Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hələki tibb elmi irsən keçən xəstliklərə çarə tapmayıb"

Həkimlə söhbət: Ürək-damar xəstəliklərindən necə qorunmalı?

Bu günlərdə gənc yazıçı II Mahmudun 31 yaşında ürəktutmasından vəfat etməsi ürək damar xəstəliklərinin yaşının xeyli cavanlaşmasını yenidən yada saldı. Son illər gənclər, hətta uşaqlar arasında sıx müşahidə olunan ürək damar xəstəlikləri havaların istiləşməsi ilə bir az da təhlükəli hal almağa başlayıb. Bəs necə qorunmaq olar, artıq bu xəstəlikdən əziyyət çəkən insanlar özlərini necə qorumalıdırlar? Bizimyol.info bu kimi suallarla mütəxəssisə, terapevt- kordioloq Sevinc Qurbanovaya müraciət etdi.

-Sevinc xanım, ürək damar xəstəliklərini yaradan əsas səbəblər nələrdir?

-Statistik məlumatlara görə hazırda dünyada ürək damar xəstəlikləri səbəbi ilə ölüm halları birinci yerdə dayanır.Ürək damar xəstəliklərinin inkişafını arıtran, yaranma səbəbləri və risk faktorları deyilən bir hal var. Yəni risk qrupuna daxil olan insanlarda bu xəstəliklərə daha çox rast gəlinir. Birinci yerdə biz qeyd edə bilərik irsiyyət məsələsini. Ürəyin işemik xəstəliyinin dəyişilməyən korreksiya edilməyən faktorlarından biri irsiyyət məsələsidir. Yəni başqa səbəblərin qarşısını biz medikamentoz yolla ala bilsək də, irsən keçən xəstliklərə hələlik tibbi çarə tapılmayıb.

İkinci səbəb az hərəkətli həyat tərzidir.Buna tibbdə odinamiya hipodianimiya deyilir.Belə insanlarda ürək damar xəstəliklərinin inkişafı daha çox qeydə alınır. Üçüncü səbəb kimi biz qeyri- düzgün qidalanmanı qeyd edə bilərik. Rasionunda meyvə tərəvəz, çərəzlər, süd məhsulları az olan insanlarda atereskleroza, ürəyin tac damarlarının tutulmasına daha sıx rast gəlinir. Heyvan mənşəli qidalara, qidalanmada normadan artıq duza üstünlük verilməsi də bu xəstəliyin inkişafına səbəb olur.

Bir də komorbit vəziyyətlər var. Yəni yanaşı xəstəliklər olan insanlarda ürəyin işemik xəstəliyinin inkişafı labüddür. Buna misal olaraq günümüzdə pandemiya xarakteri almış şəkərli dibaet xəstəliyi və qalxanvari vəzinin funksiyasının zəifləməsi ilə müşayiət olunan hipotrioz xəstəliyidir.Yəni qalxanvari vəzin funksiyasının pozulması orqanizmdə xolesterin mübadiləsini pozur, atelkersklerozun inkişafını sürətləndirir.

Bu xəstəliyin yaranmasında ən başlıca amil kimi mən stress faktorunu qeyd edərdim. Stresi çox olan insanlarda bu xəstəliyin yaranması labüddür. Bir də siqareti qeyd etmək istərdim. Siqaret ağ ciyərlərin xəstələnməsində olduğu kimi ürəyin işində də problemlər yaradır. Məhz bu sadaladığım faktorlar letal sonluqlara da səbəb olur.

-Qarşısını almaq üçün nə etmək lazımdır?

-Düzgün həyat tərzi, düzgün qidalanma, siqaretdən uzaq durmaq, fiziki aktivlik.Və kardiologiyada Aralıq dənizi diyeti deyilən bir diyet tətbiq olunur. Bu qidalanmada meyvə-tərəvəzə üstünlük verilməsi deməkdir. Bu diyet heyvan mənşəli qidaların rasiondan çıxarılmasını, bitki mənşəli yağlardan, meyvə tərəvəzdən bol-bol istifadəni nəzərdə tutur.

Bir də normal yuxu rejimi mütləqdir. Bu xəstəlikdən əziyyət çəkən insanların gecə saat 10-11 arası yatmaları tövsiyə olunur. Bu vaxtlarda bir çox hormonların sintezi başlayır. Xoşbəxtlik hormonu dediyimiz endorfin və. Bu hormonların vasitəsi ilə orqanizm özünü stress vəziyyətindən müdafiə edə bilir.

Kardiovaskulyar ağırlaşmaların qarşısını almaq üçün yanaşaı xəstəliklərin mütəxəssis nəzarətində korreksiya olunması vacibdir ki ağırlaşmalar olmasın.

-Sevinc xanım, infarkt keçirmiş insanlarda təkrar infarkt zamanı ölüm riski hansı səviyyədədir?

-İnfarktla bağlı ölümün baş verməsi səbəbini öncə qeyd etməliyəm. İnfarkt əsasən ürəyin sol mədəciyində, sol konorar arteriyada baş verir. Konorar arteriyanın ön mədəcik arxası və dolanan şaxəsi var. Ön mədəcik arxası şaxənin kökündə, çıxan yerində iri damar tıxanarsa bu ürəyin böyük hissəsində infarktı əhatə edəcək. Bu zaman ölüm riski yüksək olur. Dolanan şaxədə, yəni sol mədəciyin arxa divarını qidalandıran damarda, ucqarda baş verən infarktda ölüm riski azalır. Təkrarən qeyd edirəm, infarktın hansı damarda və damarın hansı hissəsində baş verməsi önəmlidir.Yəni infarkt zamanı ölüm riski infarkrtın sayından deyil, hansı damarda, damarın ucqarında yoxsa kökündə baş verməsindən asılıdır. Söz yox ki, infarkt sayı artdıqca risk də artır. Yəni ölüm baş verməməsi üçün istisna hallar var.

- Son olaraq, oxucularımıza nə töcsiyə edərdiniz?

- İndi yay fəslidir. Yay aylarında ürək- damar xəstəliklərindən əziyyət çəkən insanlar daha ehtiyatlı olmalı, günəşdən qorunmalı, bir başa gün işıqları altında uzun müddət dayanmaqdan qaçınmalıdırlar. Yaya uyğun yüngül qidalanma ilə özlərini daha gümrah hiss edə bilərlər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »