Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bədəndə mayenin buxarlanması qıcolma ilə nəticələnə bilər"
Son günlər havanın isti keçməsi günvurma hallarının sayını da artırıb. Səhiyyə nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ay ərzində Bakı şəhərində 18 günvurma halı qeydə alınıb.

Günvurmadan necə qorunmaq lazımdır?

Bu barədə Bizimyol.info-ya danışan tibb elmləri doktoru, həkim Adil  Qeybulla bildirib ki, havaların isti keçməsi insan orqanizmində müxtəlif fəsadlar yaradır, ona görə də bu məsələyə diqqətlə yanaşmalı, günün daha çox isti saatlarında günəş altında dayanmamalı, daha çox maye qəbul etməli və sərinləmək üçün daha çox soyuq sular qəbul etməməlidir:

"Günvurma hadisələri fəsillə və hava şəraiti ilə bağlı tez-tez rastlanır. Anomal istilər hökm sürür ki bu da Azərbaycan üçün xarakterik deyil. Bizim bu qədər istilərə uyğunlaşmamız yoxdur deyə orqanizmimizdə müxtəlif fəsadlar yaranır. Günvurma ilə yanaşı soyuqdəymə halı da yaşanmaqdadır.

Bu nədən qaynaqlanır? Havaların isinməsi bədəndə reaksiyaların sürətlənməsinə gətirib çıxarır. Bədənin istilik tənzimləmə mexanizmləri var. Bu mexanizmlər işə düşən zaman dəri məsamələri genişlənir, dəri tənəffüzü güclənir, bütün bunlar temperatutu stabil saxlamağa çalışır. Amma bu mexanizm bir müddət sonra tükənir və nəticədə bədənin qızması baş verir. Bədən isinəndə isə qanın dövretmə sürəti zəifləyir, laxtalanma artır, zülalların denaturasiyası baş verir ki, bu da həyatımız üçün təhlükəli situasiya yaradır. Ona görə də günəş şüaları altında uzun müddət dayanmaq olmaz. Bunun ekspozisiya müddəti mümkün qədər qısa olmalıdır. Saat 12 və 18:00 aralığında insanlar mümkün qədər günəş şüalarından qorunmalıdırlar. Xüsusilə yaşlı nəslin nümayəndələri, hamilə qadınlar, azyaşlı uşaqlar. Uşaqlar xüsusilə uzaq durmalıdırlar, bədəndə mayenin buxarlanması onların qıcolması ilə nəticələnə bilər.

Belə hallar yaşanan zaman çoxlu miqdarda maye qəbul etmək lazımdır. Əl-əlxsus da belə hallarda kondisionerdən istifadəyə diqqət yetirmək lazımdır. Kondisionerin temperaturu bayırdakı ilə müqaisədə 10 dərəcədən çox ola bilməz. Bayırda 35-38 dərəcə isti olanda evdə 18-20 dərəcə temperaturda kondisioner işlədirlər ki, bu da soyuqdəymə halları ilə nəticələnir. Soyuq su qəbulu məsələsi də həssas məsələdir. Hava isti olan zaman həddindən artıq soyuq temperaturda su içirlər ki, bu da sağlamlığa olduqca ziyandır, yuxarı tənəffüs orqanlarındakı infeksiyaların aktivləşməsinə gətirib çıxarır. Çalışmaq lazımıdr ki, qəbul etdiyiniz maye nisbətən sərin olsun.

Qan təzyiqinin düşməsi, soyuq tər, bayılma olan zaman dərhal isti yerdən uzaqlaşmaq lazımdır, yaxud günvurma halı ilə üzləşən şəxs isti yerdən uzaqlaşdırılmalıdır daha sərin yerə. İlkin yardım olaraq onun alnına və ayaqlarına sərin su ilə isladılmış dəsmal qoymaq lazımdır. Bu yardım göstərildikdən sonra hökmən həkim çağırılmalı və tibbi yardım göstərilməlidir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »