Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş iş adamı ortalıqda qalıb, kömək edən yoxdur - Video

Qocalar evinə yerləşməyə yaşı imkan vermir, sığınacağa üz tutmağa səhhəti

Redaksiyaya zəng edərək özünü Nigar Şalikova kimi təqdim edən xanım yardıma ehtiyacı olduğunu bildirirdi. Xahiş etdi ki, küçədən tapdığı bir kişiyə kömək əlimizi uzadaq. AYNA-ya pənah gətirmiş qadının xahişini cavabsız qoymayıb həmin zəngin ardınca getdik.

Nigar Şalikova bizi "Nizami" metrostansiyasının arxasındakı ara küçələrin birində yerləşən həyət evində qarşıladı. Ev o qədər kiçik idi ki, bir çarpayı, kiçil stul, balaca televizorla dolmuşdu. İstidən evdə nəfəs almaq mümkün deyildi.

Qadının dediyinə görə, artıq 3 aydır ki, bu evi Akif Əliyevin yaşaması üçün kirayələyib. Bunun müqabilində isə ayda 150 manat kirayə haqqı ödəyir.

O, Akif Əliyevi soyuq yaz aylarının birində küçədən tapdığını bildirir. Yeriyə bilməyən, səhhətində problemlər olan, 62 yaşlı A.Əliyev yaxınları tərəfindən tərk edilib.

N.Şalikova A.Əliyevi həkimə aparıb, müayinələrdən keçirdib. Məlum olub ki, o, Hipatit C xəstəsidir, ayaqları tutulub, üstəlik alsgeymerdən əziyyət çəkir: “Həkim hələlik müalicəsi üçün 250 manatlıq dərmanlar yazıb. Ancaq ala bilmədim. 240 manat MRT-yə verdim. Gündəlik yeməyinə 7-10 manat xərcləyirəm. Kirayə pulu, pampers xərci də bir yandan”.

Nigar xanım deyir ki, artıq A.Əliyeva baxmağa maddi imkanı yol vermir: “Çox çətindir. Dostlar, tanışlar maddi yardım göstərdiyi üçün 3 ay saxlaya bildim. Artıq pul da bitib. Kirayə haqqının da vaxtıdır. Növbəti ay üçün ödəməyə isə pul yoxdur. Bilmirəm, nə edəcəyik”.

Akif Əliyevlə söhbətimiz əsnasında bəlli olur ki, zamanında vətən üçün kifayət qədər işlər görüb. Dediyinə görə, Kiyevdə Xarici İqtisadiyyat Akademiyasını bitirib. Oradan təyinatla Tumen şəhirində yerləşən Geologiya Universitetinə işləməyə gedib.

1986-1987-ci illərdə Yamalda neft-qaz sektorunda çalışıb. 1990-cı ildə isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. 1993-cü ildə Qarabağ müharibəsində iştirak edib.

Sonra Mingəçevirdə işləyib. Oradan da Bakıya təyinat alıb, Sənaye və Tikinti Nazirliyində çalışıb. 1996-cı ildən başlayaraq Rusiyadan Yunanıstana xəz-dəri xammalı ixrac edib. 2002-ci ilə kimi Yunanıstanda yaşayıb, orada şirkət sahibi olub. 2002-ci ildə Bakıya geri dönüb. Amma ailəsi Yunanıstanda qalıb.

2006-cı ildə müflis olan A.Əliyev bankdan kredit götürüb. 2012-ci ildə krediti ödəyə bilmədiyi üçün Bakıda olan evini sataraq krediti bağlamağa məcbur olub. 2016-cı ilə kimi müxtəlif yerlərdə işləyib, fəhləlik edib. 2016-cı ildə ayaqları tutulduğu üçün iş qabiliyyətini itirib və küçələrdə qalmağa başlayıb.

A.Əliyevdən ailəsi haqqında da soruşuruq. Öyrənirik ki, 2 qızı, 1 oğlu və 1 nəvəsi var. Amma onlarla sonuncu dəfə 2016-cı ildə telefon vasitəsilə əlaqə saxlayıb. Övladlarından niyə kömək istəmədiyini soruşduğumuzda isə gözləmədiyimiz cavabı alırıq: “Bəzi problemlər olduğu üçün onlarla danışmıram. Hətta danışanda qızım mənə pul göndərmək istədi. Razı olmadım”.

Onun bir istəyi var – qocalar evinə yerləşmək. Buna isə onun yaşı imkan vermir. Qocalar evinə ancaq 65 yaşı tamam olmuş şəxslər qəbul edilir: "Xəstəxanalarda da 3-4 gün qalandan sonra deyirlər ki, “çıxarın, aparın, mülicəsini evdə davam etdirin. Evim də yoxdur. Bu qədər iş gördüyüm halda qocalar evini də mənə çox görürlər”.

Nigar Şalikova deyir ki, yardım olmasa, Akif Əliyevi yenidən küçəyə atmalı olacaq: “Maddi yardım olmasa, baxa bilməyəcəyik. Qocalar evinə isə yaşı çatmır. İndi əlimizdən ancaq o gəldi ki, sizə müraciət edək, bu məsələni işıqlandırasınız”.

Son xəbərlər
Bütün xəbərlər »