Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"AÇG-də yerləşən qaz ehtiyatlarının işlənilməsi hələ müzakirə edilmir"

Azərbaycanda bir sıra iri kəşfiyyat və hasilat layihələrinin icrasında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin hissələrində yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi hələlik müzakirə mövzusu deyil. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Fransanın “Total” şirkəti tərəfindən Azərbaycanın Xəzər sektorunda yerləşən “Abşeron” yatağında ABD-001 quyusunun istismar lüləsinin qazılması davam etdirilir. Bundan əlavə, Norveçin “Equinor” şirkəti “Əşrəfi-Dan Ulduzu-Aypara” blokunda və “Qarabağ” yatağında kəşfiyyat və qiymətləndirmə işlərinə hazırlaşır.

“BP şirkəti də gələn iki il ərzində ayrı-ayrı sazişlər çərçivəsində Azərbaycanda 6 kəşfiyyat quyusu qazmağa planlaşdırır. Yəni, gələn bir neçə il ərzində Azərbaycanın karbohidrogen potensialını artıracaq bir sıra işin aparılması planlaşdırılır. Bu kontekstdə AÇG-də dərin qazın işlənilməsi məsələsi hələ müzakirə edilmir. Ölkəmizin neft və qaz ehtiyatları səmərəli və mərhələli olaraq işlənilməlidir. Bu baxımdan AÇG-də dərin qaz ehtiyatlarının işlənilməsinin də öz vaxtı gələcək”, - deyə mənbə əlavə edib.

Mənbənin sözlərinə görə, AÇG-də yerləşən dərin qaz ehtiyatları böyük potensiala malikdir və gələcəkdə Azərbaycanın qaz potensialının genişləndirilməsinə öz töhfəsini verəcək.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Qeyd edək ki, yataqlar blokunun dərinliklərindəki qazın böyük işlənməsi isə yeni müqavilədən kənardadır və bu məsələ tərəfdaşlar arasında yenidən müzakirə olunmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »