Çərşənbə axşamı , 23 İyul, 2019
Baş səhifə / Foto / Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı – Foto

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı – Foto

69 Views

İbrahim Nəbioğlu

Böyüyəndə görkəmli fizik, yapon əsilli amerikalı Miço Kapoya oxşamaq istəyirdi. Böyüdü, fizik olmasa da riyaziyyatçı oldu. Və bu sahədə elmi araşdırmalar apararaq alimlik dərəcəsinə də yiyələndi. Amma günlərin birində nədənsə köhnə istəyindən vaz keçib, jurnalist fəaliyyətinə başladı. İlk vaxtlar yazıları Türkiyənin “Milliyət”, “Zaman” qəzetlərində çap olundu. Bir qədər sonra Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını ərsəyə gətirdi və bir müddət kanala rəhbərlik etdi. Daha sonra on il Azərbaycan Dövlət Televiziyasının Türkiyədə təmsilçisi oldu. Bununla yanaşı BBC-nin Orta Asya, Qafqaz, Rusiya və habelə Türkiyə üzrə müxbiri kimi də fəaliyyət göstərdi. Bu sahədə o qədər tanındı ki, 2003-cü ildə “Türkiyədə İlin Jurnalisti” adına layiq görüldü…

Onun istedadına bələd olduqca Azərbaycanda işıq üzü görən bir sıra qəzetlər ona köşə yazıları yazmağı təklif etdilər. O da müxtəlif illərdə “Avrasiya”, “Panorama”, “Zerkalo”, “Ayna”, “Şərq” qəzetlərində köşə yazıları ilə oxucularının görüşünə gəldi. Və bir gün ölkə rəhbərinin fərmanı ilə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin edildi. Bir neçə il həmin vəzifədə çalışdı. Sonra Palmali Şirkətlər Qrupunun vitse prezidenti oldu…

Hazırda nə işlə məşğul olduğunu bilməsəm də, onu çox istedadlı bir insan kimi tanıyıram. Ara-sıra Ayna Tv-nin “Aynada” verilişində iştirak etməklə yanaşı, Ayna.AZ saytında müəllif yazıları ilə çıxış edir…

…Atası Neft və Kimya İnstitutunun “Nəzəri mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Nəbi Yaqubov olub. Ailəlidir, üç övladı var…

Deyir ki,- “Yaradıcı insan patoloji sərhədlərə yaxınlaşma cəsarətini göstərib, ondan reallığa geri dönə bilən insandır. Bunu alim və sənət adamına da, sadə insana və dahiyə də şamil etmək olar. Bəzi psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə məşhur adamlara diaqnozlar qoymuşlar. Eyni şeyi psixoanalitiklər də edirlər bəzən. Onlar bu “gücü” Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi. Da Vinçi, Mikelancelo, Dostoyevski” adlı kitabından alırlar”…

İbrahim Nəbioğlu

Qəribə mülahizələri vardır. Hiss olunur ki, mütaliəsi çox güclüdür. İntelekt səviyyəsini yazılarından da hiss etmək olur. O qədər məlumatlıdır ki, elmin bütün sahələrindən söhbət etməyi bacarır. İddia edir ki, sürətli texnologiyaların gəlişi ilə dünya dəyişməlidir. Onu dərk etmək bəlkə də bəziləri üçün çətindir, amma yazıları Avropa, Amerika mətbuatında işıq üzü görən müxtəlif yazılardan heç də geri qalmır. Bir sözlə, bu insan düşüncə miqyasına, ifadə tərzinə görə çox irəlidədir…

Maraqlı insandır, hissləri çox dərindir. Digər tərəfdən də analitik beyinə malikdir. Bunun sayəsində həmsöhbətini tez öyrənir və anlamağa çalışır. Düzgün qərar verməyi bacarır. Qənaətə gəldisə həmin işi mütləq həyata keçirir. Siyasi savadı yetərincədir. Elə ona görə də verdiyi siyasi şərhlər daha dolğun, daha inandırıcı olur…

Uzun illərdir ki, onun televiziyadan çıxışlarını, müəllif yazılarını diqqətlə izləyirəm. Və çox sevinrəm ki, mənsub olduğum xalqın belə savadlı, intelektli ziyalısı vardır. Bəli, sizinlə Türkiyədə yaşayan soydaşımız, İbrahim Yaqubov haqqında söhbət edirdim. Yeniyetmə çağlarında Miço Kapoya oxşamaq istəsə də böyüyüb İbrahim Nəbioğlu oldu…

Elman Eldaroğlu
Elman Eldaroğlu,

ABŞ, Miçiqan