsaslandığı və layihənin təsisçisinin Böyük Britaniyada qeydiyyatdan keçmiş OpenStreetMap Foundation şirkətinin olduğu bildirilib.

“Mail.ru” MMC məsələnin BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həlli ilə bağlı OSM şirkətinə müraciət edib.

Eyni zamanda, məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən cari ilin aprel ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə rəsmi məktub göndərilib".

Leyla Abdullayeva Leyla Abdullayeva

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məktubları Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu ölkənin müvafiq qurumları qarşısında qaldırılıb eləcə də “Maps.me”nin məzmununa cavabdeh olan sözügedən Britaniya şirkəti ilə işin aparılması istiqamətində müvafiq addımlar atılmaqdadır:

"Coğrafi obyektlərin təhrif olunmuş şəkildə göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məktubları Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu ölkənin müvafiq qurumları qarşısında qaldırılıb. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskovun bu xüsusda cavab məktubunda “Mail.ru” şirkətinin “Maps.me” xidmətinin təmin etdiyi xəritələrin Böyük Britaniyada qeydiyyata alınmış “The Open Street Foundation” şirkətindən hazır məhsul şəklində alındığı və xəritələrin məzmununun dəyişdirilməsi üzrə texniki imkanlara malik olmadıqları bildirilib.

Hazırda yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində tərəfimizdən “Maps.me”nin məzmununa cavabdeh olan sözügedən Britaniya şirkəti ilə işin aparılması istiqamətində müvafiq addımlar atılır”.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə informasiya sorğusu göndərilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »