Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qız qaçırmaq adətinin qaranlıq tərəfləri: Hətta ərli qadınları da qaçırırlar

Şimali Qafqaz adətlərə, ənənələrə sadiqliyi ilə ad çıxarıb. Bu bir çox hallarda bütün sərhədləri aşır, insan azadlıqlarını tam məhdudlaşdırır, haqlara hörmətsizlik nümayiş etdirir.

“İnsan haqları təşəbbüsü” layihəsinin məlumatına görə, 2013-2017-ci illərdə Şimali Qafqazda namus üstündə 39 qadın öldürülüb. Beynəlxalq hüquq təşkilatları nəticələri hələ də müzakirə edir. Bölgə sakinləri belə cinayətlərin onların adət-ənənələrinin bir hissəsi olduğunu deyir.

Bizimyol.info xəbər verir ki, rus jurnalist Lidiya Mixalçenko Şimali Qafqaz feminist qadınlarından biri ilə söhbət edib. O, evdə şiddətlə üzləşən qadınlarla apardığı işdən danışıb.

Müsahib deyir ki, Çeçenistanda və İnquşetiyada qadınlara cəmiyyətdə çox az şeyə icazə verilir: “Qadınlar az hallarda idman zallarında görünür. Mən bir tədqiqat oxumuşdum ki, bu məsələlərə görə İnquşetiyada qadınların sağlamlığında çoxlu problemlər yaranıb. Çox az sayda qadın idmanla məşğuldur: ata əleyhinədir, qardaş əleyhinədir, ər əleyhinədir... Mənə elə gəlir ki, onlar nəzarət haqqını itirməkdən qorxurlar. Qorxurlar ki, qadının öz səsi, resursu olacaq. Qadın güclənəcək”.

İnquşetiyada bütün qadınlar kölə deyil. Məsələn, kikboksinq üzrə 8 qat dünya çempionu Fatimə Bokova kimi. Onun İnquşetiyada idmançı kişilər qədər avtoriteti var. Bütün bölgəni lazımınca təmsil edirsənsə, səninlə hesablaşırlar.

Tanınmış alpinist Leyla Alboqaçiyeva iki dəfə Everestə çıxmışdı. Öləndə yerliləri deyirdi ki, özü günahkardır, kişi işi ilə məşğul olmaq lazım deyildi.

Adi məktəblərdə də belədir. Qız olimpiada qalibi olur, ümumrusiya yarışına getməlidir, qohumları icazə vermir. Valideynləri qızlarının uğur qazanmasında maraqlı deyil. Hətta müəllimlər dilə tutsalar belə.

2013-cü ildən sonra dünyada qız qaçırmaq halları azalıb. Amma İnquşetiyada hələ də bu adəti davam etdirirlər. Feminist qadın danışır ki, bir müddət əvvəl tanıdığı qızı qaçırıb bakirəliyini pozmuşdular. Ailəsi geri qəbul etmədi. Sonra toy çaldırdılar.

İnquşetiyada hətta ərli qadınları da qaçırırlar. Bir növ bilərəkdən yox, sərxoş və ya narkotik maddələrin təsiri altında. Sonra məsələ aydın olur. Küçədə gözəl qadın görən kimi qaçırmaq fikri ortaya çıxır. Qadınlar üçün bu dərəcədə təhlükəlidir.

Müsahib deyir ki, bu adət yalnız bir epizodda xeyrə işləyir: gənclər bir-birini sevir, amma valideynlər razı deyil. Müşahidə isə göstərir ki, ənənənin ümumiyyətlə aradan qaldırılması lazımdır. Çünki bütün sərhədləri aşırlar. Evli kişilər hətta ikinci arvad əldə etmək üçün qız qaçırırlar.

İnquşetiyada eyni adamın bir qızı üç dəfə qaçırması halı da olub. Hər dəfə qohumlar geri qaytarırmış. Sonu ölümlə bitib, dörd nəfər həyatını itirib.

Qadınların hüquqları başqa istiqamətlərdə də məhdudlaşdırılır. Məcburi hicab geyindirirlər. Hətta erkən yaşlardan qızları örtünməyə alışdırırlar.

Feminist qadın deyir ki, son illər etiraz edənlərin sayı artıb. Hətta gözlənilməz sosial qatlardan qadın hüquqlarının ciddi pozulması ilə razılaşmayan adamlar çıxır. Baxırsan ki, evdar qadındır, amma söhbətləşəndə feminist ideyaların tərəfdarı olduğu müəyyənləşir.

Kütləvi informasiya vasitələri, televiziyalar tamamilə kişilərin tərəfindədir. Yeganə açıq fikir söyləniləcək yer sosial şəbəkələrdir. Qadınların dəstəyə və müdafiə resurslarına ehtiyacı var.

Yaxşı tendensiyalardan biri də qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətdir. Düzdür, orada çalışanlar da kişilərdir. Hər halda, tendensiya ümumi müqavimət prosesindən xəbər verir. Müsahib deyir ki, bir müddət əvvəl bir oğlan bacısının qaçırılması ilə bağlı polisə üz tutmuşdu. Əlbəttə, cəmiyyət yenə bunu bəyənmədi. Dedilər ki, zəif kişidir.

Son xəbərlər
Bütün xəbərlər »