Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO ilə Rusiya arasında Bakının görüş yeri olaraq seçilməsinin səbəbləri

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək.

Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var.

Zaqafqaziya ölkələri arasında görüş məkanı kimi niyə məhz Bakı seçilir? Bizim yol.info-nun sualını politoloq Elxan Şahinoğlu cavablandırır:

“Bu Azərbaycanda NATO ilə Rusiya arasında artıq dördüncü görüşdür. Tərəflər ənənəsinə sadiq qalaraq görüş yeri kimi Bakını seçirlər və müzakirələri burda aparırlar. Bu görüş nə Tibilisidə, nə də Yeranda ola bilərdi. Çünki, Ermənistan Rusiyadan asılı olaraq siyasi qərarlar verir, NATO buna razılaşmayacaqdı. Gürcüstan isə NATO-nun üzvü olmaq istəyir. Buna da Rusiya tərəf razılaşmazdı. Azərbaycanın isə həm Rusiya, həm NATO ilə normal münasibətləri var. Ona görə, görüş yeri olaraq Bakı seçilib”

Elxan Şahinoğlunun fikrinə görə, Bakının görüş yeri kimi seçilməsi həm də onunla əlaqəlidir ki, Azərbaycan həm Rusiya, həm də NATO ilə eyni münasibətlərdədir.

“Biz Rusiya ilə səx əməkdaşlıq edirik, eyni zamanda NATO-nun sülhməramlı missiyalarında iştirakımız var və töhfələr veririk. Azərbaycanın balanslı siyasəti imkan verir ki, hər iki tərəf Azərbaycanı seçsin.

Xatırladaq ki, Bakıda 18 fevralda ABŞ və Rusiya baş qərargah rəislərinin görüşündən sonra prezident İlham Əliyev bildirmişdi ki, görüş üçün Bakının seçilməsi qərarı Rusiya və NATO tərəfindən verilib: “Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq görüş üçün Bakının seçilməsinə razı olub-olmamağımız soruşulmuşdu. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaq”.

Son xəbərlər
Bütün xəbərlər »