Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa III Avropa Oyunlarına ev sahibliyindən intina edir

İyunun 22-dən 29-na qədər Belarusda keçirilən II Avropa Oyunları deyəsən həm də bu oyunların sonu ola bilər. Çünki III Avropa Oyunlarına ev sahibliyinə razılaşan Polşanın Krakov şəhəri daha sonra qərarını dəyişib. Yeni iddiaçı isə hələ yoxdur.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, iyunun 22-də Minskdə Avropa Olimpiya komitələrinin Baş assambleyasının toplantısında növbəti oyunların keçirilməsi üçün alternativsiz əsasda Polşanın Krakov şəhəri müəyyən edilib. Assambleyanın sessiyası jurnalistlərin iştirakı olmadan keçirilib, iştirakçıların növbəti ev sahibi ölkənin “seçilməsinə” dair əvvəlcədən planlaşdırılmış mətbuat konfransı isə ləğv edilib. Bu da şübhələri artırıb.

Hərçənd Minskdə keçirilən oyunların sonuncu günündə Avropa Olimpiya Komitəsinin rəhbəri Yanez Koçiyançiç jurnalistləri əmin etməyə çalışıb ki, Krakov şəhəri növbəti Oyunların keçirilməsi üçün etibarlıdır. Amma Oyunların rəsmi bağlanış mərasimi zamanı bayrağın ənənəvi olaraq Minskdən Krakova ötürülməsi mərasimi baş verməyib. Cəmi iki gün sonra isə Krakov meri 2023-cü ildə şəhərdə Avropa Oyunlarının keçiriləcəyini şübhə altına alıb.

III Avropa Oyunlarının keçirilməsinə əsas iddiaçılar kimi əvvəlcədən Polşa və Rusiya nəzərdən keçirilirdi. Polyaklar əvvəlcə oyunların Katovitsada keçirilməsini təklif edirdilər, Rusiya isə oyunları Kazanda təşkil etmək istəyirdi.

Polsa - Krakov

Lakin məsələ real seçkilərə gələndə məlum olub ki, oyunları keçirmək üçün cəmi bir iddiaçı var, bu da Polşadır. Rusiya isə bütün diqqətini 2023-cü ildə Yekatrinburqda Yay Universiadasının keçirilməsi hüququnu qazanmağa yönəldib.

Krakovun “seçilməsindən” sonra üzə çıxıb ki, Oyunların bu şəhərdə keçirilməsi haqda ərizəni Polşanın Milli Olimpiya Komitəsi verib, bu ölkənin hökuməti isə şəhər meriyası ilə maliyyə məsələlərini razılaşdırmayıb. Üstəlik Krakov meri Mayxrovski müxalifət partiyasının üzvüdür.

Yerli mətbuata müsahibəsində mer Mayxrovski deyib ki, Krakov Avropa Oyunlarının keçirilməsi üçün ərizə verməyib və hazırda bu oyunların necə maliyyələşdiriləcəyi haqda dəqiq izahat gözləyir.

“Biz buna yol verə bilmərik ki, Krakova 12 min adam (oyunların iştirakçıları və digər idman məmurları) gəlsin, biz isə onların xərclərini ödəmək məcburiyyətində qalaq. Krakovun bu oyunlar sayəsində əlavə reklam olunacağı haqda sözlərə gəldikdə isə-bunlar boş şeylərdir. Biz turist qıtlığından əziyyət çəkmirik”,-şəhər rəhbəri deyib.

Avropa Olimpiya Komitələrinin rəhbərliyi hələlik Krakov merinin açıqlamalarına şərh verməyib. Hansı ki, bu açıqlamalardan sonra Krakov istənilən an Avropa Oyunlarından rəsmən imtina edə bilər. Belə vəziyyətdə isə Avropa Olimpiya Komitəsinin rəhbərliyi bu Polşa şəhərinə alternativi heç də asanlıqla tapa bilməz. Onlara ancaq Rusiya kömək edə bilərdi, amma ruslar da kömək əlini uzatmağa tələsmir.

Son xəbərlər
Bütün xəbərlər »