Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya və müavinətlərlə bağlı hansı yeniliklər gözlənilir?
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə silsilə sosial islahatlar həyata keçirilir. Artıq bir ildən çoxdur davam edən islahatlar əhalinin sosial rifahının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına, sahibkarlığın inkişafına önəmli töhfələr verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Oxu.Az-ın bu və digər məsələlər barədə suallarını cavablandırıb:

- Anar müəllim, əvvəlcə pensiya mövzusuna toxunaq. Minimum pensiya məbləğinin artırılması neçə nəfəri əhatə edəcək?

- Bildiyiniz kimi, ölkəmizdə ardıcıl şəkildə sosial islahatlar aparılır. İlin əvvəlində bu islahatların ilkin mərhələsi baş tutdu və minimum pensiya 160 manata kimi qaldırıldı. Bu islahat təqribən 233 min pensiyaçını əhatə etdi. Hazırda cənab Prezident İlham Əliyevin imzaladığı böyük islahat paketi nəticəsində ilin əvvəlindəki mərhələ ilə birlikdə pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək.

- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirmişdi ki, yeni pensiya konsepsiyasında özəl pensiya fondlarının yaradılması məsələsi yer alıb.

- Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Hazırda Azərbaycanda hələlik məcburi yığımlardan ibarət pensiya sistemi fəaliyyət göstərir. Biz 2017-2019-cu illər ərzində Avropa İttifaqı ilə birlikdə həyata keçirdiyimiz layihə çərçivəsində özəl pensiya fondlarının yaradılması məsələsinin təhlilini apardıq və bu istiqamətdə işlər davam edəcək.

- Bu sahədə hansı ölkənin təcrübəsindən istifadə etmək daha yaxşıdır?

- Fransa, Latviya və bir sıra Şərqi Avropa ölkələrinin təcrübəsini nəzərdən keçiririk. Çünki bu sahədə bir neçə - Skandinaviya, Liberal və klassik modellər var. Onların təcrübəsindən bəhrələnməyə çalışırıq.

- Pensiya sisteminin yeni inkişaf konsepsiyası nə vaxt hazır olacaq?

- Bu sahədə fəal işlər gedir. Biz bunun üçün BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Onlar bizə dəstək olacaq ki, beynəlxalq məsləhətçiləri bu işə cəlb edək. Düşünürük ki, 2019-cu ilin sonuna işlərimizi tamamlaya biləcəyik və 2020-ci ildə pensiya sisteminin yeni inkişaf konsepsiyasının icrasına başlaya biləcəyik. Yeni konsepsiyada əsas komponetlərdən birində könüllü yığımın fəallaşdırılması üçün addımlar atılacaq.

Anar Kərimov nazir müavini ƏƏSMN

İkincisi, bayaq dediyiniz kimi, qeyri-dövlət pensiya fondlarının yaradılması və ən vacib məsələ - pensiya sisteminin fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində addımlar atılacaq. Bu, niyə vacibdir? Çünki biz çalışacağıq ki, növbəti addımlarla pensiya fondunun hətta təşkilati-hüquqi formasını da nəzərdən keçirək: yəni biz necə edə bilərik ki, daha çox proaktiv sosial xidmətlər göstərə bilək.

Yeni konsepsiyanın tərkib hissəsində pensiya sisteminin fəaliyyətinin artırılması, daha çox elektron və innovativ yanaşmada istifadəsi, elektron auditin tətbiqi, sığorta sisteminin müxtəlif pillələrinin səmərəliləşdirilməsi nəzərdə tutulub.

- Gələn ildən pensiyaların məbləğinin yenidən artırılacağı barədə məlumat yayıldı. Bu, necə hesablanacaq?

- Hər ilin yanvar ayında bütün pensiyalar nəzərdən keçirilir. Hazırda Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Onların pensiyaları nəzərdən keçiriləndə ötən il ərzində orta aylıq əməkhaqqının artım faizinin nə qədər olduğuna baxılır və buna uyğun olaraq hər ilin yanvarında pensiyalar artırılır və indeksləşdirilir. Çünki bu il iki dəfə pensiyalar, minimum əməkhaqları artırılıb. Bu da istər-istəməz orta aylıq əməkhaqqına təsir edəcək.

Orta aylıq əməkhaqqı bu gün 544 manatdır. Düşünürük ki, gələn il bu rəqəm təqribən 625 manat olacaq. Yəni 10-15 faiz artım qeydə alınması gözlənilir. 2019-cu ildə orta aylıq əməkhaqqının sözügedən artımı 2020-ci ilin yanvarında bütün pensiyaların artımına səbəb olacaq.

