Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar İçəri Şəhərdə tarixi abidələrə, ərəblər restoranlara can atır…
Son iki ildə Azərbaycana gələn turistlərin sayı artıb. Turistlərin ölkəmizə maraq göstərməsi səbəblərindən biri viza sisteminin sadələşdirilməsidir. Bundan başqa, Azərbaycanın rahat mühiti, əlverişli iqlimi də onların diqqətini cəlb edir.

Həmçinin, son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın xarici ölkələrdə tanıdılması baxımından mühüm rol oynayıb. Beynəlxalq əhəmiyyətli idman, mədəniyyət tədbirlərini izləmək üçün gələn xaricilər növbəti illər ərzində də bizim ölkəyə gələcəklərini bildiriblər.

Bu gün Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, İran və digər ölkələrin vətəndaşları ölkəmizə səfər edirlər. Maraqlı məqam ondadır ki, ölkəmizə gələn turistlərin istirahət üçün seçdikləri məkan fərqlidir. Apardığınız araşdırma zamanı məlum oldu ki, tarixi məkanlarda, abidələrdə, teatrlarda, muzeylərdə daha çox avropalı turistlər olur, restoran, ticarət və əyləncə mərkəzlərində isə ərəblərə rast gəlinir .

Paytaxta gələn avropalı turistlər ilk növbədə Bakının qədimliyi ilə maraqlanırlar. Onlar qədim Bakı, İçəri Şəhərdə olmaqdan zövq alırlar.

Şirvanşahlar Sarayında olarkən orada türk, rus, ukraynalı, gürcü vətəndaşlarına rast gəldik. Onlar böyük həvəslə “Şirvanşahlar” sarayının tarixi ilə maraqlanırdılar. Şirvanşahlar Sarayı Kompleksində olan turistlərin diqqətini daha çox multimedia bələdçiləri cəlb edir. “İpad Mini” bazasında hazırlanan multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audioyazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və videomateriallarla tanış olmaq turistlərə daha rahat gəlir. Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğurur. Muzeydə, həmçinin, saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunması onların Azərbaycan tarixi ilə tanış olmasına şərait yaradır.

Biz Şirvanşahlar Sarayında olarkən avropalı turistlər kompleksin ayrı-ayrı sahələrini gəzirdilər, burada yaradılan şəraitlə tanış olurdular.

Eyni vəziyyət Qız Qalasında da yaşanır. Qız Qalası avropalı turistlərin diqqətini cəlb edir. Onlar adıçəkilən abidənin tarixi ilə maraqlanırlar. İçəri Şəhərdə gəzən turistlərin bir neçəsi ilə qısa söhbət etdik.

Ukraynalı turistlər qədim və müasir Bakını çox bəyəndiklərini bildirdilər: “Şəhərin müasirliyi və təmizliyi məni valeh etdi. Qədim binalar çox yaxşı restavrasiya olunub. Yeni tikililər isə xüsusilə diqqətimizi cəlb etdi. Alov Qüllələri möhtəşəmdir. İnsanları çox sevdim – mehribandırlar. Şəhərin ən yüksək yerindən Bakını izləmək zövq verir. Bakı möhtəşəm görünür. Buranı çox sevdim, inşallah, yenə gələcəm. Bu səfər tək yoldaşımla deyil, uşaqlarımla da gələcəm. Bakı təhlükəsiz şəhərdir. Gecə saatlarında cox rahat gəzintiyə çıxırıq. İndiyədək hər hansı xoşagəlməz hadisənin şahidi olmamışam. İçərişəhəri gəzdik, Şirvanşahlar Sarayında olduq. Çox xoş təəssüratlarımız var. Qız Qalasından şəhərin panoramını izlədik, möhtəşəm idi. Milli Azərbaycan Tarixi Muzeyində zəngin tarixiniz və mədəniyyətinizlə tanış olduq”.

Bakının “Torqovıy” kimi tanınan Nizami küçəsində vəziyyət fərqlidir. Burada avropalı turistlərlə yanaşı, ərəb və iranlılara daha çox rast gəlinir. Ərəblər şəhər mərkəzində fəaliyyət göstərən restoranlarda, ticarət və əyləncə mərkəzlərində olmağa daha çox üstünlük verirlər. Bir sözlə, onlar alış-veriş etməkdən zövq alırlar.

Turistlərin ən çox toplandığı məkan Fəvvarələr meydanı olduğundan, oradakı mağazalara baş çəkdik. Ərəb turistlər alış-veriş edirdilər. Əntiq əşyalar satan Əziz Məmmədli dedi ki, mağazanı ələk-vələk etmələrinə baxmayayaraq, rəsm əsərləri və ya əntiq əşyalara pul xərcləmirlər: “Hər gün azı 5-10 dəfə gəlib baxırlar. Amma, avropalılar kimi, ərəblər belə əşyalara pul xərcləmirlər”.(Bakı xəbər)

Son xəbərlər
Bütün xəbərlər »