Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afaq Vasifqızı Qaraqanla bağlı ilk dəfə danışdı: Bunu edəndə gözlərindən yaş axırdı

Afaq Vasifqızı Qaraqanla bağla İLK DƏFƏ DANIŞDI: Bunu edəndə gözlərindən yaş axırdı

O düşünür ki, hər birimiz dünyaya öz ali missiyasımızı icra etmək üçün gəlirik. O hesab edir ki, insan azad ruhunu heç kimə qurban etməməlidir. O, əmindir ki, planeti boz rəngdən sevgi, dostluq qurtaracaq.

Publika.az-ın müsahibi tanınmış jurnalist Afaq Vasifqızıdır.

- Deyirlər, jurnalist gəzən ədəbiyyatdır. Necə oldu ki, gəzən ədəbiyyatı seçdiniz?

- Doğru fikirdir. Bu ədəbiyyatın həm də səlahiyyətləri var. Jurnalistika dördüncü hakimiyyətdir. Sən düşündüyünü yazırsan və sənin yazın konkret kimlərinsə həyatını dəyişir, problemini həll edir. Gözəldir.

- Bəs yazı yazmaq qərarına necə gəldiniz?

- Jurnalistikaya gəlişim təsadüfi deyildi. Babam Nəsib Əfəndiyev yazıçı idi, atam Vasif Nəsiboğlu türkoloq idi, həm də hekayələr, povestlər yazırdı. Gözümü açandan evdə qəzet, jurnal, qalaq-qalaq yazılar görmüşdüm.

- Yəni yazı ilə yoğrulmusunuz...

- Bu mühitdə böyüyən adam başqa seçim edə bilməzdi. Mütləq yazı yazmalı idim, özümü yazıda tapmalı idim. Amma hər bir dövrün öz nüfuzlu peşələri olur. Biz məktəbi bitirəndə şərqşünaslıq ən dəbli fakültə sayılırdı. Məktəbi qızıl medalla bitirəndə atam kimi şərqşünas olmağa qərar vermişdim. Özümə əmin idim. Bilirdim ki, ilk imtahandan əla qiymət alıb qəbul olunacam. Şərqşünaslıq fakültəsində çalışan müəllimlərin çoxu da atamın dostları idi, hamısı bir dövrün məzunları olmuşdular. Sənədlərimi universitetə təqdim edəndə komissiyanın sədri atama siyahı göstərdi. Fakültədəki 25 yerin demək olar hamısı belə deyək, tutulmuşdu - rüşvətlə, tapşırıqla girənlərin siyahısı əvvəlcədən bəlli idi. Dedilər qızın lap əla da yazsa keçə bilməyəcək, yerimiz yoxdur. Ağlaya-ağlaya fikrimdən daşındırdılar. Sənədlərimi məcbur filologiya fakültəsinə təqdim etdim. Müəllim olmaq heç istəmirdim. Jurnalistikaya daha çox həvəsim vardı. Ora qəbul olmaq üçünsə iki il iş stajı lazım idi. Amma alın yazısı deyilən bir müəmma var. Bəxtimdən həmin il jurnalistika fakültəsinə 25 nəfərdən 23-ü qəbul olundu. İki yer boş qaldı. O iki yerin birinə mən, digərinə Mirşahin Ağayev qəbul olunduq.

- Demək hər ikiniz jurnalistikaya təsadüfən gəlmisiniz...

- Əslində hə. Amma bütün təsadüflər zərurətdən yaranır. Demək bu sahəyə gəlməyimiz zərurət imiş. Təsəvvür edirsinizmi, Mirşahinin yoxluğu Azərbaycan mediasında nə boyda boşluq yarada bilərdi?

Afaq Fasifqizi 1

- Dediniz, ailənin tək övladı olmusunuz. Mənim də oğlum tək böyüyür. Necə düşünürsünüz, bacı-qardaşı olmayan insanların həyatında heç vaxt dolmayan boşluq qalır?

- Boşluq olur, təbii, amma boşluğun daim qalması insanın xarakterindən asılıdır. Baxın, mən sevdiklərimdən zəli kimi yapışıram. Bu da mənim tək böyüməyimlə bağlıdır. Təkliyin acısını yaşamışam, xiffət çəkmişəm ki, niyə mən təkəm? Amma bioloji olmasa da, ruh bacı-qardaşlarım çoxdur. Yəqin ki, yalnız qalmaq qorxusu məni ətrafıma daha çox bağlayıb.

- Dostcanlısınız...

- Dostlarım üçün canımı da verərəm. Bu da məhz tək qalmaq qorxusu ilə bağlıdır...

- Ən böyük itkiniz hansı olub?

- Atamın ölümü... Təəssüf edirəm ki, atam özümü jurnalist kimi təsdiq etdiyim dövrü görə bilmədi. Bunu özümə ən böyük itki sayıram. 1992-ci ildə “Azadlıq” qəzetində çalışmağa başladım. Bir tərəfdən müharibə, digər tərəfdən formasiya, düşüncə, dövr dəyişirdi... Qəzetin məktublar bölməsində çalışırdım, həm də rusca yazan jurnalistlərin məqalələrini dilimizə çevirirdim. Atam oxuyub deyirdi ki, bax, filan cümlədən anladım ki, tərcümə səninkidir. Hətta tərcümələrimlə belə fəxr edirdi, heyf fəal jurnalistika ilə məşğul olmağımı görə bilmədi. Biz o vaxtlar yaşayan ustadların yanında dərhal yazı yazmağa cəsarət eləmirdik. Bu baxımdan indi mətbuata gələn gənclərin işi daha rahatdır. Ən azı yazılarını sosial hesablarında paylaşa bilirlər.

- İnanmaq istəyirəm ki, dünyadan köçən doğmalarımız hər addımımızda bizimlədirlər.

- Elədir, əlbəttə. Mən bu ünsiyyəti hər zaman hiss edirəm. Hətta güzgüyə baxanda da bəzən atamın baxışlarını görürəm. Ən çətin anımda onunla məsləhətləşirəm. İpək kimi insan idi...

- Övladlarımızı bədbəxt edən sərt ata prototipi ilə rastlaşmamısınız...

- Təbii ki, yox. Atam ziyalı insan idi. Heç vaxt sərt münasibət göstərməzdi. Amma təzada baxın ki, öz ailəmdə vəziyyət başqa cür oldu. Yoldaşım polis işçisidir, sərt insandır. Bizim uşaqlar “atana deyərəm” xəbərdarlığı ilə böyüdülər.

- Yəni “səni polisə verərəm”

- (gülürük) Təxminən.

Afaq Fasifqizi 2

- Necə tanış olmusunuz?

- Elə bir qrupda oxumuşuq. Birinci kursun sentyabrında tanış olub, yanvarında nişanlandıq.

- İndiki həyat təcrübəniz olsaydı, yenə o yaşda ailə qurardınız?

- Qətiyyən. 17 yaşda nişanlanmaq olar?! Bu, ilk sevgi idi. Biz də uşaq. Hissə qapılıb evləndik. Böyüyüncə problemlərimiz olsa belə hər halda ayrılmaq barədə düşünmədik də. Və hələ də bir yerdəyiksə, demək o qədər də böyük səhv eləməmişik. Və bu övladlar, görünür, məhz ikimizdən yarana bilərdilər. Genetika vacib şərtdir.

- Öz ailənizdəkilər yaradıcı adamlar idi. Bəs təzə qohumlar?

- Onlar da eynən. Biz ailə qurandan sonra bir ailədə altı jurnalist olduq. O vaxt "İzvestiya"da haqqımızda yazı da getmişdi. Qayınatam Əməkdar jurnalist Hidayət Zeynalov idi. Qayınanam da, qaynım da, qaynımın xanımı da, yoldaşım da, mən də - hamımız jurnalist idik.

- Bu qədər yazı adamının birgə yaşaması...

- Çətin deyildi, əksinə, söhbətlər, müzakirələr eyni mövzunu əhatələyirdi. Qayınatamla qayınanam "Kommunist" qəzetində çalışırdılar. Evdə də elə bil redaksiya mühiti var idi, hər iş eyni tempdə görülürdü - düz, dəqiq, vaxtında, operativ və yüksək keyfiyyətlə.

- Ümumiyyətlə, birgə yaşamaq üçün rəsmi sənədlərə ehtiyac varmı?

- Kağıza yox, insana, insan sevgisinə ehtiyac var. Bizim cəmiyyət təəssüf ki, vətəndaş nikahını qəbul etmir. Əslində bu, ən gözəl modeldir. Seçimində əmin olmaq üçün, adamın xarakterini, zövqünü, mənfi və müsbətlərini bilmək üçün normal vasitədir. Yəni iki sevən insanın birgə yaşaması üçün möhürə ehtiyac yoxdur. Fərq etmir, oğlunuz, ya qızınız olsun, ona azad seçim hüququ verməlisiniz. Hələ ki yeganə məqbul model səmimiyyət üzərində qurulan vətəndaş nikahıdır. Dünya artıq bu yolla gedir. Övladlarına gözüqapalı həyat yoldaşı seçən bizim adamları isə qətiyyən anlamıram. İnsan meyvə də alanda dadmaq istəyir, görsün xoşuna gələcək, ya yox. Ömrün ən vacib qərarını insan özü qəbul eləməlidir. Həyat həm də təbii ehtiyacları ödəmək sırasıdır axı. Ünsiyyət də, sevgi də təbii ehtiyacdır. Hamının da bircə dəfə yaşadığı bu həyatı cəza deyil, həbsxana deyil, mükafat kimi yaşamaq haqqı var.

- Afaq xanım, nəyi bağışlamırsınız?

- Məşhur bir deyim var, qadın xəyanəti bağışlayır, unutmur. Amma bağışlamadığım daha ağır məqamlar var.

- Məsələn...

- Satqınlıq, yalan, aravuranlıq... İllərlə birgə addımladığım rəfiqəm mənə qarşı elə bir yanlış addım atdı ki, aramızdakı bütün körpülər sındı. Özümə çox yaxın hesab elədiyim adamın mənə arxadan zərbə vurması dəhşətli bir stress yaşatdı mənə. Heç ağlıma gəlməyəcək bir stres.

- Tolstoy deyir, sizi satan insanlar sanki qollarınızı dibindən kəsir. Bağışlamaq olur, amma qucaqlamaq əsla...

- Allah bizi inandığımız, etibar etdiyimiz insanların zərbəsindən qorusun. Düşməndən qorunmaq çox asandır.

- Xaraktercə, zahirən özünüzə tam bənzəyən klonunuz olsaydı, yola gedərdiniz?

- (gülür) Əlbəttə çox sevərdim onu.

- Demək özünüzü də sevirsiniz.

- Təbii ki...

- Özünüzə görə kimlərisə, nələrisə qurban vermisiniz?

- Çox şükür, elə bir seçim qarşısında qalmamışam. Dilemma olsaydı - bilmirəm qərarım necə olardı. Özümü qurban verməzdim hər halda. Ümumiyyətlə, münaqişədən qaçan insanam. Konflikt anı mənim üçün sanki dünyanın sonu gəlir.

- Bəs stressdən necə qurtulursunuz?

- Şopinqlə... Azərbaycanda stress atmağın ən gözəl yolu şopinqdir. Amma xarici ölkələrdə əyləncə növü çoxdur. Bir müddət əvvəl rəfiqələrimlə İstanbula getdik - qız-qıza. Hamısı da öz mövqeyi, statusu olan xanımlardır. Gün ərzində gəzib yorulduq. Hamı otelə qayıtdı. Sonda Rövşanə Ağasəfqızı ilə mən qaldım. Dedik, gəl, gedək gecə klubuna, görək, ab-havası necədir. Əslində bu, bizim beynimizdə qurduğumuz “bar”, “əxlaqsız məkan” anlamı deyil. Canlı musiqi ifa olunur, insanlar oxuyur, rəqs edir, içki içir, əylənir. Əxlaqa zidd heç bir şey yoxdur. Azadlıq var sadəcə. Bəlkə də kənardan bəsit görünə bilər, amma həqiqətən o məkanda stressdən qurtulduq.

- Deyirlər, müdrik insanların bəsit əyləncələrə daha çox ehtiyacı olur. Çünki beyində toplanan ağır yükdən qurtulmaq lazımdır.

- Baxın, göydə ildirim çaxır, enerji boşalır. Bizim beynimizdəki, bədənimizdəki gərginlik də mütləq çıxmalıdır. Ümumiyyətlə, azad ruhlu insanam və heç kimə görə dəyişməmişəm, bundan sonra da düşünmürəm ki, dəyişim.

Afaq Fasifqizi 3

QARAQAN

- Afaq xanım, həyatda ən çox qürur duyduğunuz statusunuz hansıdır.

