Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Çovdarovun vəkili məhkəmədən vaxt istədi
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub. Prosesdə təqsirləndirilən Orxan Osmanovun vəkili çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən A. Çovdarovun vəkili çıxışa hazır olmadığı üçün məhkəmədən 1 ay, Səlim Məmmədovun vəkili isə 2 həftə vaxt istəyib. Məhkəmə onlara bir həftə vaxt verib və proses sentyabrın 6-dək təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum edilməsini tələb edib.

Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.

Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »