Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-nin sonuncu vətəndaşı - "Səni kosmosdan qaytarmağa maliyyə vəsaiti yoxdur"

1991-ci il dekabrın 26-da SSRİ rəsmən fəaliyyətini dayandırdı. 69 illik imperiya dağıldı. SSRİ vətəndaşları daha başqa dövlətin pasportunu daşıyacaqdılar. Bir nəfərdən başqa...

Bizimyol.info bu maraqlı əhvalatı oxuculara təqdim edir:

Sergey Krikalyev 1991-ci il mayın 18-də kosmosa yola düşəndə hələ SSRİ dağılmamışdı. Leninqradlı cavan oğlan Yer kürəsinin hüdudlarını ikinci dəfə tərk edirdi. Bortda ondan başqa Anatoli Artsebarski və ingilis qadın kosmonavt Helen Şarman vardı. Helen bir həftə sonra evə qayıdacaqdı. Sergeyi isə o dövr üçün tarixin ən uzun səfəri gözləyirdi...

Krikalyev kosmosa beş aylıq yollanmışdı. Dörd ay sonra vətəndən həyəcanlı xəbərlər gəlməyə başladı. SSRİ dağılır, Boris Yeltsin çevriliş hazırlayır. Onu ölkəyə qaytarmağa imkan qalmayıb. Böyük imperiya maddi baxımdan çöküb. Stansiyanı Yerə qaytarmaq üçün maliyyə vəsaiti yoxdur. “Mir” stansiyası Yer ətrafında dövrə vurmağa davam edirdi.

Sergey dözməyə məcbur idi. Səhhəti korlanmışdı. Onu daha artığına hazırlamamışdılar. Cəsur kosmonavtı ciddi təhlükələr gözləyirdi: kosmik radiasiya, xərçəng yaranması ehtimalı, immunitetin kəskin aşağı düşməsi. Əlbəttə, Krikalyev canını qurtara bilərdi. Stansiyada xilasedici kapsul var. Amma bu həm də stansiyanın məhvi deməkdir. Sergey postu tərk etməmək qərarına gəldi.

Rusiyada hiperinflyasiya başlamışdı. Hökumət hər şeyi satırdı, o cümlədən, stansiyadakı yerləri də. Yaponiya yerlərdən birini 12 milyon dollara aldı. Avstriya daha az xərcə düşdü – 7 milyon dollar. Stansiyanı da satmaq istəyirdilər. Sergeydən başqa hamı evə qayıtmışdı.

Yalnız 1992-ci il martın 25-də Sergeyin yerinə adam tapıldı. Rusiya onun yerini Almaniyaya 24 milyon dollara satdı. Onu cəmi 600 rubl məvacibi gözləyirdi. Buna onda yalnız kolbasa almaq mümkün idi...

Krikalyev tarix yazdı. “Mir” stansiyasını uzun müddət ayaqda saxladı. 311 sutka 20 saat 34 saniyə uçuşda keçirdi. Qazaxıstanda Arkalıka adlanan yerə eniş edəndə qolunda hələ də SSRİ-nin gerbi vardı...

Sergey sonradan Rusiyanın milli qəhrəmanı adını alacaqdı. NASA kosmik gəmisində uçan ilk rus kosmonavt olacaqdı. Beynəlxalq Kosmik Stansiyaya gedən ilk adam kimi tanınacaqdı. Amma həm də SSRİ-nin son vətəndaşı kimi tarixdə qalacaq...

Krikalyev 2005-ci ildən sonra heç vaxt kosmonavt skafandrını əyninə geyinməyib. İndi daha təhlükəsiz işlərlə məşğuldur. Rusiyada ona çox hörmət edirlər. Dövlət başçısı Vladimir Putinin güvəndiyi adamlardan sayılır.

Son xəbərlər
Bütün xəbərlər »