- Analıq statusumdur yəqin. Soykökümlə, valideynlərimlə həmişə qürur duymuşam. Bir əmim məşhur filosof olub - Asif Ata, bir əmim bəstəkar - Rəşid Nəsiboğlu. Yəni ziyalı mühitdə böyümüşəm. Amma bu məqamda mənim payım yoxdur axı. Məsələn, cinayətkar ailəsində də doğula bilərdim. Övladların necəliyi isə birbaşa anadan da asılıdır. Mənim ali missiyam, görünür, iki başarılı insanı dünyaya gətirmək imiş. Bununla qürur duyuram. Ananın övladına görə duyduğu iftixar qədər gözəl hiss yoxdur, inanın.

- Zənnimcə, bizi ən yaxşı anamız tanıyır. Qaraqan ləqəbi ilə tanınan oğlunuz Elxanın istedadının fərqinə nə vaxt vardınız?

- O, bu həyatla vuruşmağa başlayandan. Gah rəsm çəkdi, gah breyk-dansla məşğul oldu, gah idmanla, gah musiqi ilə. Çox tez şeir yazmağa başladı. Bilirdik ki, bu uşaqdan nəsə olacaq. İstedadı var. “A” adlı ilk romanını 17-18 yaşında yazdı. İlkini mən oxudum. Amma bir hərfini belə dəyişməmək şərtilə. Oxudum və anladım ki, genetika öz sözünü deyib. Gördüm peşəkar rəyinə də ehtiyacım var. Romanı istedadlı dostumuz Rəşad Məcidə göndərdim. İki gündən sonra sms yazdı ki, təbrik edirəm, sən yazıçı anasısan. Cavab verdim ki, bəs informasiyanı qəbul elədim eləməyinə, amma mənə təbrik düşür, yoxsa halıma acımalısan, onu bilmirəm.

- Bəs sizcə?

- Elxan replə gəlmişdi gündəmə. Tam sosial mövzular, insan taleləri və talesizlikləri, problemlər - bunlardan yazırdı. “Mənim Esmeraldam” trekini, yadımdadır, gecə dinlədim. Studiyadan gələn kimi dinlədim. O qədər duyğulandım ki, Elxanın əllərindən öpüb hönkürdüm. Çünki o sözləri yazan zaman keçirdiyi ağrıların hamısını hiss elədim. "Başqasının ağrı-acısı səni niyə belə incidir?"- deyib ağladım.

- Pikassonnun anası onu o qədər mükəmməl, qüsursuz sayırdı ki, ömür boyu bədbəxt olmağına, rastlaşdığı qadınların həyatını cəhənnəmə çevirməyə təkan yaratdı. Özünüzü oğlunuzun fanatı sayırsınız?

- Onun yazdıqlarını sevirəm, təbii, amma dəli fanatlardan deyiləm. İstedadına da tam obyektiv yanaşıram. Elxandan istedadlı gənclər də var, istedadsızlar da. Bu rəfdə hər kəsin öz yeri var. Ədəbi zövqlər də müxtəlifdir. Düşünürəm, Qaraqanın ən böyük xidməti Milli Kitab Mükafatının qalibi olması deyil, yox. O zaman Qaraqan “undergraund” musiqisi dinləyən gəncləri kitab mağazalarına yönəltdi. "A" bəlkə minlərlə gəncin öz puluna mağazadan alıb oxuduğu ilk bədii əsər oldu. Uğurlu roman yazanlar az deyildi. Qaraqan qədər oxucu toplayan isə o zaman yox idi. Mən bunu Elxan oğlum olduğuna görə demirəm. Sadəcə həqiqəti dilə gətirmək lazımdır. Bu, bir düşüncə hərəkatı idi, gənclər onu özlərinə kumir seçmişdilər. "A" ilə başlayan mütaliə həvəsi gənclərə kitabı sevdirdi. Vacib iş idi məncə, çox vacib.

- "Maşın şou"dakı cəsarətli çıxışları da xarakteri haqda az şey demədi...

- Əslində o, tamamilə haqlı idi. İştirakçılar sadəcə özgəfikirliliyi qəbul eləmədilər. Elxan hamı kimi görünsə də, hamı kimi düşünmürdü. Onun həmin çıxışındakı o mətləbi tutmaq üçün sadəcə mütaliəli və məntiqli olmaq və gözəlim ana dilimizi bilmək lazım idi. Anlamamışdılar dediyini.

- Vicdan cümləsi də sonradan sitata çevrildi...

- Hə, adam anidən düşünüb dəqiq cavab verməyi yaxşı bacarır.

- Uşaqlıqda da belə qanı qara olub?

- Uşaqlıqdan özünə qapalı idi. Ümumiyyətlə, insanın mənliyi, düşüncəsi körpəlikdən formalaşır. Sizə maraqlı bir məqamdan danışacam. Mahnı oxumağı çox sevirəm. Körpəliyindən ona mahnı oxuyurdum. Cəmi beş-altı aylıq idi, bütün mahnıları oxuyurdum, gülürdü, elə ki, keçirdim “Bülbül sənin işin qandır” - uşağın gözündən yaş axırdı. Hansısa notun kədərini duyubmuş görünür. Uşaqlıqdan elə idi - həssas.

- Demək siz sənət məcnunu böyütmüsünüz.

- Sadəcə ədalətli adam böyütmüşəm. Qalan keyfiyyətlər Allahın lütfüdür. Yaşıdlarından tam fərqli düşünürdü. Onu cəzalandırmaq, qulağını burmaq olmazdı. Çox güclü xarakteri formalaşmışdı.

- Qızınızdan danışmadınız...

- Enerjimizin çoxunu Elxana sərf edirdik - istedadlı və həssasdır deyə. Düşünürdük ki, qızımız da gözəl, tərbiyəli uşaqdır. Böyüyüb ailə quracaq. Sən demə, bu ayrıseçkilik uşaqlıqdan Nərmini motivasiya edib. Oxudu, çox çalışdı. Türkiyədə, İtaliyada təhsil aldı. Çox savadlıdır. Yerin altını da bilir, üstünü də. İndi Amerikada yaşayır. Jurnalistdir. Uğurları ilə, qabiliyyətilə qürur duyuram.

Afaq Fasifqizi 4

- Əminəm ki, fəaliyyətiniz boyu sizinlə az müsahibə etməyiblər. Cavablandırmaq istədiyiniz sual olubmu?

- Çoxdandı Qaraqan haqda danışmaq istəyirdim. Amma icazə vermirdi. İstəmirdi onun haqqında danışım. Mən də qərarına hörmətlə yanaşırdım. Nəhayət ki, razılığını aldım və sizinlə bu haqda danışdıq. Mənim də ana kimi haqqlarım var axı.

- İçinizdə sizi ruhdan düşməyə qoymayan dahi qadın obrazı yaşayır?

- Yox! Özüm özümə kifayət edirəm. Adekvat və pozitivəm. Daxili enerjim hesabına müvazinətimi qoruyuram. Boz rəngləri sevmirəm. Həyatı da rəngli yaşamağa üstünlük verirəm - daha maraqlı.

- Hazırda dövlət televiziyasında çalışırsınız. Baş verən dəyişikliklər sizi qane edir?

- AzTV-də baş verən yeniliklər, sözsüz ki, ürəyimcədir. Heç zaman olduğum məkanı tərif etməyə ehtiyac duymamışam. İndi də belə bir ehtiyac yoxdur. Sadəcə AzTV-dəki müsbət dəyişikliklər efirə də yansıyıb, yəni adi tamaşaçı da görür ki, efir setkasında xeyli maraqlı kreativ yeni layihə var.

- Artıq "Sevilənlər"i hazırlamırsınız deyəsən?

- "Sevilənlər"i Nərgiz Cəlilova ilə hazırlayırdıq. Proqram üç il yarım efirdə oldu, cəmiyyətin ən sevilən insanlarını çəkdik. Amma layihələr də insanlar kimidir. Doğuldu, yaşadı və getdi bizim arxivə. Düşünürəm, bu proqram bizim komandaya da, kanalımıza da yetərincə müsbət dividend qazandırdı.

- Bəs indi? Nə edirsiniz?

- Bayaq kanalımızdakı dəyişiklikləri soruşdunuz. Bax tamaşaçının sezmədiyi əsas dəyişiklik kanallardakı kadr dəyişiklikliyidir ki, bunun da nəticəsi ekranda görünür. Belə dəyişikliklərdən biri Azərbaycan televiziyasının canlı klassiki Ramiz Həsənoğluna yüksək səlahiyyətin verilməsi oldu. Uzun fasilədən sonra yaradıcılıqla məşğul olmağa başlayıb. Nə xoş ki, mən də bu işdə onun komandasında, onun yanındayam. Azərbaycantelefilm YB-nin redaksiya kollegiyasına rəhbərlik edirəm. İnanıram ki, uğurlu işlərimiz çox olacaq.

Son xəbərlər
Bütün xəbərlər »