Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış yazıçının oğlunun şikayəti təmin edilmədi
Bakı Apelyasiya Məhkəməsində məşhur yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dələduzluqda təqsirli bilinən Əziz Kərimzadənin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

İttihama görə, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »