Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədalət naminə zəmanət
Dörd tanınmış qələm sahibinin Prezidentə müraciəti haqda yazmaq istədiklərim

Bahəddin Həziyev

Hələ az da olsa, aram-aram da olsa, nəfəs alan mediamızın patriarxları – mənim dostlarım Qulu Məhərrəmli, Arif Əliyev, Elçin Şıxlı və İbrahim Nəbioğlu Prezident İlham Əliyevə müraciət ediblər. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi zaminə götürmək istəyirlər. Mən də Qulu müəllimə yazdım: “Həbsxananı Mehmanxanaya çevirmələrinə imkan verməyək”.

Əlbəttə ki, hər nə qədər təsirli müraciət yazılsa da, belə nüfuzlu qələm sahibləri Mehman Əliyevin istintaqın gedişinə mane olmayacağına zəmanət versələr də, zəmanətə xəyanət olmayacağına inansalar da və inandırmağa çalışsalar da, qərar dövlət başçısınındır; belə bir qərarın verilib-verilməyəcəyini bəri başdan demək çətindir. Ancaq bu təşəbbüsün özü yetərincə cəsarətli və məsuliyyətli addımdır; tanınmış jurnalistin həbsindən nənki hər hansı siyasi və ya şəxsi dividend əldə etməyə hesablanıb, əksinə onun azadlığa buraxılması naminə bu şəxslərin hər biri fərdi məsuliyyət götürüb. Doğrusunu deyim ki, mən də bu sənədin altına öz imzamı qoyuram. Ən azı mənəvi baxımdan. Məzmunundan xəbərim olmasa da, müraciətin hazırlandığı haqda xəbərim vardı və lazım bilinsə, imzalamağa hazır olduğumu da bildirmişdim. Ancaq bu müraciətin Mehman Əliyevi zaminə götürməklə bağlı olduğunu oxuyanda mənim üçün maraqlı və bu şəraitdə mümkün olduğu qədər sevindirici xəbər oldu. Çünki qələm yoldaşları Mehmanı sözlə, şüarla, pafosla deyil, konkret əməldə müdafiə etmək yolunu seçiblər. Həm də ölkə rəhbərliyinin özünə və bir sıra hallarda özünün atdığı addımlara apelyasiya edərək yazıblar: “Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız”.

Əlbəttə, bu müraciətin özünə də, xüsusilə, siyasi müxalifətdən tənqidi yanaşanlar olacaq və Mehman Əliyevin həbs qərarının ən yüksək səviyyədə verildiyini, buna görə də müraciətin effektsiz olacağını deyəcəklər. Müxtəlif fikirlər söylənəcək, yazılacaq. Ancaq Mehman Əliyevin müdafiəsi, daha doğrusu, həbsdən çıxarılması üçün bütün mümkün qanuni və məntiqli addımlar atılmalıdır və dörd dostumun bu zəmanət xarakterli müraciəti o addımlardan biridir.

İrəli sürülən ittihamlar iqtisadi xarakterlidir. Bununla bağlı demək istərdim ki, adətən belə hallarda həbslə bağlı olmayan qəti-imkan tədbirləri seçilməsi daha məntiqlidir. İstintaqın əlində olan məlumatlardan və materiallardan, sənədlərdən xəbərsiz ola bilərik. Bu, təbiidir. Ancaq yaxşı xəbərdarıq ki, həbs olunan insan ictimai çəkisi olan bir iş adamıdır. Ümumiyyətlə, ictimai statusu olmasa da belə, iş adamına azadlıqda qalıb işləmək və əgər səhv buraxıbsa, onu düzəltməyə imkan verilməsi lazımdır. Biz çox qanunları Rusiyadan götürüb tərcümə və qəbul edirik. Həmin Rusiyada, məsələn, qanunsuz sahibkarlıq üstündə adam tutmurlar. Medvedyevin formal da olsa prezidentliyi zamanı etdiyi dəyişikliklərdən biri iqtisadi cinayətlərlə bağlı ittihamlara görə həbsi aradan qaldərması idi. İş adamı həbs olunursa, onun başında durduğu iş çox hallarda dayanır. Bu halda da belə oldu. Mehman Əliyev hətta əgər dövlətə zərər vurubsa da ona işləyib bu zərəri ödəmək imkanı yaratmaq daha məqsədəuyğundur, nəinki onu həbsxanaya atıb orda saxlanmasına dövlət vəsaiti xərcləmək və üstəlik dövləti böyük qınaqlar və təzyiqlər qarşısında qoymaq…

Təbii ki, məsələyə başqa prizmadan – siyasi mülahizələrdən yanaşılacaqsa, o artıq tamam ayrı söhbətin mövzusudur.

Son xəbərlər
Bütün xəbərlər »