- Prezident İlham Əliyevin imzaladığı son sərəncamdan sonra bəzi ekspertlər ölkədə inflyasiya təhlükəsinin gözlənildiyini bildirdi. Bu, nə dərəcədə düzgündür?

- Ciddi inflyasiya təhlükəsi gözlənilmir, çünki ilin əvvəlində həyata keçirilmiş islahatların birinci paketi inflyasiyaya səbəb olmadı. İslahatlar hazırlanan zaman müxtəlif təhlillər aparıldı və ssenarilər nəzərdən keçirildi. Azərbaycanda iqtisadi inkişaf tempi üç faizə yaxın olub. Hazırda inflyasiya 2,4 faiz civarındadır. Ümumilikdə Azərbaycanda ötən il ərzində inflyasiya aşağı səviyyədə olub ki, bu da təqribən 2,7 faiz təşkil edib. Bunları nəzərə alaraq düşünürük ki, inflyasiya riskləri aşağıdır və islahatlar müsbət nəticə verəcək.

- Rusiya MDB-nin yeganə ölkəsidir ki, Azərbaycanla pensiyaların tanınması haqqında saziş imzalamayıb. Pensiya təminatı sahəsində Rusiya ilə əməkdaşlıq barədə nə deyərdiniz?

- Biz pensiya təminatı sahəsində beynəxalq və regional təcrübəyə müraciət edirik. Məsələn, Qazaxıstanda uğurlu pensiya yığım sistemi tətbiq olunub, MBD məkanında da bəzi təcrübələr var. Ona görə də bu müstəvidə Rusiya ilə əməkdaşlıq edirik.

Aprel ayında nümayəndə heyətimiz pensiya təminatında əməkdaşlıq və müvafiq saziş üzrə danışıqların növbəti mərhələsini keçirdilər. Düşünürük ki, bu ilin sonunadək bu sazişin müzakirəsini yekunlaşdıracağıq və imzalanması mümkün olacaq. Bu da bizim məhsuldar əməkdaşlığımız üçün bir çərçivə yaradacaq.

Bilirsiniz ki, Rusiyada çox sayda Azərbaycan vətəndaşı yaşayır. Onlar Rusiyada işləyir və pensiya yaşına çatırlar. Təbii ki, onların pensiya alması kimi sosial məsələlər də meydana çıxır. İki ölkə arasında müvafiq sazişlərin olması bu istiqamətdə bir çox prosedurları asanlaşdıracaq.

- Bu ildən Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı sistemi tətbiq olunur. İlin əvvəlindən neçə nəfər avtomatlaşdırılmış qaydada pensiya alıb?

- Pensiyanın avtomatlaşdırılması vacib məsələdir. Bu, sosial inkişafın növbəti mərhələsidir. Buna görə də pensiyanın avtomatlaşdırılmış təminatı sosial xidmətlərin gözəl nümunəsidir. Heç bir quruma yaxınlaşmadan, sənəd təqdim etmədən pensiya təminatı aparılıb və artıq 12 min vətəndaş bundan bəhrələnib.

- Nazirliyin proqnozuna əsasən, ilin sonuna qədər neçə nəfərə pensiya avtomatlaşdırılmış qaydada təyin ediləcək?

- Biz bu rəqəmin ilin sonuna kimi 25 minə çatacağını proqnozlaşdırırıq. Ümumilikdə, 2019-cu il ərzində 30 min şəxsin pensiya təminatı aparılacaq ki, bunun da 80 faizi avtomatlaşdırılmış qaydada olacaq.

- Azərbaycanda sosial müavinətlərin də avtomatlaşdırılmış qaydada təyin olunması planlaşdırılır. Bu işlər nə vaxt yekunlaşacaq və sosial müavinətlər nə zaman avtomatik qaydada təyin olunacaq?

- İslahatların birinci mərhələsində müavinətlər 600 min insanı əhatə edib. 7 növ Prezident təqaüdü, 14 növ müavinət artırılıb və iki növ yeni təqaüd təsis edilib. Ona görə də istər-istəməz maliyyə meyarlarından danışırıqsa, biz kəmiyyət tərəfdən vəsaiti qaldırdıqda bunu keyfiyyət tərəfdən də təmin etməliyik. Bunun üçün çalışırıq ki, hər şey avtomatlaşdırılmış şəkildə həyata keçirilsin. Hazırda müavinətlər 40, təqaüdlərin isə 85 faizi avtomatlaşdırılıb.

- Azərbaycanda beşdən çox uşağı olan nə qədər anaya sosial müavinət verilir? Ümumiyyətlə, yaşa görə müavinət alanların neçə faizini qadınlar təşkil edir?

- Aprel ayında müəyyən müavinətlər qaldırıldı. Azərbaycanda yaşa görə müavinət alanların 97 faizini qadınlar təşkil edir. Bu müavinəti alanlar aztəminatlı qadınlardır. Ona görə də artırılmış 14 müavinət arasında bu müavinətlərin xüsusi yeri var. Azərbaycanda 50-60-dan çox müavinət var. Hazırda bunların optimallaşdırılması istiqamətində işlər gedir. Həssas qruplara daxil olanlara daha çox diqqət yetirilir.

- Bildiyiniz kimi, “Uşaq pulu” barədə sosial şəbəkələrdə məlumatlar yayıldı. Milli Məclisdə də bəzi deputatlar bildirdi ki, aztəminatlı ailələrdə yaşı altıya qədər uşaqlara görə “uşaq pulu” verilsin. Bu barədə hansısa bir yenilik gözlənilirmi?

- Ailələrin, o cümlədən, uşaqların sosial rifahının yaxşılaşdırılması sosial sığorta, müxtəlif növ müavinət və təqaüdlər vasitəsilə aparılır. Bu yaxınlarda onlara aid müavinətlər və təqaüdlər artıb. Məsələn, uşağın anadan olmasına görə hər uşaq üçün müavinət 200 manata, müddətli hərbi xidmətdə olanların uşaqlarına 100 manat, 5-çox uşağı olan anaya hər uşağa görə 55 manata çatdırılıb. Həmçinin, ötən il ərzində ümumilikdə 90 minə yaxın uşağa sosial müavinət ödənilib.

- Sirr deyil ki, özəl şirkətlərin əksəriyyəti işçilərə maaşın bütün hissəsini kart vasitəsilə ödəmir. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində tədbirlər gücləndiriləcəkmi?

- Bu, vacib məsələdir və bu istiqamətdə dövlət qurumları birgə iş aparırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, biz bu məsələyə əmək bazarının tənzimlənməsi prizmasından baxırıq və bununla bağlı qabaqcıl beynəlxalq təcrübəyə müraciət olunur.

Hesab edirəm ki, son zamanlar vergi sahəsində, sosial ödənişlər sahəsində təşviqat, maarifləndirici tədbirlər nəticəsində müsbət nəticələrə nail olunub.

- 2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır.

- Bəli. Bu strategiya sosial xidmətləri əhatə edəcək. Sosial sahədə aparılan işlər yalnız bir illik müstəvidə deyil, növbəti dörd-beş ili düşünməyi və həyata keçəcək layihələrimizin düzgün bölgüsünü aparmağa vadar edir. Bu işlərin bir hissəsi dövlət, digər hissəsi ilə beynəlxalq və yerli tərəfdaşlar tərəfindən aparılacaq.

- Aparılan islahatlar hansı illəri əhatə edəcək və tam nəticəsini nə vaxt görəcəyik?

- Cənab Prezident İlham Əliyevin ötən aylar ərzində imzaladığı sərəncamlara əsasən, təxminən dörd milyon nəfərin sosial vəziyyəti yaxşılaşdırılıb. Nəzərə alaq ki, ölkəmizin əhalisi bu yaxınlarda 10 milyona çatdı və bu, çox böyük rəqəmdir.

Son 12 ay ərzində aparılan sosial islahatlar əhalinin 40 faizi əhatə edib. Burada müxtəlif qrup insanların sosial təminatına diqqət yetirilib. İkinci vacib məqam isə bu işlərin ardıcıl aparılmasıdır. Fikrimcə, növbəti illər ərzində islahatların davamını gözləmək olar.

- Bəs pensiya təyinatında elektronlaşmadan sonra hesablama sistemində dəyişikliklər gözlənilirmi?

- Burada əsas dəyişikliklər bu sahədə elektron xidmətlərdən daha geniş və dərin istifadə olunmasına aiddir. Proaktiv xidmətlərə və onlayn platformaların (məsələn, e-sosial.gov.az və onun alt-sistemləri) tətbiqinə diqqət yetiriləcək. Beləliklə, pensiya təyinatı daha şəffaf və operativ olacaq.

- Pensiya yaşının artırılması müəyyən narazılıqlar yaradan məsələdir. Azərbaycanda yaş həddinin artırılmasına yenidən baxıla bilərmi? Ümumiyyətlə, yaş həddinin artırılması hansı meyarlarla qəbul olunur?

- Pensiya yaşının tənzimlənməsinə (azaldılması və ya artırılması) pensiya sisteminin dayanıqlığının təmin edilməsi və gücləndirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübədə rast gəlinir. Pensiya islahatları çərçivəsində bəzi peşə sahələrində çalışan əhali təbəqələri üçün fərqli şərtlər daxilində daha erkən yaşda pensiyaya çıxma imkanı nəzərdən keçirilə bilər.

Son xəbərlər
Bütün xəbərlər »