Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılara ən asan və çətin viza verən ölkələr hansılardır? - Foto

Yay mövsümü səyahətlər, gəzintilər mövsümüdür. Yay deyəndə yada istirahət, çamadanları götürüb harasa getmək, imkan varsa dünyanı gəzmək düşür. Sovet dönəmində insanlar ölkə daxilindəki 15 qardaş respublikanı rahatca , xarici ölkələr dedikdə isə müttəfiq sosialist ölkələri xüsusi icazə əsasında gəzə bilirdilər. İndi isə dövr-dövran başqadır. Son illər Azərbaycan ölkənin turizm potensialının gücləndirilməsini prioritet məsələ olaraq qarşıya qoyub. Ölkəmizə gələn əcnəbilərin sayında xeyli artım var. Elə Azərbaycandan da başqa ölkələrə üz tutanların sayı az deyil. Bəs viza almaq , səyahət məsələlərində hansı ölkələr asan, hansı ölkələr çətin ölkələr hesab edilir? Bu sualla mütəxəssisə müraciət edirik.

Bizimyol.info-nun müsahibi “Spektr” turizm şirkətinin rəhbəri Göydəniz Qəhrəmanovdur.

Göydəniz Qəhrəmanov Göydəniz Qəhrəmanov

- Göydəniz bəy, hazırda Azərbaycan vətəndaşları üçün viza almağa ən asan ölkələr hansılar hesab edilir?

- Ən asan vizanı Dubay cə Sinqapur verir. Bu ölkələrə elektron viza sistemi tətbiq edildiyi üçün 1-2 gün ərzində viza əldə etmək mümkün olur. O cümlədən Braziliya da asan viza verən ölkələrdən hesab olunur. Bakıdakı Braziliya səfirliyi adətən 3 günə cavab verir. Şengen ölkələri əgər sənədlər düzgündürsə 1 həftə ərzində cavab verirlər. Mərakeş 1-3 gun , Yaponiya 5 gün, İngiltərə 14 gun ərzində, təcili tələb olunarsa , əlavə rüsum ödənişiylə 5 gün ərzində viza verilə bilir. Qeyd edim ki, İngiltərənin bizdə konsulluğu ləğv edildiyinə görə, sənədlər Türkiyədəki konsulluğa göndərildiyi üçün 2 həftə zaman lazım olur. Hindistanı da asan viza verən ölkə kimi qeyd edə bilərəm.

- Dünən aldığımz bir xəbərə görə, ABŞ-a viza almaq çətinləşib. Bu barədə nə deyə bilərsiz?

- Yox,çətinlik yoxdur.Sənədlər qaydasındadırsa, ABŞ səfirliyi 3 gün ərzində viza təqdim edir.

- Bəs hansı ölkələrə viza almaq asan sayılmır?

- Argentina və Çini qeyd edə bilərəm. Argentina viza tələbinə 35-40 gün ərzində cavab verir.Vətəndaşın pasportu istisna olmaqla sənədləri Argentinaya göndərilir, araşdırılır və sonra cavab verilir. Bu da çox vaxt narazılığa səbəb olur. Çin isə son bir ildə viza verilməsini çətinləşdirib. Nə üçün çətinləşdirməsinə dair isə məlumat verilmir.

- Bildiyimə görə, Litvaya da getmək asan başa gəlmir.

- Şengen vizası ölkələrinə əvvəl bu ölkələrə gedib qayıtmış insanlara viza daha asan verilir, nəinki pasportunda heç bir ölkənin möhürü olmayan şəxslərə.

- Bəzi insanlar var ki, onlar səyyah ömrü yaşayırlar, bu ölkədən, o ölkəyə səfər edirlər. Onların bu müntəzəm səfərləri zamanı hansısa qadağalar tətbiq edilirmi? Məsələn bildiyimə görə, İrandan sonra ABŞ-a və ya ABŞ-dan sonra İrana getmək asan olmur.

- Belə hallar yaşana bilir, istisna deyil. Bir çox iranlılar ABŞ-a problemsiz gedə bilirlər. Dediyiniz fakt İranla İsrail arası səfərlərdə qeydə alınır. Lakin ümumilikdə blogerlər, səyahətçilər pasportlarının vaxtı bitməyibsə, sənədlərində hər hansı bir çatışmazlıq yoxdursa və getdikləri ölkələrdə qanun pozuntusuna yol verməyiblərsə rahatca səyahət edə bilirlər.

- Bəs Azərbaycana necə, gəlmək asandır ya çətin?

- Azərbaycana gəlmək çox asandır.Bizə xarici vətəndaşlar müraciət edirlər, şirkət olaraq 3 saat ərzində Azərbaycana gəliş vizalarını təmin edə bilirik.Onlayn viza verilməsi bu mənada vəziyyəti daha da asanlaşdırır.

- Azərbaycanlılar əsasən hansı ölkələrə səfərlərə üstünlük verirlər?

- Yayda Türkiyənin Antalya və Bodrum şəhərlərinə, qışda isə Dubaya , Tailanda gedənlərin sayı çoxdur.Qışda Seyşel, Maldiv adaları, Sinqapur, Pattaya istiqamətlərinə tələbat artır.

- Azərbaycanda sizcə otellərin qiyməti dünya ölkələri ilə müqayisədə bahadır?

- Deməzdim. Bizdə 4 və 5 ulduzlu otellər dünya standartlarına cavab verəcək keyfiyyətdədir. Yəni bir çox ölkələrin 5 ulduzlu otel adıyla təqdim etdikləri otellər 3 ulduz səviyyəsində belə olmur. O mənada hesab edirəm ki, otellərimizin qiymətləri əcnəbilər üçün münasibdir. Yerli vətəndaşlara gəlincə deyə bilərəm ki, müəyyən təbəqəlr üçün əlçatan olmaya bilər. Lakin ümumilikdə, normal qarşılanır.

- Bəs hostellər barədə nə deyə bilərsiz? Əvvəlki illərdə əcnəbi turistlər hostellərin yoxluğundan şikayət edirdilər.

- Artıq hostellərin sayı artıb. Bununla yanaşı, qonaq evləri də açılmağa başlayıb. Paytaxtda hostellər, bölgələrdə isə qonaq evlərinin üstünlük təşkil etdiyini söyləmək olar.

- Azərbaycanda hazırda tibbi turizmin inkişafına da diqqət yetirilir. Hansı şəfa ocaqlarımız daha populyardır?

- Qalaltı, Naftalan və Naxçıvandakı Duz dağ sanatoriyalarına xaricdən üz tutanlar var. Onlar arasında türklər, ruslar və qazaxlar üstünlük təşkil edir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »