Çərşənbə axşamı , 23 İyul, 2019
Baş səhifə / Cəmiyyət / Dövlət qurumları məhsullarımızın Rusiyadan geri qaytarılması xəbərini təkzib edir – Foto

Dövlət qurumları məhsullarımızın Rusiyadan geri qaytarılması xəbərini təkzib edir – Foto

166 Views

Pomidor
Pomidor

Eyyub Hüseynov: AQTA məhsullarımızın geri qaytarılması faktını təsdiqləsə özü-özünü ifşa etmiş olar

 

Dünən İnterfaks agentliyinə istinadən Azərbaycandan Rusiyaya ixrac edilmiş yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə daxil edilməsinə icazə verilməməsi barədə məlumat vermişdik.

Bu barədə məlumatı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yayıb.
Məlumata görə, Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) Bizimyol. info saytınaverdiyi məlumatda bu xəbəri təkzib etdi.

AQTA-dan verilən məlumata görə, Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir. Sözügedən məsələ ilə bağlı heç bir rəsmi məlumat Agentliyə daxil olmayıb.

Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər.

Faqktı Dövlət Gömrük Komitəsi də təsdiq etmədi.

Bəzi iqtisadçılar və siyasətçilər ümumiyyətlə Rusiyanın digər ölkələrin məhsullarına səbəbsiz qadağa tətbiqini iqtisadi təzyiq aləti kimi dəyərləndirilər.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu saytımıza verdiyi açıqlamada bildirib ki, Rusiya bəzi hallarda bu amildən təzyiq vasitəsi kimi istifadə edir. Təkcə Azərbaycanla deyil, Türkiyə, Gürcüstan və bəzi başqa dövlətlərin məhsulları da siyasi təzyiq vasitəsi kimi ya məhv edilir, ya da ölkəyə buraxılmır.

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərzadə də politoloqla eyni fikri paylaşır.

Natiq Cəfərli verdiyi açıqlamada bildirib ki, əslində Rusiyanın bu siyasəti yeni deyil :
“Bəzən Avropa ölkələri ilə də eyni problemlər yaşanır. Rusiya bu kimi təzyiq alətindən ən yaxın müttəfiqlərinə qarşı da istifadə edir. Ermənistan, Belarus,o cümlədən Azərbaycan.Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının böyük bir hissəsi Rusiyanın payına düşdüyünə görə bu bizim üçün böyük təhlükə deməkdir.Çünki asılılıq var və bu asılılıqdan istifadə etmək Rusiyaya əl verir”.

Eyyub Huseynov Azad İstehlakçılar Birliyi
Eyyub Huseynov

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun fikrinə görə əgər Rusiya tərəfi məhsulun geri qayıtdığını yazıb, AQTA bunu inkar edirsə burda müəyyən səbəb var.

“Mən MBD İşçi Qrupun üzvüyəm, düzü Azərbaycan məhsullarının geri qaytarılması barədə mənə məlumat daxil olmayıb. Lakin Rusiya KİV-ləri bu barədə yazırsa, demək bu fakt var. AQTA sadəcə ona görə faktı gizlədir ki, məhsulun keyfiyyətinə dair verdiyi sertifikat özünü doğrultmayıb. Agentlik özü- öz işini ifşa etməmək üçün məlumatı gizlətmək məcburiyyətindədir. Mən nə zamandır israrla söyləyirəm, Qida təhlükəsizliyi ilə sertifikat verən qurum ayrı -ayrı qurumlar olmalıdır. Birisi zəhərlənib AQTA-ya müraciət etsə, o, bu faktı aşkarlamaq əvəzinə gizlətməli olacaq. Çünki, sertifikat vediyi məhsul üzrə şikayət faktı daxil olub. Gömrük idarəsinin də işində nöqsanlar var. Neçə illərdir bizim GMO yoxlanılmasına məsul olan laboratoriyamız susur, öz işləri barədə hesabat vermir. Bu o deməkdir ki, ölkəyə saxta sertifikatlar əsasında GMO-lu məhsullar daxil ola bilər. Gömrük Xidməti öz laboratoriyalarının qapılarını ictimaiyyətə, KİV-lərə, bu işlə məşğul olan vətəndaş təşkilatlarına açmalıdırlar ki, cəmiyyət həqiqəəti bilsin”.

Bax belə. Hərədən fərqli baxış nöqtəsi var. Biz bu işin bilənlərinə üz tutduq, fikir və açıqlama aldıq. Qalanı qalır hər kəsin öz məntiqi ilə qiymət verməsinə. Məhsul geri qaydıbsa, əkib becərənlər, bu işlə məşğul olan böyük bir kütlə ziyana düşür, xəstə məhsul bazara buraxılıbsa bütün əhalinin bilmədiyimiz, bəlkə də illər sonra ortaya çıxacaq müxtəlif viruslara yoluxmaq ehtimalı yaranır. Hər bir halda hər bir işdə şəffaflıq olmalıdır ki, özümüz özümüzə qənim kəsilməyək.

İlhamə